Bir ölkədə bir-birini təkrarlayan iki-üç səhiyyə qurumu olmamalıdır. Zənnimcə, tam olaraq A-dan Z-yə bütün müalicə, yəni xəstələrlə iş TƏBİB-ə verilməlidir. Müalicə TƏBİB-in işidir. Səhiyyə siyasəti isə Səhiyyə Nazirliyinin. Əvvəllər həftədə 20-30 nəfər xəstəliklərinin müalicəsinə görə kömək istəyirdi. İndi bu rəqəm 3-4 nəfərdir. Şükürlər olsun ki, ağır ürək əməliyyatları belə sığorta ilə edilir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
O qeyd edib ki, çatışmayan məsələlər, problemlər də çoxdur və ümid edirəm ki, qarşılıqlı dialoq əsasında onların da həllinə nail ola biləcəyik:
"Səhiyyə Nazirliyi və TƏBİB arasında konkret və ikili yanaşmaya heç bir əsas verməyən vəzifə və səlahiyyət bölgüsü təxirəsalınmadan həyata keçirilməlidir. Azərbaycanın bölgələri üzrə səhiyyə siyasəti müəyyənləşməlidir ki, ona görə də səhiyyə xidmətləri göstərilsin. Yas məclislərində olan zaman şahidlik edirəm ki, bəzi yerlədə ürək, bəzi yerlədə onkoloji, bəzi yerlərdə şəkər və buna bənzər xəstəliklər üstünlük təşkil edir. Bunlar araşdırılırmı? Səbəblər nədir? Deyiləsi və danışılası məsələlər həddindən artıq çoxdur. İstərdim ki, xanım sədr məsləhət bilsə, məhz ölkəmizin səhiyyə siyasəti ilə bağlı ictimai dinləmə olsun. Çox vacibdir, ümid edirəm ki. Hörmətli Əhliman müəllim bunu daha yaxşı əsaslandıra bilər".