AZ

“Xəzər Lənkəran”ın qayıdışı nə dərəcədə realdı?

“Xəzər Lənkəran” stadionunun təmirə bağlanması xəbəri hazırda futbol ictimaiyyətinin fəal şəkildə müzakirə etdiyi mövzulardan biridi.

Təbii ki, bunda qəribəlik axtarmağa dəyməz. İlk növbədə ona görə ki, “Xəzər Lənkəran” həyatda olduğu 12 ildə ölkə futboluna rəng qatmağı bacarmışdı, bu üzdən çoxları təmir xəbərini həm də 2016-nın mayında tarixə qovuşan klubun zühur edəcəyinə işarə kimi qiymətləndirir. Digər tərəfdən, ortada Azərbaycanın və Türkiyənin ən zəngin adamlarından sayılan, adı bir çox qalmaqalda da hallanan Mübariz Mənsimov amili də var. Bəs görəsən, nə dəyişdi ki, Mübariz bəy 8 illik aradan sonra böyük futbola dönməyə qərar verdi. Əslində dəyişmənin şəkli əlamətləri ortadadı. Son həftələrdə Rövnəq Abdullayevin AFFA prezidenti vəzifəsindən gedəcəyi ilə bağlı xəbərlərin intensivliyi artıb. Əlbəttə, Mübariz Mənsimov da bundan xəbərdardı və belə görünür ki, “düyməni basıb”. Əvvəlcə klubun mətbuat xidmətinin sabiq rəhbəri Hüseyn Cəbrayıloğlunun “feysbuk” hesabındakı paylaşıma baxaq:
“Xəzər Lənkəran” stadionunun təmirə bağlanması xəbəri həqiqətdi! Komandanın nə vaxt yaranacağı, komandaya vəsait ayrılıb kimi ifadələrə indidən aldanıb ürəyimizi oynatmayaq. Amma nəzərə alın ki, 2016-cı ildən sonra bu xəbər, hadisə "Xəzər Lənkəran" ətrafında baş vermiş ən gözəl və ən pozitiv xəbərdi. Hələlik stadionun təmiri üçün ümumi audit hesablama aparılır, daha sonra təmir başlayacaq”.


Bəs stadionun yenidən qurulması üçün nə qədər vəsait lazımdı? Görəsən, əsas problemləri nədən ibarətdi? Elə bu suallara cavab tapmaq üçün “Xəzər Lənkəran”ın sabiq icraçı direktoru Höccət Hacıyevlə danışdıq:
“Stadionun təmiriylə bağlı hələ ki rəsmi qərar verilməyib, amma gözlənilir. Sözsüz, Mübariz Mənsimov prinsipial və sözünün arxasında dayanan insandı. O, müsahibələrində də “Xəzər Lənkəran sevdası mənim üçün heç vaxt bitməyəcək” deyib, bu bölgədə futbolun inkişafı üçün əlindən gələni də edib. Bütün cənub zonası, “Xəzər Lənkəran” azarkeşləri Mübariz müəllimə ümidlidi. Sözsüz, komandanın yaradılması üçün ilk növbədə stadionun təmiri lazımdı. Çünki stadion uzun illərdi baxımsız qalıb, müasir səviyyəyə gətirilməsi üçün təmir işlərinin görülməsi vacibdi. Stadionun işıqlandırma sistemi müasir tələblərə cavab verəcək səviyyədə olmalıdı, oturacaqları bərbad durumdadı, ot örtüyü yenilənməlidi – ümumiyyətlə, köklü restavrasiyaya ehtiyac var”.


Rövnəq Abdullayevin AFFA prezidenti postundan gedəcəyi barədə söz-söhbət yayılandan sonra Mübariz Mənsimovun Lənkəran stadionunda təmir işlərinin başlamasına qərar verməsi bir qədər müəmmalıdı. Bu iki məqam arasında mümkün səbəb-nəticə əlaqəsini Hüseyn Cəbrayıloğludan soruşduq:
“Doğrusu, Mübariz müəllimin bu barədə nə düşündüyünü bilmirəm, hansı qərarı qəbul edəcəyi ilə də bağlı heç nə deyə bilmərəm. Sadəcə, 2016-cı ildən bəri “Xəzər Lənkəran” adı ətrafında ən yaxşı xəbər budu. Çünki stadionun sonuncu dəfə kosmetik təmir 2012-ci ildə olub. Təbii ki, o vaxtdan indiyə qədər stadion bərbad vəziyyətə düşüb. Ona görə də stadionun yenidən təmirə başlaması barədə qərar verilməsi bütün idman ictimaiyyəti üçün, lənkəranlılar üçün ən gözəl xəbərdi. Çox güman, yaxınlarda təmir başlayacaq”.


Hüseyn bəy Höccət bəyin “stadionun təmiriylə bağlı hələ ki, rəsmi qərar verilməyib” sözünə də aydınlıq gətirdi:
“Bir şirkət öz balansında olan qurğunu təmir edirsə, bunun üçün rəsmi qərar olmur. Hər halda, stadionun durumu çəkilib və İstanbula göndərilib. Orda baxıb araşdırdıqdan sonra təmir üçün bəlli bir büdcə ayrılacaq”.


Biz sonda Hüseyn bəyə bu sualı da ünvanladıq:
- Tutaq ki, “Xəzər Lənkəran” fəaliyyətini bərpa etdi. Komandanın elit liqada çıxış etməsi üçün minimum 3 il vaxt lazım gələcək. Bu prosedur sizə çox çətin görünmürmü?
- Ümuiyyətlə, ölkə futbolunda elə hallar olub ki, komanda birbaşa elitaya qayıdıb. Bildiyimə görə, “Araz-Naxçıvan” da birbaşa əsas liqaya qəbul edilib. Amma klubun yenidən təsis olunması barədə qərar qəbul edilsə, fikrimcə, elə birinci liqadan da başlamaq olar. Məsələn, 2004-cü ildə “Xəzər Lənkəran” birbaşa elit liqaya qayıtmışdı.

Sonda xatırladaq ki, “Xəzər Lənkəran” futbol klubu 2016-cı il mayın 27-də fəalliyətini dayandırıb.

KAMAL SƏFƏR
Seçilən
164
16
football-plus.az

10Mənbələr