Müəllif: Təhməz Əsədov
Mənbə: Trend
Azərbaycan yeni tarix yazır. Bu gün Azərbaycana qarşı yönələn oxlar artıq həmin qüvvələrin özlərinə istiqamət almaqdadır. Rəsmi Bakı istənilən geosiyasi proseslərə nə qədər hazırlıqlı olduğunu son günlər növbəti dəfə isbatlamaqdadır. Artıq Azərbaycan nəinki təzyiqlərə tab gətirmək barədə düşünür, bu gün tamamilə fərqli - hücum diplomatiyası ilə ona və regionun təhlükəsizliyinə səbəb olacaq təhdidləri aradan qaldırmaq iqtidarındadır.
Aprelin 5-də ABŞ və Avropa İttifaqı ilə keçirdiyi üçtərəfli görüşlə Azərbaycana qarşı supergüclərin dəstəyini alaraq, sülh gündəliyinin yekun həllində əlini daha da gücləndirmək planları qurduğu bir vaxtda rəsmi Bakı heç kimin gözləmədiyini etməyi bacardı. Sülhməramlıların 2025-ci ilin sonunda Qarabağı tərk etməli olduğu halda qəfil kontingentin tamamilə Qarabağdan çıxarılması xəbəri Qərbə tərs şillə oldu.
Azərbaycan və Rusiya Qarabağda yerləşdirilən sülhməramlıların ölkəmizi tərk etməsini rəsmən təsdiqlədi. Proses 2024-cü ilin sentyabr ayının sonuna qədər yekunlaşacaq. Bu, Azərbaycanın nail olduğu növbəti tarixi nailiyyətdir. Burada digər maraqlı məqam xüsusilə diqqət çəkdi: Tarixdə ilk dəfə idi ki, Rusiya hərbçilərini vaxtından əvvəl başqa bir ölkənin ərazisindən çıxarırdı. Azərbaycan buna nail olan ilk ölkədir! Beləcə, sülhməramlıların Azərbaycanı vaxtından əvvəl tərk etməsi bəzi "siyasətçilərin", ABŞ-nin ölkəmizdə və sərhədlərimiz xaricində fəaliyyətinə davam edən agenturasının iddialarını tamamilə puç etdi.
Lakin görürük ki, Fransanın təsiri altında olan Qərbin nüfuzlu təsisatlarından tutmuş, digər qlobal təşkilatlara qədər bir çoxları Cənubi Qafqazdakı proseslərdən nədənsə çox narahatlıq keçirirlər. Bu məqamda da Qərbin qeyri-adekvatlığını, ikitirəlik etdiyini əks etdirən məsələlərdən qaçmaq olmur. Ötən gün "Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatla çıxış ediblər. G7 ölkələri bəyanatda Ermənistan və Azərbaycanı sülh prosesinə sadiq qalmağa çağırıb. Onlar Ermənistan və Azərbaycanı güc tətbiq etməmək, suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan layiqli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırıb.
Bəli, təşkilatın bu mövzuya həssaslığı regionda sülhün hökm sürməsi nöqteyi-nəzərdən Azərbaycan üçün də çox təqdirəlayiqdir. Lakin sual yaranır: Bəs, niyə G7 ölkələri Azərbaycan əraziləri 30 il müddətində Ermənistanın işğalı altında olarkən bir dəfə də olsun, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərini xatırlamır, bu barədə düşünmürdülər?
G7-lik regiona edilən müdaxilələrə də bir reaksiya versəydi, olardı balanslı siyasət. Necə ki, 5 aprel görüşündə Aİ-Ermənistan-ABŞ tərəfinin Brüssel görüşü barədə Prezident İlham Əliyev bildirib ki, ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşü Cənubi Qafqazda əməkdaşlığa qarşıdır və Azərbaycanı təcrid etmək məqsədi daşıyır. Cənubi Qafqaz üçün hazırlanmış plan gələcəkdə böyük fəlakətə gətirib çıxara bilər.
Yaxşı olar ki, Azərbaycan dövlət başçısının bu mesajı məhz həmin qüvvələri bir az da olsa, düşündürsün. Əgər həqiqətən də, regionun təhlükəsizliyi, sabitliyi və sülh gündəliyinin pozulmaması məlum qüvvələri zərrə qədər də düşündürürsə, o zaman növbə Qərb ölkələrindədir. Rusiya sülhməramlılarının ardınca onlar da Ermənistan sərhədlərində "mülki missiya" adı altında yerləşdirilən NATO döyüşçülərinin, fransız kəşfiyyatçıların bölgəni tərk etmələri barədə qərar versinlər.
Artıq ötən gün - 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü təsdiq etdi ki, bu iki ölkə arasında heç bir vasitəçiyə, üçüncü bir dövlətə ehtiyac yoxdur.
Görüş zamanı qərara alınıb ki, Ermənistan Qazaxın 4 kəndini qaytarır. Özü də 4 qeyri-anklav kənd bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılır. Bu tarixi hadisə növbəti dəfə Bakı ilə İrəvanın qarşılıqlı dialoq əsasında, ikitərəfli danışıqlar çərçivəsində mövcud problemləri heç bir vasitəçi olmadan həll etmək imkanını göstərdi. Bununla Azərbaycan son 2 gündə ikinci tarixi qələbəyə imza atmış oldu.
Bu qərarla biz Azərbaycanın diplomatik gedişlər ilə dünyanı təəcübləndirməkdə davam etdiyini deyə bilərik. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Baş naziri aparatı arasında hər hansı vasitəçi olmadan qəbul edilmiş birgə bəyanat tarixi sənəd idi. Həmin sənəddə sülh üçün tarixi imkanların olduğu qeyd olunaraq, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə bir daha dəstəklərini ifadə etdilər.
Ermənistan, görünür, səhv etməkdən qorxur. 4 il ərzində bunun ağrı-acısını hələ də üzərindən ata bilməyən Paşinyan, çox güman, anlayır ki, götürdüyü öhdəlikləri yerinə yetirməli və təhlükəsiz, sülh şəraitində yaşamaq istəyirsə, mütləq şəkildə atılması gərək olan addımları bir az da gecikdirərsə, bu dəfə onu heç kim xilas edə bilməyəcək. Görünür, elə ona görədir ki, Ermənistanın baş naziri Nikol Paşinyan 3 gün əvvəl Tavuş vilayətində kənd sakinləri ilə görüşündə "Biz son 30 ildir regionda "bespredel" şəraitində yaşayırıq", - deyərkən nəyi nəzərdə tutduğunun açıqlamasını vermək məcburiyyətini hiss edib.
Paşinyanın sözlərinə görə, bu vəziyyətə son qoymağın, təkcə ölkədə deyil, həm də regionda qanunun aliliyini bərqərar etməyin vaxtı çatıb: "Bizim fikrimiz odur ki, insanlar deməsin, Azərbaycan niyə sərhəddə yaxındır, desin ki, nə yaxşı Azərbaycan 50 metr aralıdadır, biz orada ticarət edəcəyik, orada iqtisadiyyat quracağıq və s.". Paşinyan sözünə, vədinə xilaf çıxacağı təqdirdə yeni bəla ilə qarşı-qarşıya qalacağının fərqindədir.
Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılıqdan sonra Nikol Paşinyan növbəti açıqlaması ilə diqqət mərkəzinə düşüb. O bildirib ki, Ermənistan və Azərbaycan məsələni ilk dəfə danışıqlar masası arxasında həll etdi.
Təkcə bu fakt Ermənistan hərbi və siyasi rəhbərliyinə Azərbaycanla razılaşmaqdan başqa yollarının qalmadığını düşünmək üçün kifayət edir. Bu gün Cənubi Qafqazın geosiyasi düzənini müəyyənləşdirən Prezident İlham Əliyev şəxsiyyəti təkcə Azərbaycanın 30 ildən çox idi tapdanan, heçə sayılan, bir çoxları üçün hətta unudulan haqq və hüquqlarını bərpa etmir, o, eyni zamanda, regionun, bütövlükdə dünyada ədalətliliyin təbliğatçısı, müdafiəçisi kimi xüsusi çəkiyə malik siyasətçidir.
Təkcə son 4 il - 2020-ci il sentyabrın 27-dən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın əldə etdiyi tarixi qələbələr - 44 günlük Vətən müharibəsi, 2023-cü il 20 sentyabr antiterror əməliyyatı, 2024-cü il aprelin 18-dən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasına başlanması və 2024-cü il aprelin 19-da 4 kəndin Azərbaycana qaytarılmasını təsdiq edən birgə bəyanat deməyə əsas verir ki, Azərbaycan bu gün tarixinin ən güclü dövrünü yaşayır və yeni zəfərlər uzaqda görünmür.
Ötən gün əldə edilən tarixi qələbə Qərb-ABŞ tandeminin Azərbaycana qarşı qarayaxma kompaniyasını da iflasa uğratdı. Əldə olunan nəticələr - 7 dekabr və 19 aprel bəyanatları bir daha onun göstərir ki, Qərbin Azərbaycanın guya Ermənistana qarşı yeni müharibəyə başlayacağı barədə açıqlamaları cəfəngiyatdan başqa bir şey deyil. Bu, Ermənistanı qorxu altında saxlayaraq tam şəkildə öz iradəsinə tabe etdirərək, regiondakı proseslərə müdaxilə etmək üçün vasitə kimi istifadə məqsədi daşıyır. İndi bu deyilənləri qalır Ermənistanın anlaması. Nikol Paşinyan hakimiyyəti Qərbin, ABŞ-nin əlində alətə çevrildiyinin fərqində olmasa və bundan qurtulmaq üçün praktiki addımlar atmağa çalışmasa, erməni xalqı hər zaman zülm-zillət içində yaşamağa davam edəcək.