Lakin hökumətin apardığı qərbmeyilli xarici siyasət kursu yaşanan korrupsiya qalmaqallarının diqqətdən kənar qalmasına şərait yaradır
Ermənistanın son illər rüşvət və korrupsiya bataqlığında boğulması da sirr deyil. Məsələn, erməni jurnalist Yuri Manvelyan açıq-aşkar bildirir ki, artıq Ermənistanda korrupsiya və sui-istifadə halları çox geniş yayılıb və bu hal daha çox orduda özünü büruzə verir. Məcburi xidmətdən yayınmaq üçün ermənilər külli miqdarda rüşvət verirlər. Ermənistan hökuməti dəfələrlə açıqlama verərək rüşvət və korrupsiyaya qarşı mübarizə tədbirlərinin sərtləşdirildiyini bəyan etsə də, real mənzərə başqadır. Məsələn, Ermənistanın Korrupsiya ilə mübarizə komitəsinin sədri Sasun Xaçatryan açıqlama verərək bildirib ki, ölkədə korrupsiya ilə bağlı cinayət işlərinin sayı xeyli artıb. Komitə hazırda 1003 işə baxır. Bu, hələ işin rəsmi tərəfidir. Rəsmi korrupsiya ilə bağlı 1003 iş varsa, qeyri-rəsmi olaraq hansı rəqəmlərdən söhbət gedir? “Jogovurd” qəzeti isə hakim partiyanın deputatları ilə bağlı qalmaqallı məqalə dərc edib. Məlum olub ki, “məxməri inqilab”dan əvvəl evsiz olan və kirayələrdə sürünən Paşinyan komandası çox qısa müddət ərzində İrəvanın ən bahalı yerlərində ev-eşik sahibi olublar. Onlar arasında Hayk Konjoryan, Ovik Ağazaryan, Matevos Asatryan, Rüstəm Bakoyan, Vilen Qabrielyan, Arpi Davoyan, Qayan Yeqiazaryan, Arman Yeqoyan, Arsen Torosyan kimi adlar var. Siyahı isə kifayət qədər uzundur. Məlum olub ki, deputatların sahib olduqları mülk və mənzilləri aldıqları maaş ilə heç cür əldə etmək mümkün olmazdı. Bununla yanaşı, bir çox deputat mənzili və evi öz adına rəsmiləşdirməyərək dövlətdən kirayə pulu almaqdan da çəkinmir. Bu mənzərə isə Paşinyan hakimiyyətinin necə də miskin və rüşvətxor olduğunu bir daha sərgiləyir.
Məsələyə digər prizmadan yanaşsaq, Ermənistanda icra hakimiyyəti strukturlarının da korrupsiya və rüşvət içində boğulduğunu görərik. Paşinyan tez-tez hakimiyyətində qanad və qolların olmağını bəyan etsə də, əslində hazırda müxtəlif fərdlər və klanlar arasında nüfuz, vəzifə və pul uğrunda güclü mübarizə gedir. Bu isə regionlarda icra hakimiyyəti strukturlarını ələ keçirmək, büdcəni talamaq və rüşvət yolu ilə qısa müddətə varlanmaqdır. Tərəflər arasında icra başçısı seçilmək və təyin edilmək uğrunda ciddi mübarizə gedir.
Ermənistanda üzə çıxan korrupsiya və yeyinti sistemlərindən biri də deputatlara və nazirlərə məxsus şirkətlər vasitəsilə dövlət tenderlərində qalib gəlmək, büdcədən ayrılan pulu həzm-rabedən keçirməkdir. Bu şirkətlər dövlət tenderlərində qalib gəlir, böyük məbləğdə pulu əldə etdikdən sonra məhkəməyə müraciət edərək özünü müflis elan edir. Ədliyyə sisteminə hakim komandanın nüfuzunu nəzərə alsaq, bu sxemin kim tərəfindən idarə edilməsini də anlamaq o qədər çətin deyil.
Ermənistan hökuməti son illərdə korrupsiyaya qarşı mübarizə çərçivəsində addımları ölkəni idarə etmiş keçmiş oliqarxik elitanın siyasi-ictimai vəziyyətə təsirlərinin qarşısını almaq məqsəd ilə atdığını bildirir. "İslahatlar" çərçivəsində hüquqi şəxslərdən nəğd pul və köçürmələrin qadağan edilməsi, habelə fiziki şəxslərin maliyyə dəstəyinin məhdudlaşdırılmasından sonra hakim partiyanın şübhəli maliyyə əməliyyatları həyata keçirməsi fərqli mətləblərdən xəbər verir. Məsələ ilə bağlı “Transparency International” Antikorrupsiya Mərkəzinin Ermənistandakı icraçı direktoru Sona Ayvazyan bildirir ki, "lazımi vəsaiti əldə etmək üçün siyasi partiyalar çox güman ki, qanundan yan keçmək və qeyri-qanuni sxemlərdən istifadə etmək yollarını axtarırlar".
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının maliyyələşməsində istifadə edilən qanunsuz üsullar və yuxarıda adları sadalanan sadə vətəndaşlardan bu tip çirkli siyasi oyunlarda istifadə edilməsi davamlı xarakter alıb. Ermənistan hökuməti keçmiş avtoritar hökumətdən fərqli olaraq özünü demokrat, xalqın təyin etdiyi hakimiyyət olaraq adlandırsa da, korrupsiya əməllərinin sadəcə olaraq üslubu dəyişib, ancaq mahiyyət eynidir. Lakin burada qeyd etmək istədiyimiz digər mühüm məsələ Qərbin bu vəziyyətlə bağlı susqunluğudur. Hazırda Qərb siyasətçiləri, o cümlədən siyasi mərkəzləri pro-Qərb siyasi kurs nümayiş etdirən ölkələrdə, xüsusilə də Ermənistnda baş verən korrupsiya qalmaqallarına göz yumur və ya bu barədə danışmaqdan imtina edir. Lakin bu günlərdə liberal dünyanın əsas "fact checking" habı olaraq qəbul edilən jurnalist araşdırmaları "demokratik" Ermənistanda hakim partiyanın maliyyə maxinasiyalarını üzə çıxarıb. Əldə edilən məlumatlar aprel ayında Brüsseldə Ermənistanın dayanıqlılığına dəstək məqsədilə keçirilməsi planlaşdırılan Aİ-ABŞ-Ermənistan yüksək səviyyəli birgə görüşündən əvvəl yayımlansa da, ortaya çıxarılan faktlara hələ də hər hansı reaksiya və ya etiraz müşahidə edilməyib.
Son illərdə ənənəvi xarici siyasət və təhlükəsizlik arxitekturasında diversifikasiya etməyə cəhd göstərən Ermənistanın Avropa İttifaqı və ABŞ arasında siyasi, diplomatik, o cümlədən təhlükəsizlik sahələrində əlaqələri getdikcə dərinləşməkdədir. Məhz bu tendensiya Qərb dövlətlərinin Ermənistanın atdığı bəzi addımlarına göz yumması, bu barədə danışmaq istəməməsi ilə nəticələnməkdədir. Cari ilin aprel ayının 5-də Brüsseldə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında baş tutan üçtərəfli görüşün mətbuata açıqlanan kommunike sənədində müzakirə edilən mövzularla bərabər, rəsmi İrəvanın korrupsiya sahəsində əldə etdiyi “uğurlar” sadalanır. Sitat: "Avropa İttifaqı və Birləşmiş Ştatlar Ermənistanın 2018-ci ildən bəri demokratik və ədalətli islahatlar və korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi əsaslı irəliləyişləri etiraf edir və Ermənistanın demokratiya və qanunun aliliyini daha da möhkəmləndirdiyinə görə ümumi dəyər və prinsiplərimizə uyğun olaraq onunla tərəfdaşlıq və dəstək verməyə davam etmək öhdəliyini ifadə edir".
Adı çəkilən görüşdə tərəf olaraq iştirak edən Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel isə çıxışı zamanı "Biz Ermənistanın demokratiya, korrupsiya ilə mübarizə və qanunun aliliyinin bərqərar olması istiqamətində səylərini alqışlayırıq" - deyə bildirib. Beləliklə, Ermənistanda aparılan qərbmeyilli xarici siyasət kursu yaşanan korrupsiya qalmaqallarının diqqətdən kənar qalmasına şərait yaradır. Lakin araşdırmalar nəticəsində ortaya çıxmış qanunsuz fəaliyyətlər Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrelin simasında digər yüksək rütbəli Brüssel məmurlarının sözlərinin yalan olduğunu təsdiqləyir.
Sevinc Azadi, “İki sahil”