AZ

MY inanılmaz geridönüş etdi

Çərşənbə axşamı premyer-liqada 19-cu turun ilk 5 oyunu keçirildi.

Ortada premyer-liqa adı varsa, deməli, özünüzü maraqlı hesablara, inanılmaz geridönüşlərə və oyun süjetinə hazırlamaq lazımdı. Srağagün bu mənada “Mançester Yunayted” – “Aston Villa” oyunu seçildi. Amma bu, günün son oyunu idi.

"Football-plus.az" xəbər verir ki, çoxlarının proqnozlarının əksinə, “Liverpul” “Bernli”ni darmadağın edə bilmədi. Hətta qonaqların bəxtinin gətirdiyini də deyə bilərik. Oyunda cəmi iki qol vuruldu. Artıq 6-cı dəqiqədə Nunyes hesabı açdı, 90-cı dəqiqədə isə Jota “qırmızılar”ın qələbəsini möhkəmləndirdi. Düzünə qalsa, mersisaydlılar oyunu ilə azarkeşlərini məyus etdi. İlk növbədə qol vəziyyətlərini gerçəkləşdirə bilməmək baxımından. Aydındı ki, meydan sahiblərinin qapıçısı möhtəşəm oynadı, ancaq qonaqlar da çoxlu qol imkanını boşa verdi. Hətta favoritin sonda, yəni ikinci dəfə fərqlənənə qədər qol buraxması da mümkün idi. Bu isə “Liverpul” üçün əsl fiasko olacaqdı. Oyunun yekunu kimi onu deyə bilərik ki, “qırmızılar”, sadəcə, səviyyə fərqi hesabına qələbə qazandı. Daha dəqiqi, rəqib çox zəif idi. Növbəti turda, “Enfild”də “Nyukasl”la keçiriləcək oyunda “Liverpul” özünü bu qədər rahat hiss edə bilməyəcək. Ayrı-ayrı oyunçulara gəlincə, Kloppun komandasında Aleksander-Arnold çox yaxşı təsir bağışladı, Salah və Jota da seçilirdi. Qalanlarını tərifləməyə dəyməz. Rəqibdən isə qapıçı Trefford fədakarlıq göstərdi, qalanı sanki meydanda yox idi. Mersisaydlılar belə oynamağa davam etsə, çempion titiulunu unutmaq lazımdı. Əlbəttə, komanda yorulub, sıx qrafik üzrə oynayır, ancaq burda premyer-liqadı, həmişə səviyyəni göstərmək lazımdı.
Bir qədər əvvəl “Nyukasl”ın “Liverpul”a çətinlik yarada biləcəyini vurğuladıq, əslində bu dəlil özü də mübahisəlidi. Zədəlilərin çoxluğundan əziyyət çəkən “sağsağanlar” hesabat turunda evdə “Nottingem Forest”ə uduzdu. “Meşəçilər” Nunu Espiritu Santunun rəhbərliyi altında ilk qələbəsini qazandı. Vud sabiq komandası ilə oyunda het-trik etdi. Hesabı isə məhz “Nyukasl” açdı. Özünə qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirən İsak komandasının ardıcıl 10-cu ev oyununda hesabı açmasına səbəbkar oldu. 1:0 hesabı ilk yarının 1-ci uzatma dəqiqəsinə qədər yaşadı. Elanqanın ötürməsindən sonra Vud cari mövsümdə 5-ci qolunu vurdu. İsveçli vinger fasilədən sonra da boş dayanmadı, Vudun 53-cü dəqiqədə 2-ci dəfə fərqlənməsinə şərait yaratdı. Vud 60-cı dəqiqədə 3-cü qolu vurandan sonra “Nyukasl”ın geridönüş etməyə nə gücü var idi, nə də həvəsi. Bütün turnirlərdə keçirdiyi son 7 oyunun altısında uduzan “sağsağanlar”ın bundan sonra hansı hədəfə çatmağa çalışacağı maraq doğurur.

“Bornmut” premyer-liqada çıxış tarixində ilk dəfə “Boksinq dey”də qələbə qazandı. “Albalılar” cəzalı baş məşqçi Andoni İraolanın tribunadan izlədiyi oyunda ilk yarının sonunda Klyuvertlə hesabı açdı. 62-ci dəqiqədə “Fulhem”in vəziyyəti bir qədər də çətinləşdi. Palyinya Semenyoya qarşı kobud oynadığından hakim “nöqtə”ni göstərdi. Topun arxasına keçən Solanke cari mövsümdəki 13-cü qolunu vurdu. Olduqca zəif təsir bağışlayan “bağbanlar”ı 4-cü uzatma dəqiqəsində Sinisterra da cəzalandırdı. 15-16-cı turlarda ardıcıl iki dəfə 5:0 hesablı qələbə qazanan “Fulhem”in sonrakı üç oyunun hər birində qol vurmadan məğlubiyyətlə barışması ən azı təəccüb doğurur. “Bornmut” isə son 7 turda mümkün 21 xaldan 19-nu qazanıb ki, premyer-liqanın heç bir başqa komandası belə nəticə ilə öyünə bilməz.

Dekabr hansısa oyuna “6 xallıq” damğası vurmaq baxımından tezdi. Hər halda, “Luton” zirzəmidəki komandaları yaxından maraqlandıran oyunda “Şeffild Yunayted”i məğlub edə bildi. Əslində şeffildilər 77-ci dəqiqəyə qədər 2:1 öndə idi. Sadəcə, əvvəlcə Robinson, cəmi 5 dəqiqə sonra Sliman qapıların yerini səhv saldı. “Luton” ardıcıl üç səfər məğlubiyyətindən sonra, nəhayət, qələbəyə sevindi.

Belə görünür ki, Ceyms Retkliff MY-yə pulla yanaşı, uğur mələyini və komanda ruhunu da gətirib. Ten Haqın rəhbərlik etdiyi komanda son vaxlar məhz bu baxımdan “axsayır”. “Aston Villa” ilə oyunun ilk 20 dəqiqəsi bərabər mübarizə şəraitində keçsə də, hissənin ortalarında birmingemlilər meydan sahiblərini dizə oturtdu. Onlar standart vəziyyətlərdən ardıcıl iki qol vurdu. Düşünmək olardı ki, MY növbəti fiaskonu yaşayacaq, Ten Haq isə oyundan dərhal sonra Niderlanda yollana bilər. Ancaq hissənin sonunda “Yunayted” canlandı, bir neçə təhlükəli vəziyyət yaratdı və hətta qol da vurmalıydı. 2-ci hissə başlayandan sonra da mançesterlilərin təzyiqi azalmadı. “Aston Villa”nın hədsiz süst oyunu fonunda meydan sahibləri get-gedə rəqib qapısı önündə gərginliyi artırırdı. Qarnaço 59-cu dəqiqədə Martinesin qapısına yol tapana qədər belə davam etdi. Oyunun axarını dəyişməyi bacaran MY 71-ci dəqiqədə növbəti qola sevindi. Hesabın bərabərləşməsi də Emerinin komandasını ayıltmadı. Sona yaxın Heylunn mançesterlilərin heyətində ilk qolunu vurdu. Təbii ki, belə inanılmaz geridönüşdən sonra hər kəs MY-nin yenidən mükafatçı yerlər uğrunda mübarizəyə qoşulacağını düşünür.

19-cu tur
Mançester Yunayted – Aston Villa 3:2
Qarnaço, 59; 71. Heylunn, 82 – Makqinn, 21. Dendonker, 26.
MY: Onana, Dalot, Evans, Varan, Van-Bissaka, Maynu (Maktominey, 80), Eriksen (Qor, 90+4), Qarnaço (Mejbri, 90+4), Fernandeş, Reşford (Antoni, 80), Heylunn (Kamvala, 88).
Aston Villa: Martines, Din (Moreno, 50), Lanqle, Karlos, Konsa, Beyli (Zanyolo, 77), Makqinn (Duran, 86), Luis, Remzi (Diabi, 77), Dendonker (Ayroqbunam, 86), Uotkins.
Bernli – Liverpul 0:2
Nunyes, 6. Jota, 90.
Liverpul: Alisson, Qomes, Van Diyk, Kuansa, Aleksander-Arnold, Elliott (Dias, 67), Endo, Qravenberx (Cons, 67), Nunyes (Jota, 84), Qakpo (Soboslai, 67), Salah.
Nyukasl – Nottingem Forest 1:3
İsak, 23-p. – Vud, 45+1; 53; 60.
Bornmut – Fulhem 3:0
Klyuvert, 44. Solanke, 62-p. Sinisterra, 90+4.
Şeffild Yunayted – Luton 2:3
Makberni, 61. Ahmedhociç, 69 – Dauti, 17. Robinson, 77-öz qapısına. Sliman, 82-öz qapısına.
Turun daha üç oyunu (Brentford – Vulverhempton, Çelsi – Kristal Pelas,
Everton – Mançester Siti) dünən axşam keçirilib. “Brayton” – “Tottenhem”, “Arsenal” – “Vest Hem” oyunları bu gün keçiriləcək.
1. Liverpul 19 12 6 1 39-16 42
2. Arsenal 18 12 4 2 36-16 40
3. Aston Villa 19 12 3 4 40-25 39
4. Tottenhem 18 11 3 4 37-24 36
5. Mançester S. 17 10 4 3 40-20 34
6. Mançester Y. 19 10 1 8 21-25 31
7. Vest Hem 18 9 3 6 31-30 30
8. Nyukasl 19 9 2 8 37-25 29
9. Brayton 18 7 6 5 34-31 27
10. Bornmut 18 7 4 7 27-32 25
11. Çelsi 18 6 4 8 29-28 22
12. Vulverhempton 18 6 4 8 23-30 22
13. Fulhem 19 6 3 10 26-34 21
14. Brentford 17 5 4 8 24-24 19
15. Kristal Pelas 18 4 6 8 18-26 18
16. Nottingem F. 19 4 5 10 22-34 17
17. Everton (-10) 18 8 2 8 23-22 16
18. Luton 18 4 3 11 21-34 15
19. Bernli 19 3 2 14 18-38 11
20. Şeffild Y. 19 2 3 14 15-47 9
Bombardirlər: Holann (MS) – 14, Solanke (Bornmut) - 13, Salah (Liverpul) - 12, Son Hın Min (Tottenhem), Bouen (Vest Hem) – 11.

Faktlar
* MY premyer-liqada superəzmkar qələbələrin sayına görə rekordu yenilədi. Mankunianlar bu liqada 14-cü dəfə oyunun gedişində ən azı iki top geri düşdükləri halda meydandan qələbə ilə ayrılmağı bacardılar. MY-nin bu göstəricidəki ən yaxın izləyicisinin cəmi 9 belə qələbəsi var.
* Qarnaço “Boksinq dey”də ən gənc dubl müəllifi oldu. MY-nin vingeri bunu 19 yaş 178 günlüyündə bacardı. Argentinalı 1999-cu ildə “Liverpul”un heyətində “Nyukasl”ın (2:2) qapısına yol taparkən 20 yaş 12 günlük olan Maykl Ouenin göstəricisini yenilədi. Xatırladaq ki, “Boksinq dey” (ingiliscədə “Boxing Day” “hədiyyə günü” anlamına gəlir) İngiltərə çempionatının çoxdankı ənənəsidi. Bu anlayış altında katoliklərin böyük təntənə ilə qeyd etdiyi Milad bayramından sonrakı gün, yəni dekabrın 26-da keçirilən oyunlar nəzərdə tutulur.
* Yürgen Klopp “Boksinq dey”də keçirilən bütün oyunlarda qələbə qazanıb. “Qırmızılar” almaniyalı mütəxəssisin rəhbərliyi altında həmin gün 6 oyun keçirib, bu oyunlarda top fərqi 19:1 olub. Bu isə “Boksinq dey”də yüzfaizlik göstəriciyə malik olan məşqçilər arasında ən yüksək nəticədi. Maurisio Poçettino 5 oyunun hamısında qələbə qazanıb.

Oyundan sonra
Erik ten Haq, MY-nin baş məşqçisi: “İlk yarı ilə müqayisədə ikincidə atmosfer güclü şəkildə dəyişdi. Ancaq ilk yarıya da baxsaz, görərsiz ki, iki standat vəziyyət üzündən geri düşmüşdük, həmin anlarda köklənmə lazımi səviyyədə deyildi. Düşünürəm ki, ilk yarıda da yetərincə yaxşı oynadıq. Fasilədə futbolçulara dedim ki, gördüyümüz işə inanmaq lazımdı, rəqibə təzyiqi artırmalıydıq. Oyundan əvvəl isə demişdim ki, “Arsenal” və “Liverpul” ilə bərabər səviyyədə oynamışıq, bu üzdən tam gücümüzü qoysaq, istənilən rəqibi məğlub edə bilərik. İnanın, hətta hesabda 0:2 geri düşməyin də heç bir əhəmiyyəti yoxdu. Komanda şəklində çox yaxşı çıxış etdik”.
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Qeyri-adi oyun keçirsək də, hesab cəmi 1:0 idi ki, bu da qəribədi. Futbolda belə hallar olur. Oyunun ən çətin anında Jota əla qol vurdu. Matçın oyunçusu adına digər namizəd Endo ola bilər. Son 10 gündə 4 oyun keçirmişik – çox çətindi. İndi isə növbəti oyuna qədər bir qədər vaxtımız var. Futbolçular növbəti iki günü ailələri ilə keçirəcək”.

Seçilən
306
50
football-plus.az

10Mənbələr