AZ

Şahlar Əsgərov: "Heydər Əliyev sanki yer adamı deyildi..." (MÜSAHİBƏ)

(Yazı "Azərbaycançılıq ideyasının təbliği" mövzusu üzrə hazırlanıb)
 
"Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir deyirdi" Heydər Əliyev. SSRİ-də rəhbər vəzifələrdə işləyərkən də, müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il müdddətində də bu sözləri onun əsas həyat devizi olub. 

O, müstəqil Azərbaycanı dünya arenasına çıxararaq, onun siyasi, iqtisadi, sosial gücünü dəfələrlə sübut edib. Bir çox ölkələrin prezidentləri Heydər Əliyev haqqında yüksək fikirlər səsləndirərərək, onu tarixi şəxsiyyət adlandırıb. Heydər Əliyevin Azərbaycan ziyalısına göstərdiyi qayğı, hörmət sonsuz olub. Bütün rəsmi və qeyri-rəsmi görüşlərdə ilk fürsətdə onlarla danışıb, müzakirələr aparıb.

Qaynarinfo tanınmış ictimai-siyasi xadim, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında sabiq İctimai Şuranın sədri Şahlar Əsgərovun Heydər Əliyev haqqında xatirələrini öyrənib.

"ANAM MƏNİ BÜTÜN AZƏRBAYCAN ÜÇÜN DÜNYAYA GƏTİRİB"

- Şahlar bəy, bu gün Heydər Əliyevin anadan olmasının 101 illiyidir. Siz Heydər Əliyevi, onun hakimiyyət illərini necə xatırlayırsınız?

- Bəli, bu gün Ulu Öndərin anadan olmasının 101 illiyidir. Ulu Öndər öz doğum günü ilə bağlı yazılarının birində qeyd edib ki, "mən anadan olanda on, bəlkə də iyirmi ailə sevindi, amma sizə deməliyəm ki, anam məni bütün Azərbaycan üçün dünyaya gətirib".

Azərbaycanda hazırda 10 milyon insan yaşayır, amma heç kəs belə bir fikir söyləməyib və söyləyə bilməz. Çünki Heydər Əliyev kim olduğunu və Azərbaycan üçün nələr etdiyini yaxşı bilirdi. Heydər Əliyev çox böyük şəxsiyyətdir. Böyük şəxsiyyətləri bilmək, başa düşmək, dərk etmək üçün zamana ehtiyac var. Zaman nə qədər çox keçsə, həmin şəxsiyyətlərin böyüklüyü bir o qədər çox görünür. Amma bununla bərabər, güman edirəm ki, Heydər Əliyevə ən dəyərli qiyməti Türkiyənin keçmiş baş naziri Bülent Ecevit verib. O deyib ki, Heydər Əlirza oğlu min ildə bir dəfə dünyaya gələn dahilərdəndir. Yəni, Heydər Əliyevi Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Əbülfəz Elçibəydən sonrakı prezident kimi qəbul etmək sadəlövhlükdür. 
 
- Heydər Əliyevin hakimiyyət illərini necə xatırlayırsınız?

- Heydər Əliyev Azərbaycanda iki dəfə hakimiyyətdə olub. Birinci dəfə Sovet respublikasının başında dayanıb. Bu dövrdə Heydər Əliyev çox böyük işlər görüb. Maddi dəyərlərdən ibarət irs qoyub. Doğrudur, mənəvi dəyərlər də var. Məsələn, böyük Hüseyn Cavidin nəşinin Sibirdən gətirilməsi, Nəsiminin məzarının Hələbdə ziyarət edilməsi, Vaqifin heykəlinin qoyulması mənəvi dəyərlərə aid nümunədir. Şəhərlər, mikrorayonlar, körpülər saldırıb, saraylar tikdirib. Heydər Əliyev "Minilliklərin qovşağında" əsərində yazıb ki, Azərbaycanda 14 il müddətində 220-dən çox böyük müəssisə yaradıb. İndiki Heydər Əliyev Sarayı olan keçmiş Respublika Sarayını 1972-ci ildə tikdirib. 

Heydər Əliyev o qədər sadə insan idi ki, "Əsrin Müqaviləsi" kimi böyük bir müqaviləni özünün şah əsəri saymırdı. Ancaq rəhmətlik Xoşbəxt Yusifzadə deyirdi ki, "Əsrin Müqaviləsi" Heydər Əliyevin şah əsəri idi. 

- Şahlar bəy, Heydər Əliyevin Bakıya gəlişini nə labüd etdi? Həmin dövrdə hadisələr necə cərəyan edirdi?

- 1987-ci ildə düzü əyridən seçə bilməyən Mixael Qorbaçov Heydər Əliyev zorən istefayə məcbur edir. İşdən çıxandan sonra da Qorbaçov Heydər Əliyevi izlətməyə başlayır. "Əliyevşina" deyilən termini atır ortalığa. Heydər Əliyev haqqında mənfi söz deyən hər kəsin üzünə bütün mətbuatı açır. Tapşırır ki, Heydər Əliyevi müdafiə edən heç kəsi mətbuata yaxın buraxmayın. Heydər Əliyevin özü də dediyi kimi, həmin illər onun ömrünün ağır səhifələri olur. Bu ağır dövr 1993-cü ilə qədər davam edir. O deyirdi ki, məni tənqid etsələr də, hətta cavab vermək hüququm da yox idi. 

Heydər Əliyevin təqib olunduğu bu dövürdə onun Bakıya gəlməyinə rəsmi Moskva qadağa qoyur. Heydər Əliyevin çox böyük siyasətçi olduğunu Moskva yaxşı bilirdi. Onlar başa düşürdülər ki, Heydər Əliyevin bura gəlişi ilə Bakı Moskvanın orbitindən çıxa bilər. Lakin bütün qadağalara baxmayaraq, o, 1990-cı il iyulun 20-də Bakıya gəlir. Gələndən sonra isə hədələr, tənqidlərlə ona imkan vermirlər və Heydər Əliyev iki gün sonra məcburən poçt təyyarəsi ilə Naxçıvana uçur.

- Naxçıvanda əhali Heydər Əliyevi necə qarşılayıb? 

- Naxçıvanda isə əhali onu böyük məhəbbətlə qarşılayır, orda deputat, Ali Sovetin sədri seçilir və Naxçıvanda yaşamağa başlayır. Rəsmi Moskva isə bununla razılaşır. Deyir, orda yaşasın, nə edir-etsin, qocalsın, orda dünyasını dəyişib dəfn olunsun, bircə Naxçıvandan Bakıya gəlməsin.

- Yenidən Heydər Əliyevin Bakıya dönüşü necə baş verir? 

- Heydər Əliyevi Naxçıvandan Bakıya başda Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Siruz Təbrizli olmaqla 91 Azərbaycan ziyalısı dəvət etdi. Moskvanın Heydər Əliyevə qoyduğu bu qadağanı 91-lər qırdı. Mən də həmin 91 ziyalının arasında idim. Həmin o ilk görüşü çox gözəl xatırlayıram. İyunun 9-u saat 3-də təyyarə Bakı Hava Limanına endi. 300-ə yaxın insan onu qarşıladı. Mən də orada idim. 

- Sizdən başqa kimlər var idi?

- Mən fizik olduğum üçün həmin qarşılamada iştirak edən öz həmkarlarımı yaxşı xatırlayıram. Xəlil Xəlilov, Zahid Dünyamalıyev, onlardan başqa siyasətçilər, jurnalistlərin də iştirak etdiyi bu qarşılanma mərasimində 300 nəfər var idi. Bu görüş Əbülfəz Elçibəyin dəvəti ilə olmuşdu. O, Heydər Əliyevin arxasınca Naxçıvana təyyarə göndərib, gəlməyini xahiş etmişdi.
 


- Bu dönüşü Heydər Əliyevin həyatının və siyasətinin ikinci dövrü adlandırmaq olarmı?

- Bəli. Qeyd edim ki, Heydər Əliyevin həyatının ikinci dövrü müstəqil Azərbaycanla bağlıdır. O, bu dövrdə çox böyük əhəmiyyətli, tarixi və zəngin mənəvi dəyərlər yaradıb. Birinci fəaliyyəti dövründə o iki dəfə Sosialist Əməyi Qəhrəmanı medalı alıb, Naxçıvanda isə büstü qoyulub. Daha sonra onun Moskvadakı evini də əlindən alıb, yaşamağa da imkan vermədilər. O da Naxçıvana gəldi. Burada Yeni Azərbaycan Partiyasını yaratdı. 

- Bu partiyanı həm də 91-lər hərəkatı ilə bağlayırlar. Bu fikirlər doğrudurmu?

- Doğrudur, 91-lər hərəkatının belə bir ideyası var idi, onlar istəyirdilər ki, partiya yaradılsın, onun başında Heydər Əliyev dayansın. Lakin Heydər Əliyev bunu istəmirdi. Bunun da öz səbəbi var idi. Onun yaşı 70-i keçmişdi və qanuna görə də yaşı 65-dən yuxarı olanlar ali rəhbər vəzifəsi tuta bilməzdi. Ona görə də Heydər Əliyev imtina edib, buna ehtiyacı olmadığını deyirdi. Lakin 91-lər Heydər Əliyevi inandırdı. Bu işin ideoloqraından biri olan Siruz Təbrizli 39 gün Naxçıvanda Heydər Əliyevin yanında oldu. Hər gün onunla görüşdü, bu məsələni müzakirə etdi. Nəhayət Heydər Əliyev partiyanın yaradılmasına və onun sədri olmağa razılıq verdi. Partiyanın sənədlərini isə özü təzdən işlədi, beləliklə partiya yarandı. Partiya yaranandan sonra seçkilərə getdi. Seçkilərdə isə ilk dəfə çoxpartiyalı, ateist olmayan, demokratik bir dövlətin prezidenti oldu.

- Ancaq Heydər Əliyevin hakimiyyətinin ilk illəri asan keçmədi…

- Bəli, bəzi qüvvələr dayanmadı. Bundan sonra Heydər Əliyevi yenə devirməyə çalışdılar. 1993-cü ildə Talış-Muğan Respublikası, 1994-cü ildə Gəncə hadisələri, 1995-ci ildə OMON-çular bunu etmək istəsə də, gücləri çatmadı. Heydər Əliyev onların hamısına qalib gələrək Azərbaycanı dirçəltməyə başladı. Bütün fəaliyyəti dövründə Heydər Əliyev ümumxalq məhəbbəti qazanaraq dahi, tarixi şəxsiyyət adını aldı. 

Bir haşiyə çıxım. Heydər Əliyevə sağlığında ümummilli lider deyirdilər, indi də çox işlədirlər. Amma mən elə sizin sayt vasitəsi ilə demək istəyirəm ki, lider yaşayan adama deyərlər. 2003-cü ildə Heydər Əliyev dünyasını dəyişib və o gündən bizim Ulu Öndərimizdir. Heydər Əliyev bizim Atatürkümüzdür. Liderimiz isə İlham Əliyevdir. Bu sözün fərqinə varmağa böyük ehtiyac var. 

Sual oluna bilər ki, Heydər Əliyev niyə Ulu Öndərdir? Heydər Əliyev təxminən 500-ə yaxın aforizmlərin və dəyərli ifadənin müəllifidir. Böyük bir filosofdur. Brejnev təqribən 14 il SSRİ-nin başında dayandı, amma heç bir çıxışında bir aforizm deyə bilmədi. Lakin Heydər Əliyevin hər çıxışı fəlsəfi və aforizmlərlə dolu olub.  

Heydər Əliyev təkrarçılığı sevməzdi, amma bu aforizmi tez-tez təkrar edirdi: "Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsılmazdır". Bu sözü ona görə tez-tez səsləndirirdi ki, həmin dövrdə olan müxtəlif qruplar - kommunistlər, AXC və ya müxtəlif adamlar deyirdi ki, bu dövlətin axırı yoxdur, gec-tez dağılacaq. Heydər Əliyev də bu fikirləri insanların beynindən çıxartmaq üçün həmin ifadəni tez-tez səsləndirirdi. İstəyirdi insanlarda inam, ruh yüksəkliyi yaransın. İnsanlar dövlətə inansın, onu müdafiə etsin.

1997-ci ildə professor Səlahəddin Xəlilovla birgə Heydər Əliyevin aforizmlərini 3 kitab şəklində 3 dildə çap etdik. Yəni, onun hakimiyyətə gəlişinin 4-cü ilində biz onun nəhəng bir şəxsiyyət olduğunu görmüşdük. İndi Heydər Əliyev haqqında məqalələr yazan var, amma onlar Heydər Əliyevi tam oxumayıblar, oxusalar, YAP-çılardan yaxşı Heydər Əliyevçi olardılar. Heydər Əliyevi oxuyan adam siyasi müxalifətdə dura bilməz. Ölkədə iqtisadiyyatda, təhsildə, mədəniyyətdə müxalif olmaq olar, amma siyasətdə Heydər Əliyevə müxalif olmaq olmaz. Çünki o, Azərbaycan xalqının bütün dəyərlərini ən zirvədə təmsil edib, onu qiymətləndirib. Heydər Əliyevə dahi deyirik, onun dahiliyi ondadır ki, iki dəfə hakimiyyətdə oldu, birində Sovet respublikasının başında dayandı, amma yeri gəldikcə də öz milləti üçün böyük iqtisadi işlər gördü, mənəvi dəyərləri də unutmadı. Heydər Əliyev əsərlərinin birində qeyd edib ki, "mən 14 ildə Bakıda Bakının yaşam fondu qədər ev tikdim. Elə bilin ki, ikinci Bakını tikdim". Ancaq o özünə bir ev tikmədi. 

Heydər Əliyev çox sadə insan idi. O öz övladlarına çox yığcam, sadə toy edib. Qızına 5 ailə ilə toy edib, oğlunun toyunda isə cəmi 50 nəfər iştirak edib. Əgər Heydər Əliyevin yaratdığı irsi bir üzüyə bənzətsək, o üzüyün qızıl halqası yaratdığı dəyərlər, qaşı isə yaratdığı mənəvi dəyərlərdir. Heydər Əliyev qızına toy etiyi illərdə siyasi büronun digər üzvü, Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi Qriqori Romanov qızına 500 nəfərin iştirakı ilə  toy edib. Heydər Əliyev toyu evində edərkən, o Leninqradın ən böyük Tavrik zalında edib. O toyda isə Ermitaja məxsus 144 personlu antikvar servisdən istifadə olunub. 

Sanki Heydər Əliyev yer adamı deyildi. Universitet diplom verdi, götürmədi, Akademiya akademik ünvanı verdi, götürmədi, 1994-cü ildə Abbas Mustafayev adlı Binəqədi YAP sədri  ona büst qoydu, Heydər Əliyev dedi, lazım deyil, büstü götürtdü. Bakı boyda bir Bakı tikdi, özünə isə bir ev götürmədi. 

- Heydər Əliyev qeyri-rəsmi necə insan idi? Ətrafdakılara, yaxın insanlara, çevrəsinə necə münasibət göstərirdi?

- Çox sadə insan idi. Onu ən yaxşı o vaxt çapdan çıxan "Avrasiya" qəzetinin müxbiri İrfan Sapmaz belə təsvir etmişdi. "Heydər Əliyev qılıncdan iti, pambıqdan yumşaq insandır”. 

- Şahlar bəyin Heydər Əliyevlə bağlı unutmadığı, özəl xatirəsi varmı?

- Var, çoxdur. Birini deyim. Heydər Əliyev Abel Məhərrəmovu BDU-ya rektor təyin edəndə soruşur ki, filosof Şahlar da bu universitetdə professordur? Deyir, bəli, cənab Prezident, ancaq o filosf deyil, fizikdir. Heydər Əliyev də cavab verir ki, oğul, sən bilmirsən, o filosofdur. 
Bu da  gözəl xatirələrdən biri…
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 

 


Seçilən
287
47
qaynarinfo.az

10Mənbələr