BMT Təhlükəsizlik Şurasına sədrlik mayın 1-dən Maltadan Mozambikə keçib.
NOCOMMENT.az xəbər verir ki, ölkənin BMT-dəki daimi nümayəndəsi Pedro Komissario Afonso təşkilatın ay ərzindəki iş proqramını təqdim edib.
Bildirib ki, mayda Təhlükəsizlik Şurasında Yaxın Şərq, Yəmən, Sudan, Liviya və Ukraynada davam edən münaqişələrlə bağlı müzakirələr aparılacaq. Silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi mövzusu da ayın iş proqramında yer alıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında sədrlik onun daimi və müvəqqəti üzvləri arasında əlifba sırası ilə dəyişir. Hər ölkə bu vəzifəni 1 ay müddətə tutur. 15 dövlətin yer aldığı Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Çin, Rusiya, Britaniya və Fransadır. Digər 10 üzv ölkə BMT Baş Assambleyasında təşkilatın 5 coğrafi qrupu arasından 2 il müddətinə seçilir.