Tbilisidə Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının təşkilatçılığı ilə genişmiqyaslı mitinq keçirilir.
Aznews.az xəbər verir ki, parlament binasının qarşısında təşkil edilmiş mitinqdə hakim partiyanın 100 mindən çox tərəfdarının iştirak etdiyi təxmin edilir. Mitinqdə iştirak etməsi üçün on minlərlə Gürcüstan vətəndaşı avtobuslarla bölgələrdən paytaxta gətirilib. Mitinq səbəbilə Rustaveli prospektində, Azadlıq meydanında, eləcə də bir sıra ətraf küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Hakim partiya rəsmilərinin daha əvvəlki bəyanatlarında Tbilisidə 2 həftədən çoxdur davam edən "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etiraz aksiyalarının xalqın mövqeyini əks etdirmədiyi bəyan edilib. Partiya qanun layihəsinə ictimai dəstəyin olduğunu göstərmək üçün özü parlament binasının qarşısında mitinq təşkil edib.