Transmilli media quruluşları sırasında ön mövqelərdə qərarlaşan ABŞ-nin CNN telekanalında Azərbaycanı növbəti dəfə “hədəf taxtası”na çıxarmağa uğursuz cəhd edilib.
CNN-də yayımlanan “Amanpur” layihəsinin rəhbəri Kriatian Amanpur son verilişini erməni əsill rusiyalı milyarder, Qarabağdakı separatçı rejimi labüd məhvdən “xilas etmək” iddiası ilə Xankəndiyə gələn, Azərbaycanın ötən ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatından sonra isə həbs olunan Ruben Vardanyana həsr etməklə bu canini yenidən diqqət mərkəzinə gətirməyə çalışıb.
Bu çərçivədə başqa bir maraqlı məqam ondan ibarətdir ki, Amanpur verilişində Vardanyanın oğlu Davidə də tribuna verərək separatçı caniyə həsr edilmiş buraxılışın “romantika dozası”nı artırmaq imkanından faydalanmaq fürsətini qaçırmayıb. Əlbəttə, Davidin əldə etdiyi tribunadan necə yararlandığını təxmin etmək çətin deyil. Kiçik Vardanyan auditoriyaya üz tutaraq genetik həyasızlığı ilə atasının Bakıda “ağır şərtlər altında saxlandığını” söyləməklə, heç kimi təəccübləndirmədi.
Qeyd olunmalıdır ki, CNN kimi nüfuzlu bir resursun məhz indiki ərəfədə şübhəli fəaliyyəti sayəsində təqribən 5 milyard dollar həcmində sərvət sahibinə çevrilən, hakimiyyət iddiası ilə Qarabağa gələn, yekunda isə hərbi cinayətlərin törədilməsi ittihamı ilə həbs edilərək məhkəməsini gözləyən Vardanyanın durumuna xüsusi veriliş həsr etməsi təsadüfi olmadığı qətiyyən şübhə doğurmur.
Vardanyanla bağlı yersiz təşəbbüslərin xronoloji ardıcıllığına nəzər saldıqda, separatçı caniyə yönəlik hərəkətlilik arasında bağlılığın olduğunu əminliklə söyləmək mümkündür. Ötəri müşahidələr də onu göstərir ki, son həftələrdə müxtəlif siyasi mərkəzlərdə “Vardanyan işi”nin gündəmə gətirilməsi, bu azmış kimi, hərbi cinayətlərdə iştirakı aksiom olan “azmış milyarder”in nə az, nə çox – Nobel mükafatına namizədliyinin irəli sürülməsi artıq normal məntiqin zorlanmasından başqa bir şey deyil. Sözsüz ki, Vardanyanı “diriltməyə” çalışanlar müdafiəsinə qalxdıqları “persona”nın mahiyyətindən xəbərsiz deyillər.
Burada Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) Vardanyanın kriminal elementli biznes fəaliyyətini araşdırması və yekunda hazırladığı ilginc hesabatda onun yol verdiyi iqtisadi cinayətləri mübahisə doğurmayacaq dərəcədə dəqiqliklə ifşa etməsi milyarderin hamilərinə də məlumdur. Amma, yox! Belələri üçün çirkin maraqlar dəyərlərdən hər zaman üstün olub.
O maraqlar üçün Vardanyan kimi canilərin müdafiəsinə qalxmaq nədir ki? Əsas məsələ özü “içəridə” olsa da, “çöl”dəki kisəsi açılan Vardanyanın milyardlarından nəsə qoparmaqdır. Yəni bəsit mətləbləri qəlizləşdirməyə ehtiyac yoxdur.