Bir ölkədə bir-birini təkrarlayan iki-üç səhiyyə qurumu olmamalıdır. Zənnimcə, tam olaraq A-dan Z-yə bütün müalicə, yəni xəstələrlə iş TƏBİB-ə verilməlidir. Müalicə TƏBİB-in işidir. Səhiyyə siyasəti isə Səhiyyə Nazirliyinin. Sevinc hissi ilə qeyd etmək istəyirəm ki, əvvəllər həftədə 20-30 nəfər xəstəliklərin müalicəsinə görə kömək istəyirdi. İndi bu rəqəm 3-4-ə düşüb. Şükürlər olsun ki, ağır ürək əməliyyatları belə sığorta ilə həyata keçirilir.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
O qeyd edib ki, minlərlə ürək xəstəsi sağlamlığına qovuşub:
“Həm İcbari Tibbi Sığorta Agentliyinə, həm də TƏBİB-ə hörmətimi bildirirəm. Xeyli müsbət irəliləyişlər var. Çatışmayan məsələlər, problemlər də çoxdur və ümid edirəm ki, qarşılıqlı dialoq əsasında onların da həllinə nail ola biləcəyik. Sığortaya daxil olmayan bir çox xəstəliklərin müalicəsində isə əvəzolunmaz xidmət Heydər Əliyev Fonduna məxsusdur. Səhiyyə Nazirliyinin gördüyü işlər çoxdur. Bununla bərabər, səhiyyə siyasətində ciddi axsamalar var. Birincisi, Səhiyyə Nazirliyi və TƏBİB arasında konkret və ikili yanaşmaya heç bir əsas verməyən vəzifə və səlahiyyət bölgüsü təxirəsalınmadan həyata keçirilməlidir. İkincisi, bütün Azərbaycan bölgələri üzrə səhiyyə siyasəti müəyyənləşməlidir ki, ona görə də səhiyyə xidmətləri göstərilsin. Yas məclislərində olan zaman şahidlik edirəm ki, bəzi yerlədə ürək, bəzi yerlədə onkoloji, bəzi yerlərdə şəkər və buna bənzər xəstəliklər üstünlük təşkil edir. Bunlar araşdırılırmı? Səbəblər nədir - ətraf mühit, su, ərzaq məhsulları, yaxud hansısa sənaye obyektləri?..”