Blinken Pekində Çini hədələyib
Pekin Moskvanın hərbi səylərini dəstəkləməklə problemin həlli üçün addımlar atmasa, bu addımı Vaşinqton atacaq.
Reyting.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Pekində Çin lideri Si Cinpinlə görüşün yekunlarına dair brifinqdə deyib.
“Çin dəzgahların, mikroelektronikanın, nitroselülozun əsas tədarükçüsüdür ki, bu da Moskvanın müdafiə sənayesi bazasını qurmaq üçün istifadə etdiyi döyüş sursatı, raket yanacağı və digər ikili təyinatlı malların istehsalında vacibdir. Rusiyanın Ukraynaya hücumunu Çinin dəstəyi olmadan davam etdirməsi daha çətindir”,- deyə Blinken əlavə edib.
Blinken Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən Çini sanksiyalarla hədələyib: “ABŞ Ukraynadakı vəziyyət fonunda Çinə qarşı yeni tədbirlər görməyə və sanksiyalar tətbiq etməyə hazırdır”.
Dövlət katibi həmçinin vurğulayıb ki, Pekin “Soyuq Müharibə”dən bəri Avropaya ən böyük təhlükəni dəstəkləməklə Avropa İttifaqı ilə yaxşı münasibətlər saxlaya bilməz.
Qeyd edək ki, Amerika rəsmilərinin Çinə qarşı ritorikası son həftələrdə nəzərəçarpacaq dərəcədə sərtləşib. “Wall Street Journal”ın yazdığına görə, ABŞ hakimiyyəti indi bəzi Çin banklarını qlobal maliyyə sistemindən kəsəcək sanksiyalar layihəsi hazırlayır. Əgər rəsmi Pekin Rusiyanın Ukraynadakı təcavüzünə dəstəyi dayandırmasa, bu zərbə vurulacaq. Avropa İttifaqının rəsmiləri də bir qədər ehtiyatlı, amma eyni tonda danışırlar. Avropalılar Pekinə xəbərdarlıq edirlər ki, o, Rusiyanın qitə üçün təhlükəsini dəstəklədiyi müddətdə onlarla yaxşı münasibətlərə ümid edə bilməz.
“Politico” nəşri isə yazır ki, inandırma nəticə verməyəcəyi təqdirdə Avropa Birliyi Çinlə ticarət müharibəsinə başlayacaq.
Y. QACAR