AZ

Azərbaycan Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Ankara, 29 aprel, AZƏRTAC

Ankarada fəaliyyət göstərən Amerik məktəbində (Ankara Elementary and High school) keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub.

Türkiyədəki səfirliyimizdən AZƏRTAC-a bildirilib ki, diplomatik missiyamız və Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələrinin də iştirak etdiyi festival çərçivəsində Azərbaycan stendi qurulub. Stendə Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair nəşrlər, milli mədəniyyətimizə dair suvenirlər, xalça və kilimlər nümayiş etdirilib, milli mətbəximizin nümunələri təqdim olunub.

Festival iştirakçıları Azərbaycan mətbəxinin təamları - şah plov, dolma, ləvəngi, habelə milli şirniyyatlarımız olan şəkərbura, paxlavaya qonaq ediliblər.

Tədbirdə Ankarada Amerika məktəbində təhsil alan və festivalda təmsil olunan müxtəlif ölkələrin şagirdlərinin bayraqlarla keçid paradı təşkil olunub və milli geyimlərlə Azərbaycanlı uşaq və yeniyetmələr iştirakçılar qarşısında bayrağımızla keçid ediblər.

Sonda festivalın iştirakçı dövlətlərinin hazırladığı konsert proqramları təqdim edilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı mədəni proqram çərçivəsində Ankaradakı “Hazar” Rəqs Ansamblı milli rəqslərimizi ifa edib və çıxışlar alqışlarla qarşılanıb.

Azərbaycanla yanaşı Türkiyə, ABŞ, Ukrayna, Qazaxıstan, Özbəkistan, Böyük Britaniya, Qırğızıstan, Hindistan və s. ölkələr də öz milli mədəniyyətləri və mətbəxlərinə dair stendlər hazlayıblar.

Ramin Abdullayev

AZƏRTAC -ın xüsusi müxbiri

Ankara

Seçilən
177
8
azertag.az

10Mənbələr