AZ

"Çalışdıq ki, öz oyunumuzu diqtə edərək qalib gələk"

Misli premyer-liqasının 19-cu turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib - 2:1.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra gəncəlilərin çalışdırıcısı Adil Şükürovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Bütün azarkeşlərimizə təşəkkür edirəm. Uzaq yol gəlib bizə dəstək oldular. Futbolçularıma minnətdaram. Bu gün çətin hava şəraitində meydanda canlarını qoydular. Ağır oyun olacağını gözləyirdik. "Turan Tovuz"un yoldaşlıq oyunlarını izləmişdik. Çalışdıq ki, öz oyunumuzu diqtə edərək qalib gələk".

- "Kəpəz"in "Qarabağ"la matçdan sonra ev oyunlarını Bakıda - Mərdəkanda keçirəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudu?
- Bu barədə biz də mətbuatda oxumuşuq. Klub daxilində heç bir iclaslarımızda belə söhbət olmayıb. Biz Gəncəyə yaxın bir yerdə oynamaq istəyirik ki, azərkeşlərimiz gəlib oyunlarımızı izləyə bilsinlər.
- Mate Kvirkviya əvəzlənəndə narazı görünürdü. Bu, nə ilə bağlı idi?
- Hər futbolçu istəyir ki, 90 dəqiqə oynasın. Matenin narazılığı daha çox oynamaq istəyi ilə bağlı idi. Ona izah etdim ki, hər əvəzetmənin səbəbi var. Qarşıdakı matçlarda daha çox şans qazanacaq.
- Qələbəyə baxmayaraq, narazı qaldığınız məqamlar oldu?
- Narazı qaldığım məqamlar çoxdu. Həm müdafiədə, həm də hücumda narazılıqlar çoxdur. Amma istəmirəm ki, indi bu haqda danışım. Futbolçuların əhval-ruhiyyəsi yaxşıdı. Bu gün onların pozetiv əhvalda qalmasını istəyirik. Daha sonra təhlillərdə səhvlərini deyəcəyik.
- Bu gün hücumda Adama Nianeyə yox, Amil Yunanova şans verməyinizin səbəbi nə idi?
- Bu, rəqabətdi. Hər komanda qalib gəlmək istəyir. Rəqabətda daha yaxşı olan oyunçuya şans verəcəyik. Amil daha yaxşı və istəkli idi.
- Ayxan Abbasov 50-ci dəqiqədə Vüsal Məsimova qırmızı vərəqə göstərilməli olduğunu dedi. Siz həmin epizodu necə şərh edərdiniz?
- Bu, futboldu. Çox şərh vermək istəmirəm. Hakimlər də insandı, onların da səhvi ola bilər. Mən demirəm ki, səhv və ya düz ediblər. Hakimlər nə qərar verirsə, onunla razılaşırıq.

KAMAL SƏFƏR
Seçilən
123
3
football-plus.az

9Mənbələr