Son illərdə beynəlxalq səviyyəli mötəbər idman yarışlarına və bu sahə ilə bağlı digər tədbirlərə ev sahibliyi hüququnun Azərbaycana verilməsi bir növ ənənə halını alıb. Dünyanın idman ictimaiyyətinin nəbzi yenidən Bakıda döyünəcək. Belə ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin bu statusa layiq görüldüyü təsdiqlənib. Gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Azərbaycanda idmanın inkişafı üçün həyata keçirilən nümunəvi fəaliyyət
Beynəlxalq təşkilatın bəhs olunan qərarı verməsi ölkəmizin reallıqları ilə bağlıdır. Rəsmi məktubda Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.
Sevindirici haldır ki, hazırda Azərbaycan dünya miqyasında güclü idman ölkəsi kimi tanınır. Respublikamızda idmanın inkişafı, onun bütün ölkə boyunca kütləviliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Son illərdə respublikamızda idmanın inkişafından və kütləviləşməsindən söhbət açarkən yeni yaradılan müasir infrastrukturun rolunu xüsusi qeyd etmək lazımdır. Yeni tikilən və yaxud yenidən qurulan arenalar sayəsində Azərbaycan son dərəcə müasir idman infrastrukturuna malik ölkəyə çevrilib. Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır.
Qeyd edək ki, ölkəmizdə müasir idman infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü işə 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin dəyişməsindən sonra başlanıb. Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamilərini tapdılar. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də bu sahədə müasir infrastruktur qurulmasına start verildi.
Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu-Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi barədə də ən xoş söz söyləmək mümkündür. “Sevindirici hal ondan ibarətdir ki, bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Eyni zamanda, biz Bakı şəhərində ən mötəbər idman yarışlarını qəbul etmişik və yeni yarışları qəbul edəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Respublikamızda yeniyetmələr və gənclər arasında idmana marağın artmasında, onun kütləviliyinin təmin olunmasında Prezident İlham Əliyevin hər il beynəlxalq yarışlarda yüksək nəticələr qazanan idmançılarla şəxsən görüşməsi, onları mükafatlandırması və yüksək dövlət təltiflərinə layiq görməsi mühüm rol oynayır. Bu, gənclərimizə güclü stimul verərək onları yeni-yeni nailiyyətlər qazanmağa ruhlandırır. Əlamətdar haldır ki, dövlətimizin başçısı sonuncu belə görüşü 21 dekabr 2023-cü ildə tarixi şəhərimiz olan Xankəndidə keçirdi. Xankəndi 30 il ərzində separatçıların yuvasına çevrilmişdi. Qəhrəman Azərbaycan Ordusu ötən il sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq burada separatizmin kökünü birdəfəlik kəsdi. Bu gün şəhərdə Azərbaycan Bayrağı əzəmətlə ucalır və hər bir azərbaycanlıya sonsuz qürur hissi bəxş edir. Bu hiss idmançılarımıza da yaxşı bəllidir. Onlar beynəlxalq yarışlarda hər dəfə fəxri kürsünün yüksək pilləsinə qalxıb bayrağımızı ucaldanda, himnimizi səsləndirəndə məhz bu hissləri yaşayırlar. Ölkəmizin tarixində saysız-hesabsız idman yarışları keçirilib, çoxlu sayda görüşlər təşkil olunub. Ancaq ötən ilin dekabrında Xankəndidə baş tutan futbol maçtı və oyunun fasiləsində dövlətimizin başçısının idman ictimaiyyətinin nümayəndələri ilə görüşməsi tariximizdə əbədi qalacaq.
Beynəlxalq idman ictimaiyyətinin artan inamı
Yaradılan möhkəm infrastruktur, ölkədəki möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi və xalqın xoş məramı beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Bunun nəticəsidir ki, son illərdə respublikamızda Avropa və dünya çempionatlarının keçirilməsi adi hala çevrilib. 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitələri Birinci Avropa Oyunlarının keçirilməsi və bu şərəfli missiyanın Azərbaycana həvalə edilməsi ilə bağlı qərar qəbul edib. Respublikamız 2015-ci ilin yayında Birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdi. Yarışlarda 50 Avropa ölkəsindən 6000-dən çox idmançı mübarizə aparıb. Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edilmişdi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növü idi. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıblar. Birinci Avropa Oyunlarının keçirilməsində respublikamız çox yüksək standartlar müəyyənləşdirdi. Oyunlara hazırlıq əməliyyatlarının yüksək səviyyədə həyata keçirilməsində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin genişmiqyaslı fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev 2015-ci il 29 iyun tarixində Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə müvafiq Sərəncam imzalayıb. “Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Bu, ümumiyyətlə ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir”, - deyə dövlətimizin başçısı Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdə vurğulayıb.
Birinci Avropa Oyunlarından sonra İslam dünyası IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi hüququnu Azərbaycana həvalə etdi. Bu Oyunların da miqyası çox böyük idi. İslam Həmrəyliyi İdman Federasiyasının bütün üzv dövlətləri Oyunlara qatıldılar. Oyunlarda 21 idman növü üzrə 54 dövlətin 3 000-dən çox idmançısı mübarizə apardı. Atletlər 269 dəst medal uğrunda yarışdılar. Respublikamız Birinci Avropa Oyunlarından sonra müsəlman dünyasını bir araya gətirən İslamiadaya yüksək səviyyədə ev sahibliyi etməklə dünyaya o mesajı verdi ki, idman ölkəsi olan Azərbaycan həm də mədəniyyətlər, dövlətlər və xalqlar arasında həmrəyliyin güclənməsinə, əməkdaşlığın dərinləşməsinə töhfə verməyə həmişə hazırdır.
Paytaxt Bakı 2016-cı ildən başlayaraq dünyada çox məşhur olan Formula-1 yarışlarına ev sahibliyi edir. Məlumdur ki, hər dəfə bu yarışları bütün qitələri əhatə edən təxminən 500 min tamaşaçı auditoriyası izləyir. Onlar dünyanın ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, qədim tarixə malik müasir Bakının füsunkar gözəlliyi ilə tanış olurlar. Xatırladaq ki, yarışlar Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanallarında yayımlanır. Formula-1 Azərbaycan Qran-Prisi bir daha sübut edir ki, paytaxtımız təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu şəhərdir.
İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycan təkcə ötən il gimnastikanın dörd növü üzrə Dünya Kuboku, Formula 1 üzrə Azərbaycan Qran-Prisi, yeniyetmə cüdoçular arasında Avropa Kuboku, bədii gimnastika üzrə 39-cu Avropa çempionatı, taekvondo üzrə böyüklər arasında dünya çempionatı, şahmat üzrə kişilər və qadınlar arasında Dünya Kuboku, həndbol üzrə 17 yaşlı qızlar arasında Avropa çempionatı, atıcılıq üzrə dünya çempionatı, IBSA cüdo Qran-Prisi, çövkən üzrə dünya çempionatı, MMA üzrə
“Landmark 7” beynəlxalq Rizin, hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı kimi nüfuzlu yarışlara ev sahibliyi edib.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped turniri 2023-cü ilin ən əlamətdar idman hadisələrindən biri oldu. Veloyarışda dünyanın 14 ölkəsindən tanınmış idmançılar, güclü komandalar qələbə uğrunda mübarizə apardılar. İyunun 7-də Bakıda startı götürülmüş 3 gün davam edən turnir Şuşa şəhərində yekunlaşdı. Bu yarış işğaldan azad olunmuş ərazilərin qısa zaman kəsiyində əlverişli hala salındığını göstərməklə yanaşı, həm də Qarabağda idmanın inkişafına diqqət göstərildiyinin bariz nümunəsi oldu.
Ən nüfuzlu arenalarda Azərbaycan Bayrağı ucaldılır, himnimiz səsləndirilir
Ölkəmizdə idmanın inkişafına göstərilən hərtərəfli diqqət və qayğı öz bəhrəsini verir. İdmançılarımız olimpiadalarda, digər beynəlxalq yarışlarda uğurlar qazanırlar və ən nüfuzlu arenalarda onların şərəfinə Azərbaycan Bayrağı ucaldılır, himnimiz səsləndirilir. İdmançılarımız beynəılxalq səviyyəli yarışlarda qazandıqları medalların sayını getdikcə artırırlar. Onlar 2023-cü ildə Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə 1472 medal qazanıblar. Bu, idman tariximizdə rekord göstəricidir.
Bunun 799-u (214 qızıl, 208 gümüş, 377 bürünc) Olimpiya, 587-si (223 qızıl, 159 gümüş, 205 bürünc) qeyri-Olimpiya, 86-sı (27 qızıl, 31 gümüş, 28 bürünc) paralimpiya proqramının payına düşür.
Ötən il gimnastika sahəsində əldə edilmiş uğurlar isə xüsusilə yaddaqalan oldu. “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan bədii gimnastika üzrə 40-cı dünya çempionatında üçüncü pillədə qərarlaşan bədii gimnastımız Zöhrə Ağamirova gimnastika üzrə lisenziya qazanan ilk idmançı oldu. Böyük Britaniyanın Birmingem şəhərində baş tutan dünya çempionatında isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət millimiz tarixində ilk dəfə tamblinq üzrə komanda hesabında birinci yerə layiq görüldü. Yığmanın üzvü M.Malkin tamblinq üzrə qızıl medal qazanmış ilk idmançı kimi adını tarixə yazdı. Amma ilklər, sadəcə, bunlarla yekunlaşmadı. Azərbaycan gimnastika tarixində ilk dəfə qarışıq cütlüyümüz (Ağasif Rəhimov və Raziyə Seyidli) və kişi cütlüyümüz (Daniel Abbasov və Murad Rəfiyev) böyüklər arasında Avropa çempionu titulunu qazanmağa nail oldular. Ümumiyyətlə, ötən il fərqli yaş kateqoriyasında çıxış edən kişi və qadın gimnastlarımız müxtəlif növlər üzrə Avropa və dünya çempionatlarında ümumilikdə 10 qızıl medal qazanıblar ki, bu da Azərbaycan gimnastikası tarixində ilkdir.
Ötən il cüdo sahəsində də bir çox ilklərin şahidi olduq. Qadın cüdoçumuz Xədicə Qədəşova Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu kimi tarixə düşdü. O, buna Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında dünya çempionatında nail oldu. Portuqaliyanın Odivelas şəhərində təşkil olunan yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız ilk qızıl medallarını qazanmaqda idman sahəsində öz izlərini qoydular. Azərbaycanın cüdo üzrə üçqat Avropa çempionu Hidayət Heydərov isə Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində tarixi uğura imza atdı. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı “Gündoğar ölkə”də fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan cüdoçusu oldu.
Elə bugünlərdə Azərbaycanın idman ictimaiyyəti daha bir xoş xəbər alıb. Belə ki, Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanıb. Xatırladaq ki, 27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. O, 10 qarşılaşmada 8,5 xal toplamaqla bunu bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb.
Mübariz ABDULLAYEV
“