AZ

Bakıda beynəlxalq musiqi bayramı

Ötən bir həftə ərzində ölkəmizdə I Beynəlxalq Opera Festivalı keçirilib. Festivalın keçirilməsi təşəbbüsü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın Xalq artisti, pedaqoq Fidan Hacıyevaya məxsusdur. 

Doğrudur, indiyədək ölkəmizdə 3 beynəlxalq vokal festivalı təşkil olunub, amma daha geniş əhatəli opera festivalının da keçirilməsi bir ilk kimi təqdirəlayiq idi. Bakı və Gəncənin müxtəlif konsert məkanlarında gerçəkləşən opera bayramından əsas məqsəd Azərbaycanda klassik musiqinin təşviqi və inkişafı, opera mədəniyyəti sahəsində yeni istedadların kəşfi və onlara dəstək idi. 

İlk sənət sınaqlarında yeniyetmə və gənc ifaçılar iştirak ediblər. Onların həyəcanı sovuşsun deyə, əvvəlcə Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında məşq təşkil olunub. Azərbaycan və xarici bəstəkarların əsərlərinin daxil edildiyi canlı proqramlar hazırlanaraq təqdim olunub. Vokal musiqi məktəblərinin, Sənət akademiyasının və şəhərin digər musiqi məktəblərinin şagirdləri, Azərbaycan Beynəlxalq Məktəbinin (TISA) uşaq xoru, “Big Ben Kids Aсademy” uşaq xoru həm xorun tərkibində, həm də solo ifaçısı kimi səhnəyə çıxıblar.

Festival çərçivəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbində və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Mezzo” qadın kamera orkestrinin (konsertmeyster Kübra Rzayeva) müşayiəti ilə gənc istedadların konserti keçirilib. 

– Bunlar çox bacarıqlı və istedadlı uşaqlardır, – deyə ünlü vokalçı Fidan Hacıyeva bildirib. – Aralarında musiqi ilə ciddi məşğul olmağı hədəfləyənlər də, musiqiyə hobbi kimi baxanlar da var. Biz yaxşıların ən yaxşısını seçdik. 

Gənc vokalçılar festivalın iştirakçısı olmaqdan məmnun görünürdülər. Onlar bu qəbildən olan tədbirdə iştiraklarını ciddi və məsuliyyətli hadisə kimi dəyərləndiriblər. Xormeyster Fatimə Rəfəllinin sözlərinə görə, festival sayəsində uşaqlar akademik xanəndəlik dünyası ilə daha yaxından tanış ola biliblər:

– Xor kollektivini bu festivala cəlb etdiyinə görə Fidan Hacıyevaya minnətdarıq. Bu, uşaqlar üçün böyük fürsət idi və çox maraqlı oldu. İfa edəcəkləri əsərlər yaşlarına görə bir az çətin olsa da, bunun öhdəsindən gələ bildilər. Çünki çoxdan hazırlaşmağa başlamış və çox çalışmışdıq.

Festivalın rəsmi açılışında Jorc Bizenin “Karmen” operasının müasir janrda premyerası olub. Musiqi klassik olaraq qalıb, amma səhnə dekorasiyası və əlbisələr – ifaçıların geyim dəstləri müasir olub. Orijinal ideya məşhur opera müğənnisi, Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazova, rejissura isə Elvin Mirzəyevə məxsus idi. Möhtəşəm tamaşada əsas partiyaları Fidan Hacıyeva və Fərid Əliyev ifa ediblər, uşaq xoru da tamaşada iştirak edib. 

Festival çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Gənc opera ulduzları” adlı konsert təşkil olunub. Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbələri, eləcə də Fidan Hacıyeva Vokal Musiqi məktəbinin şagirdləri və dirijor Cavanşir Cəfərovun rəhbərliyi ilə 
“MEZZO” kamera orkestri çıxış edib. Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərləri ifa olunub.

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində festivalının 4-cü günündə “İncəsənət varisləri” adlı konsert olub. Azərbaycan Respublikasının Əməkdar artisti, professor Hüseyn Əliyevin tələbələri – Xalq artisti Fidan Hacıyeva, Əməkdar artist Fərid Əliyev, vokalçılar Anton Ferştandt, Azər Zadə, Tural Ağasıyev, Araz Əsədli və başqaları iştirak ediblər. İfaçıları Günel Rəhimova, Səmra Həsənli, Anna Rasina, Daniil Kirilovun ifa etdikləri fortepiano musiqisi müşayiət edib.

“Landmark” kompleksinin “Rotunda” zalında keçirilən klassik musiqi axşamı da hər kəsə ecazkar təsir bağışlayıb. Konsertdə Azərbaycan, İtaliya, Rusiya və Gürcüstandan olan ifaçılar iştirak ediblər. Klassik musiqi əsərləri səsləndirilib və çıxışlar fortepiano ilə müşayiət olunub. Tədbirə məşhur müğənnilərlə bərabər, istedadlı gənclər də qatılıblar. 

Növbəti proqram Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təqdim edilib. Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə orada maraqlı konsert olub. Xalq artisti Rafael Bayramovun rəhbərlik etdiyi Gəncə Dövlət Kamera Orkestrinin müşayiəti ilə Xalq artistləri Fidan Hacıyeva, Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Taleh Yahyayev, Rüstəm Cəfərov, Samir Pişnamazzadə və digər vokal ifaçıları dünya və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər. Proqram həm də İtaliyadan gəlmiş tanınmış vokalçı Ripalta Bufonun ifası ilə yadda qalıb. Konsertdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, şəhər ictimaiyyəti iştirak ediblər.

Azərbaycanın Əməkdar artisti, bakılı bariton Anton Ferştandt jurnalistlərə müsahibəsində festivalın əhəmiyyətini qeyd edib:

– Opera festivalları həmişə həm əyləncə, həm təhsil proqramı, həm də sənətçilər arasında təcrübə mübadiləsidir. Müxtəlif ölkələrdən olan iştirakçıların faydalı qarşılıqlı əlaqələri, bir çox yeni tanışlıqlar, gənc və təcrübəli sənətkarların birgə çıxışları ölkənin mədəni həyatında müsbət addımdır. 

Ə.DOSTƏLİ 
XQ

 

Seçilən
303
22
xalqqazeti.az

10Mənbələr