AZ

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Bir vaxtlar ölkənin əsas müxalif partiyalarından hesab edilən Müsavat Partiyasının bu gün keçirilən qurultayına medianın diqqəti düşüncələrdəki əski təsəvvürlərin assosiativ təkanı adlandırıla bilər. Hər necə olsa illərlə “Müsavat” deyəndə İsa Qəmbər yada düşüb və İsa Qəmbərin 2014-cü ildə istefasından sonra da çoxları Müsavatı məhz onun adı ilə tanımağa davam edirdi.

Arif Hacılının 2014-2024-cü il başqanlığı zamanı Müsavatın “dağılmasının sürətlənməsi” dövrü kimi xarakterizə oluna bilər. Sələfindən fərqli olaraq, daha lokal – partiyadaxili maraqların ifadəçisinə çevrilən Arif Hacılı strukturlarda təmsilçilikdə daha çox “sədaqət” faktoruna üstünlük verdi, nəinki ictimai nüfuza. Başqa çarəsi də yox idi, sələfindən fərqli olaraq, “birləşdirici lider” keyfiyyətləri daşımadığından, hər ictimai statuslu şəxsi-kadrı potensial rəqib və “çevriliş mənbəyi” kimi görürdü və nəticədə, “köhnələrin Müsavatdan sürətlə qopması, təzələrin isə gəlməməsi” ilə bu partiya hətta 5 min üzvlə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədə iki dəfə problem yaşadı: qos-qoca partiya bir cəhddə 5 min üzvlük normal siyahı təqdim edə bilmədi.

Bunun subyektiv səbəbini qeyd etdik, obyektiv səbəbi də o idi ki, 27 sentyabr 2020-ci ildə Ordumuzun cəbhədə ilk atəşi nəticəsində Prezident İlham Əliyevin mümkün daxili siyasi müxalifəti sıradan çıxarıldı, 10 noyabr 2020-ci ildə isə müxalifətin 0-a yaxınlaşmış şansı mənfi sonsuzluğa düşdü. Çünki Azərbaycanda mövcud olan bütün siyasi müxalifət Qarabağın azadlığı üzərindən fəaliyyətə başlamış və bununla da mövcudluqlarını qorumağa davam etmişdilər.

Doğrudur, 10 noyabr 2020-ci ildən sonra da “yarımçıq qələbə” təsəllisi ilə siyasi partiyalarını meyitxanada “reanimasyon tibbi müdaxilələrlə” geri qaytarmaq təşəbbüsləri göstərildi və bəziləri süni tənəffüs aparatına da qoşuldu. Ancaq 19-20 sentyabr 2023-cü il əməliyyatı artıq “orkestrli” dəfn mərasimi idi – sözün bütün mənalarında.

Aradan bir qədər zaman keçəndən sonra İsa Qəmbərin yenidən partiyasının başına dönməsi nədən qaynaqlanır? İsa Qəmbər yaşının bu müdrik çağında artıq hakimiyyət mübarizəsinin tam cəfəngiyyat olduğunu və İlham Əliyevin yaxın onilliklərdə alternativi olmayacağını bilmirmi?

İsa Qəmbər bu faktı çox gözəl bildiyini bu gün başqan seçiləndə bir daha elan etdi, dedi ki, torpaqların azadlığına görə sevinir, hakimiyyəti də tənqid edəcək, ancaq iqtidarın yaxşı işlərini dəyərləndirməmək olmaz.

Bu, İsa Qəmbərin son 4 ilə yaxın müddətdə, siyasi araşdırma mərkəzinin rəhbəri kimi Azərbaycanın uğurlarını qiymətləndirməyi bacardığının, hətta buna görə ermənilərlə debata girib, dövlətin yanında olduğunu nümayiş etdirməsi kimi obyektiv mövqeyinin davamı da sayıla bilər.

İsa Qəmbər artıq 30 illik siyasi dövrün qapandığını da, hakimiyyətə gəlmək üçün sosial baza toplamağın mümkünsüzlüyünü də gözəl anlayır, eyni zamanda, 30 illik mübarizəsində – Qarabağın azad olunması istiqamətində - səmimi olduğunu da nümayiş etdirir. Hədəf hakimiyyət yox, torpağın azadlığıdırsa, onda bu torpağı azad edən siyasi rəqibin tarixi xidmətlərini etiraf edib, onu dəstəkləmək və lazım gələrsə, düşmənlə debatlarda iqtidarın mövqeyindən çıxış etmək həm də vətəndaşlıq borcudur, İsa Qəmbəri siyasətə gətirən səbəbdir, ömrü boyu apardığı mübarizənin nədənidir, səmimiyyətdir. Ən əsası da xalqın gözündə riyakar kimi görünməmək, gözdən daha da düşməmək, mövcud elektoratı qorumaqdır.

İsa Qəmbər 4 ilə yaxındır analitik kimi davam etdirdiyi mövqeyi siyasi kursuna da gətirəcəyini bu gün elan etdi. Bu, həm də hakimiyyətə çağırışdır: yeni siyasi dönəm başlayır, İlham Əliyevin xidməti və nüfuzunu çox yaxşı bilirik, ancaq sizə da vicdanlı, ləyaqətli, əxlaqlı, hakimiyyətin başarılarını etiraf etməyi bacaran, çirkab atmayan, eyni zamanda, sosial-iqtisadi çatışmazlıqları dilə gətirən, necə deyərlər, “konstruktiv müxalifət” lazımdır, elə deyilmi?

Əlbəttə elədir və budur: 30 illik radikallıq dövründən sonra çilik-çilik olmuş Müsavatın başına köhnə-yeni başqa qayıtdı. O, dağılmış, səpələnmiş qurumu normal relsə salmalı olduğunu anlayır və bilir ki, bunun yeganə yolu konstruktivlikdən keçir.

Necə deyərlər, “konstruktiv müxalifət” parlamentdə təmsil olunmağa da layiqdir və Müsavatın yeni-köhnə başqanı da bu yolu nişan verdi. Çünki İlham Əliyevin siyasətdə olduğu müddətdə onun rəqiblərinin ən böyük uğuru parlamentdə mandat qazanmaq ola bilər.

Yeri gəlmişkən, qarşıdan parlament seçkiləri gəlir, MSK sədri bu seçkilərin noyabrdan tez ola biləcəyini də deyib.

Seçilən
164
13
axar.az

10Mənbələr