AZ

Vardanyan kampaniyası İFŞA OLUNDU – Terrorçunu “qəhrəman”a çevirməyə çalışan “EDELMAN”ın İÇ ÜZÜ

Qərb dayanmır. Bütün imkanlardan istifadə edərək Azərbaycanın üstünə gəlir. Bir çox hallarda isə məkrli planlarını Qərb müxtəlif institutların əli ilə edir. Çünki Azərbaycanın diqtə etdiyi reallıqlar təkcə regional təhükəsizliyə yox, həm də sivilizasiyanın maraqlarına xidmət edir. Ona görə də Qərb çox zaman Azərbaycanla açıq müstəvidə üz-üzə gəlmək istəmir. Lakin onlar Azərbaycanın qətiyyətini sarsıtmaq üçün ən çirkin və bəsit vasitələrdən istifadə edir.

Ruben Vardanyan “kartı” Qərbin işinə nə dərəcədə yarayır?

Azərbaycanı durdurmaq üçün Qərb terrorçu Ruben Vardanyanla belə iş birliyinə gedir. Təsadüfi deyil ki, bir müddət əvvəl erməni separatçının Nobel sülh mükafatına nazmizədliyinin irəli sürülməsi xəbəri yayıldı.

O zaman çoxları bunu hansısa erməni təbliğatı kimi xarakterizə etdi. Amma Azərbaycan tərəfi bunun təsadüf yox, məkrli planın bir parçası olduğunu dedi. Hadisələrin sonrakı inkişafı da göstərdi ki, bu çirkin kampaniyanın arxasında məhz ABŞ və Aİ dayanır.

Vardanyanı “qəhrəman”a çevirmək istəyən təşkilat: “Edelman” nə işlə məşğuldur

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Ruben Vardanyanın imicinin düzəldilməsi işi ilə məşğul olan təşkilat “EDELMAN” mərkəzidir. Bu mərkəz ABŞ-da yerləşir. Mərkəzin əsas vəzifəsi ictimaiyyətlə əlaqələr və marketinq konsultasiyası xidməti göstərməkdir. Yəni bu təşkilat istənilən şəxsə imicmeykerlik edə bilir. Təki pul verilsin. Pul da erməni separatçısında boldu

Xatırladaq ki, bu günlərdə Amerikanın məşhur “Forbes” jurnalı dünyanın ən varlı insanlarının yenilənmiş siyahısını dərc edib. Siyahıya yalnız bir erməni - separatçı Ruben Vardanyanın adı daxil edilib. Onun sərvəti 1,1 milyard dollar qiymətləndirilir. Erməni milyarder siyahıda 2545-ci yeri tutub.

Bu qədər sərvəti olan birisinin istintaq təcridxanasında oturması təbii ki, işbazları rahat buraxa bilməz. Ona görə də “EDELMAN” mərkəzi Vardanyandan “sülhpərvər”, “sülh quşu” imici yaratmaq üzərində fəaliyyətə başlayıb.

Son günlərdə isə istəklərinə çatmaq üçün işləri daha da intensivləşdiriblər. Belə ki, Vardanyanın oğlu CNN-in efirinə bağlanaraq, atasını qəhrəman kimi təqdim edib, yardım dilənib.

Erməni milyarderin “EDELMAN” mərkəzi ilə iş birliyi heç də təsadüfi deyil.

Sözügedən şirkət bu sahədə artıq 72 ildir fəaliyyət göstərir və kifayət qədər təcrübəlidir. Qərb və erməni diasporu öz işlərini ehtiyatlı tutublar. Öz riyakar və ikiüzlü oyunları üçün peşəkar komanda toplayıblar.

Buna qədər Vardanyan Qərbin bir sıra institutları ilə sıx işbirliyində olub. Məsələn, USAİD və onun rəhbəri Samanta Pauerin Ruben Vardanyanla qaranlıq əlaqələrindən hər kəsin xəbəri var. Bir zamanlar USAİD az qala Vardanyanı qəhrəman elan etmişdi. Samanta Pauer də zamanında Vardanyanla kameralar qarşısında az poza verməyib. İndi də “EDELMAN” mərkəzi ortaya düşüb.

“EDELMAN” mərkəzinin təşəbbüsü təkcə kommersiya maraqları ilə kifayətlənmir. Məsələn, Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi göstərilməsində siyasi maraq odur ki, gələcəkdə bu faktdan istifadə edərək Qərb Azərbaycanın üstünə gəlsin.

Məsələnin kommersiya tərəfi isə ondan ibarətdir ki, Vardanyan Nobel mükafatı qazanacağı təqdirdə o milyardlarından müvəkkil təşkilata da pay verəcək. Təbii ki, azadlığa çıxmaq üçün  Vardanyan yəqin ki, bütün varidatını belə verməyə razıdır.

Qərb Vardanyanın Ukraynada törətdiklərinə niyə göz yumur?

Vardanyan təkcə Azərbaycanda separatizm fəaliyyəti ilə məşğul olmayıb. Hər kəs bilir ki, Vardanyan uzun illər Ukraynadakı Donbas separatçılarına da maddi dəstək göstərib. Hər zaman separatçıların yanında yer alıb, Ukraynanın ərazi bütövlüyünü tanımayıb.

Təsadüfi deyil ki, Ukrayna Ali Radasının üzvləri Vardanyanın Nobel sülh mükafatına namizəd göstərilməsinə qarşı çıxıblar. Ukraynanın ali qanunverici orqanında bununla bağlı bəyanat da imzalanıb. Bəyanatda Vardanyan kimi cinayətkarın, separatçılığı, müharibəni dəstəkləyən və sahibi olduğu şirkətlərin qaranlıq fəaliyyətləri ortaya qoyulmuş şəxsin Nobel Sülh mükafatı namizədi kimi təqdim olunmasından kəskin narazılıq və qəzəb ifadə olunub. Ukraynanın məsələyə bu qədər həssas yanaşması da anlaşılandır.

Amma anlaşılmayan Qərbin məsələyə ikili yanaşmasıdır. Hər kəs Vardanyanın müharibəni dəstəkləyən biri olduğunu bildiyi halda Ukraynanın “dostu” olan ABŞ və Aİ bu həqiqətləri niyə bilməməzlikdən və görməzlikdən gəlir?!

Göründüyü kimi, Ruben Vardanyan təkcə Azərbaycana qarşı yox, həm də Ukraynaya qarşı təxribatların iştirakçısı və maliyyəçisidir. Amma maraqlı dairələr üçün bu iki danılmaz fakt o qədər də maraqlı deyil. Onlara maraqlı olan odur ki, Vardanyan istənilən yaramazlığa və satqınlığa aludə birisidir. Belələrindən Qərbin müvafiq institutları çox yaxşı faydalana bilirlər.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
88
10
bizim.media

10Mənbələr