Vaşinqton, 5 may, AZƏRTAC
Hər il Vaşinqtonda keçirilən “Dünya ətrafında səfirlik turu” tədbiri çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla səhər saat 10:00-da başlayan “Açıq qapı” saat 16:30-a kimi davam edib. Tədbir çərçivəsində mərkəzdə Azərbaycana məxsus xalçalar, mədəniyyət nümunələri sərgilənib, Azərbaycan mətbəxi, musiqisi təqdim olunub. Azərbaycanın ABŞ-dakı səfirliyi tədbirin təşkilinə dəstək verib. Səfirliyin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Cəmilə Məmmədovanın sözlərinə görə, gün ərzində davamlı şəkildə Vaşınqtonda və ətraf şəhərlərdə yaşayan sakinlər, turistlər mərkəzə baş çəkiblər Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə tanış olublar.
Tədbirdə, həmçinin Azərbaycanın milli balerina rəqqası Məryəm Nəcəfzadə ”Sarı gəlin” rəqsini və “Koroğlu” operasından bir parça ifa edib.
Gün ərzində səfirlikləri və digər nümayəndəlikləri gəzdiklərini deyən tədbirin könüllülərindən biri Qreq Şleql Azərbaycan tərəfinin tədbiri çox yüksək səviyyədə təşkil etdiyini deyib və işini icra edərkən, eyni zamanda, ölkəmiz haqqında məlumat da aldığını bildirib.
Gün ərzində tədbirə yüzlərlə insan baş çəkib. Onlar Azərbaycanla bağlı məlumatları maraqla dinləyiblər və təqdim edilən mədəniyyət nümunələri ilə tanış olublar.
Qeyd edək ki, tədbir 60-a yaxın ölkənin ABŞ-da yerləşən səfirliklərində və mədəniyyət mərkəzlərində təşkil olunub.