AZ

"Putin açıq şəkildə Qərbdən çəkindiyini göstərir"

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Vaşinqton Moskva ilə hesablaşmalı və ümumi dil axtarmalı olacaq.

Eyni zamanda, Putin Rusiyanın NATO ölkələrinə qarşı nə heç bir ərazi iddiası, nə də döyüşməkdə marağının olmadığını deyib.

Putinin bu açıqlmaları ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, bu gün pərdəarxasında dövlətlər arasında münasibətlər var və davam edir.

Onun sözlərinə görə, müharibə edən dövlətlər arasında belə, arxa planda münasibətlər mövcuddur:

"Görünən şəkil odur ki, yəni guya bir-birlərinə düşmən münasibətindədirlər, gərginlik var və belə bir şəkil yaratmağa çalışırlar. Putinin çıxışına gəldikdə isə, “ABŞ Rusiya ilə hesablaşmalıdır” deyəndə, əslində publikaya verilən açıqlamadır. Əslində publikanı sakitləşdirmək üçündür. Çünki bilir ki, Rusiyaya qarşı ən çox sanksiyaları ABŞ tətbiq edib və bu sanksiyalardan Rusiya əhalisi ciddi ziyan çəkir. Yəni bu gün Rusiyada ərzağın qiyməti 4-5 dəfə qalxıb. Rusiya iqtisadiyyatına ən azı 3-4 dəfə ciddi ziyan dəyib. Bu da təbii ki, ölkə iqtisadiyyatını çökdürmək və Rusiyanı zəiflətməkdir. Bunun da hökumətə ciddi təsirləri olduğunu biz də bilirik, özləri də bilirlər. Ona görə də hesab edirəm ki, verilən açıqlama publikaya verilən açıqlamadır. Amma faktiki olaraq Rusiyanın ABŞ-yə hansısa ciddi təsir imkanları yoxdur və heç ABŞ da görünür ki, hər nə qədər Putin bu sözü açıqlasa da, Rusiya ilə hesablaşmaq niyyətində deyil. Düzdür Rusiyanın kifayət qədər gücü var. Hələ ki, ondan da istifadə edir".

Politoloqun fikrincə, amma bu reallıqdır ki, ABŞ bu günə qədər Rusiya ilə çox da hesablaşmayıb.

"Yəni çox da ciddi olmayıb. Qaldı ki, NATO ilə döyüşmək niyyəti yoxdur ifadəsi, əslində bu məlum məsələdir ki, NATO ABŞ-nin çətiri altındadır. Yəni hesablaşmalı olduğunu dediyi bu dövlətin çətiri altında olan bir qurumla döyüşmək istəmir, əslində Putinin fikirlərində ziddiyyətlər var. Özü özünü inkar edir. Aydın məsələdir ki, ABŞ NATO-nu hara yönəltsə, ora yönələcək. Bu İraq müharibəsində, Əfqanıstan müharibəsində, Suriyada da olub. Hamısında belə olub. Ona görə məncə, Putin hər nə qədər öz publikasını, öz ictimaiyyətini sakinləşdirməyə doğru açıqlama versə də, amma açıq şəkildə Qərbdən çəkindiyini göstərir", - deyə S.Hümbətov qeyd etdi.

Həmidə İBRAHİMLİ

Seçilən
405
50
redaktor.az

10Mənbələr