"Avropa İttifaqı Çinə qarşı yeni həmlə həyata keçirməyə çalışır. Çinin Avropa ölkələrinə yatırımları artıb. Bu sırada Çinin, Avropanın müxtəlif dəniz limanlarında nəzarəti ələ keçirməsi də dayanıb. Bu da, Brüsseldəki müxtəlif dairələri ciddi narahat etməyə başlayıb".
Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib.
“Avropa Parlamenti Avropanın dəniz təhlükəsizliyi ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə qitəyə aid olmayan dövlətlərin dəniz limanlarına yatırımlarının məhdudlaşdırılmasının vacibliyi göstərilib. Aydındır ki, “xarici dövlətlər” dedikdə Çin nəzərdə tutulub. Çünki, Avropa limanlarına qitədən kənar ölkələr arasında ancaq Çin maraq göstərir və yatırımlar qoyub. Misal üçün Çinin və dünyanın ən nəhəng dövlət daşıma şirkəti olan "COSCO" Yunanıstanın Pirey limanının səhmlərinin 67 faizinə sahibdir. Bu o deməkdir ki, həmin limana daşınan mallar və limana yaxınlaşan gəmilər Çinin nəzarətindədir. Brüsseli narahat edən də budur. Avropanın Çindən artan iqtisadi asılılığını, avropalı ekspertlər də vurğulayıblar. Avropa ilə Çin arasında daşımaların əsas hissəsini məhz "COSCO" şirkəti həyata keçirir. Brüssel xarici yatırımlarda maraqlı olsa da, Çindən artan asılılığın gələcəkdə Avropa üçün siyasi problemlər yaradacağı qənaətindədir”.
Politoloq bildirib ki, Avropa Parlamentinin qətnaməsində, Çinin yatırımları və dəniz limanlarına nəzarəti vasitəsilə Avropada kəşfiyyat işinin genişləndirəcəyi təhlükəsi barədə də qeydlər var.
“Avropalılar ehtiyat edirlər ki, Çin Avropadakı limanlar vasitəsilə hərbi-sənaye kompleksinin inkişafı üçün daşımalar da həyata keçirə bilər”.
Ülkər Abdurahmanlı