AZ

Ermənistan konstitusiyasından Qarabağ bəndini niyə çıxarmamaqda israrlıdır? – Azərbaycan və Ermənistan tərəfi danışır

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıyan açıq bəyanatlarla çıxış etsə də, Ermənistan konstitusiyasından Qarabağ bəndinin çıxarılması üçün heç bir iş görmür. Bəs Paşinyan burada hansı məqsədi güdür? Nə üçün dəyişikliyə getmir?
Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov vurğulayıb ki, bu qərar Azərbaycanın deyil, Ermənistanın problemidir:

“Bu vaxtilə SSRİ dövründə Ermənistanın Qarabağla birləşməyilə bağlı alınan qərarıdır. 1989 – cu ildə müstəqillik bəyannaməsi qəbul edildikdən sonra da bu qərara istinad edilir. Daha sonra isə Ermənistan Konstitusiyası qəbul edildikdən sonra bildirilir ki, bu müstəqillik bəyannaməsinin davamıdır. Belə olduğu halda SSRİ dövründə qəbul edilmiş qərarı Ermənistan ləğv edə bilməz. Ermənistan Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığı halda düşünmürəm ki, bu böyük bir önəm kəsb etsin. Bu qərar Ermənistanın problemi olacaq, bizim deyil. Azərbaycan öz ərazi bütövlüyünü bir kağız parçası ilə təmin etmir. Bunu bizim ordumuz təmin edir”.
Erməni siyasi fəal İşxan Verdiyan isə saytımıza açıqlamasında, bu qərarın Ermənistan qanunvericilik sistemində olan saatlı bomba adlandırıb.  

“Mən Ermənistan Respublikasının Konstitusiyasını müəyyən səviyyədə bilən biri olaraq deyə bilərəm ki, bu sənəddə Qarabağ haqqında heç bir söz yoxdur. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları Müstəqillik Bəyannaməsində qeyd olunub və bu da öz növbəsində Konstitusiyanın əsasını təşkil edib. Baş nazir Paşinyan Konstitusiyaya dəyişiklik etmək üçün lazımi səlahiyyətə malikdir, lakin qanunlarda onun Müstəqillik Bəyannaməsinin mətninə dəyişiklik təşəbbüsü ilə çıxış edə biləcəyi prosedur göstərilmir. Beləliklə, konstitusiyaya edilən hanısa dəyişiklik onun istinad etdiyi sənədin məzmununu dəyişə bilməz. Müstəqillik Bəyannaməsi konstitusiyadan və bütün digər qanunlardan üstündür və bu baxımdan, o,toxunulmazdır.
Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsi, Ermənistan SSR-də siyasi vəziyyətə o zaman nəzarət edən və bir ildən sonra müstəqil Ermənistanda rəsmi hakimiyyəti ələ alan “Qarabağ Komitəsi”nin təşəbbüsü ilə qəbul edildi. Bəyannamədə qonşu ölkələrin ərazilərinə toxunan bədnam sətirlərin müəllifi də məhz bu komitə olub. Beləliklə, ölkənin qanunvericilik sisteminə bir növ bomba qoyuldu ki, bunu qanuni olaraq zərərsizləşdirmək demək olar ki, mümkün deyil. Yəni biz sırf Konstitusiyaya əməl etsək, o zaman Ermənistanın qonşularına qarşı ərazi iddiası ola bilməz. Bu bəyannamə isə yenidən yazıla bilməz. Bu vəziyyətdə gördüyüm yeganə çıxış yolu mövcud Konstitusiyanın ləğvi və fərqli prinsiplərə istinad edəcək yeni Konstitusiyanın qəbul edilməsidir. Ola bilsin ki, baş nazir Paşinyan nə vaxtsa belə bir qərar verəcək, lakin o, çətin ki, indi bunu etsin, ölkəni yeni bir stressə məruz qoymaq istəməz”.
Əkbər Novruz

Seçilən
524
50
ednews.net

10Mənbələr