Paraqvayda məhkəmə bir alman qadını ərini öldürməkdə təqsirli bilib və onu 10 il həbs cəzasına məhkum edib. Qətlin səbəbi ərinin motosikletinə hədsiz bağlılığını sevməməsi olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, Hans H. və həyat yoldaşı Berbel 10 il əvvəl Almaniyadan Paraqvaya köçüblər. Hans H. motosiklet həvəskarı olub və vaxtının çox hissəsini özü ilə eyni düşüncədə olan dostları ilə keçirib. Bu isə həyat yoldaşı Berbelin xoşuna gəlməyib.
12 noyabr 2022-ci ildə baş verən mübahisə Hansın növbəti bir motosiklet səfərinə çıxmaq istəyinə görə törədilib. Nəticədə Berbel ərini 38 kalibrli revolverlə iki dəfə atəşə tutub. Güllələrdən biri Hansın sinəsinə dəyib və bu, onun ölümünə səbəb olub. Cinayətdən sonra qadın “Toyota” markalı avtomobillə naməlum istiqamətə qaçıb.
Hansın meyitini tapan ev sahibi hadisə barədə polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Berbeli saxlayanda, o, polisləri ərinin intihar etdiyinə inandırmağa çalışıb.
Paraqvay məhkəməsi Berbeli təqsirli bilib və on il müddətinə azadlıqdan məhrum edilib. Berbelin iyulda 70 yaşının tamam olacağını nəzərə alsaq, yerli qanunlara uyğun olaraq onun cəzasını ev dustaqlığında çəkə bilməsi ehtimalı var.