AZ

Türkiyə prezidentinin İraq Kürd Regional İdarəçiliyi ilə görüşləri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Ərbil şəhərində İraq Kürd Regional İdarəçiliyinin (KRB) sədri Neçirvan Bərzani, baş naziri Məsrur Bərzani və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Söhbət zamanı regional və qlobal problemlər, terrorla mübarizə müzakirə edilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Prezident Ərdoğan görüşdə İraqın gündən-günə zorakılıqdan uzaqlaşmasının sevindirici olduğunu ifadə edərək terror təşkilatı PKK mövzusunun gündəmdən çıxarılmasının vaxtının çatdığını söyləyib. Bu kontekstdə Ərdoğan Türkiyənin terrorla mübarizədə birliyə önəm verdiyini bildirib.

R.T.Ərdoğan İraqla çox əhatəli hüquqi razılaşmaların imzalandığını və bu əməkdaşlıq perspektivinin İraq Kürd Regional İdarəçiliyini də əhatə etdiyini deyib.

Paytaxt Bağdadda imzalanan anlaşma memorandumu ilə dünyaya elan edilən “İnkişaf yolu” layihəsinin bütün İraqın rifah və əmin-amanlığına xidmət edəcəyini vurğulayan Türkiyə prezidenti onu da bildirib ki, Bağdad və Ərbil hökumətləri sağlam dialoq və işbirliyi qurmalı, üçüncü şəxslərin müdaxilələrinə icazə verməməlidir.

Türkiyənin İraq Kürd Regional İdarəçiliyi ilə ticarət əlaqələrini yaxşılaşdırmaq istəyini də açıqlayan Ərdoğan Ovaköy-Fişhabur Sərhəd Qapısının təcili açılmalı və avtomobillərin Dərəcik-Zeti Sərhəd Qapısından keçməli olduğunu bildirib.

Prezident Ərdoğan bölgədəki türkmənlərin hüquq və mənafelərinin, xüsusilə də siyasi təmsilçiliyinin qorunacağına inandığını da dilə gətirib.

Türkiyə prezidenti İraqda rəsmi görüşlərini tamamlayaraq paytaxt Ankaraya qayıdıb.

Seçilən
202
12
sia.az

10Mənbələr