AZ

Ermənistan Avropaya nə qədər lazımdır? - İLGİNC REALLIQ

Ermənistan cəmiyyəti sual qarşısında qalıb. Sualsa budur: Ermənistan Avropaya nə qədər lazımdır?

Çünki, Ermənistanın gələcəyi bu sualın cavabından asılıdır. Baxmayaraq ki, Ermənistan Avropaya var gücü ilə can atır. Lakin, Ermənistanın istəyi çox az şeyi həll edir. Əsas məsələ Avropa İttifaqının nə istəyidir.

Görünüənsə odur ki, Ermənistanın istəkləri Aİ-nin maraqları ilə heç də üst-üstə düşmür. Ona görə də Aİ Ermənistana ancaq ümid verir. Avropalıların bu hiyləgərliyini təbii ki, Ermənistanda anlayanlar da az deyil. Məsələn, erməni politoloq Vahe Hovhannisyan “Sputnik Ermənistan”a şərhində deyir ki, Ermənistan və onun cəmiyyəti ölkədə Aİ-nin monitorinq missiyasının artmasına sevinməməlidir:

“Çünki, bu ölkənin təhlükəsizliyinə töhfə verə bilməyəcək. Avropa rəsmiləri bildirirlər ki, missiyanın genişləndirilməsi Ermənistan-Azərbaycan sərhədində sabitliyin artırılmasına xidmət edir.  Azərbaycanı Ermənistana qarşı təcavüzdən Aİ-nin monitorinq missiyası deyil, tamamilə fərqli amillər saxlayır. Əgər Bakının qarşısında eskalasiya və irimiqyaslı hərbi əməliyyatlara başlamaq vəzifəsi olsaydı, o zaman bir neçə yüz nəfərdən ibarət Avropa missiyası heç bir ciddi maneəyə çevrilməzdi”.

Hovhannisyan Ermənistan rəhbərliyinin, xüsusən də xarici işlər naziri Ararat Mirzoyanın son çıxışlarından birində ifadə etdiyi yanaşmanı “primitiv və sadəlövh” adlandırıb.

Erməni politoloq haqlı olaraq qeyd edir ki, Ermənistan Avropanının istədiyi qədər ona yaxın ola bilər:

“Bu məsələdə bəzi ölkələrin acınacaqlı təcrübəsi var. Ən parlaq nümunə isə Ukraynadır. Əfqanıstan təcrübəsi də var. Yada salaq ki, amerikalılar demək olar ki, bir gündə Əfqanıstanı tərk etmək qərarına gəldilər. Və amerikalılara sona qədər inananları ölümə məhkum etdilər. Başqa bir nümunə isə Gürcüstandır.  Avropa və ABŞ-ın ən yaxşı dostu Mixail Saakaşvilinin bu gün harada olduğunu da xatırlamaq lazımdır - o, Gürcüstan həbsxanasındadır”.

Ermənistan-Azərbaycan gündəminə qayıdan Hovhannisyan vurğulayıb ki, Bakının strateji planları var və son onilliklərin təcrübəsi göstərir ki, Azərbaycan uzunmüddətli hədəflər qoymağı və həyata keçirməyi kifayət qədər yaxşı öyrənib.

Erməni politoloq xatırladıb ki, acı təcrübə yaşayan bütün ölkələr Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, üçüncü qüvvələri regional məsələlərə cəlb etməyin:

“Lakin rəmi İrəvan inadla iki antaqonist, bir-birini inkar edən vektor üzərində işləyir. Bundan sonra belə bir ölkənin rəhbərliyinə ciddi yanaşmaq olmaz. Ermənistan hakimiyyətinin ən böyük və bağışlanmaz səhvi ölkəni Rusiya ilə Qərb arasında toqquşmanın episentrlərindən birinə çevirmələridir. Ermənistan ölkə rəhbərliyinin savadsız və məsuliyyətsiz siyasəti sayəsində Qərbin əlində geosiyasi alətə çevrilir”.

Göründüyü kimi Ermənistanda bəzi adamlar reallıqları düzgün qiymətləndirə bilir. Bəs, Paşinyan bu reallıqları nə zaman dərk edəcək?

Bax, o zaman Cənubi Qafqaza sülh, Ermənistana isə inkişaf və sabitlik gələcək.

Sübhan Cəfərli, News365.az

Seçilən
614
28
news365.az

10Mənbələr