Baş Prokurorluq bu il fevral ayının 13-də bir ailənin 5 üzvünü qəsdən öldürməkdə təqsirli bilinən Əhməd Əhmədovla bağlı ekspertiza rəyini açqılayıb.
Bu barədə Yenicag.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cari il fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş təkrar komission məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.
Cinayət işi üzrə toplanmış sübutlar, o cümlədən ilkin və təkrar komission məhkəmə-psixiatrik ekspertizasının rəyləri nəzərə alınaraq təqsirləndirilən şəxs Ə.Əhmədovun cəmiyyət üçün təhlükəli olması müəyyən edildiyindən onun barəsində Xətai rayon prokurorluğunda tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul olunub.
İbtidai istintaq davam etdirilir.
***
İkisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə bağlı yekun ekspertiza rəyi açıqlanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokurorluğun etirazı əsasında keçirilən budəfəki ekspertiza rəyi də Əhməd Əhmədovun anlaqsız olduğu qənaətinə gəlib.
Rəydə qeyd olunur ki, təqsirləndirilən şəxs hadisəni törədərkən anlaqsız vəziyyətdə olub.
Məlumat üçün deyək ki, bundan əvvəlki ekspertiza rəyi də hazırkı ilə eyni olmuşdu.
Bundan sonrakı mərhələdə Ə.Əhmədova yekun ittiham elan ediləcək, cinayət işi baxılması üşün məhkəməyə göndəriləcək.
Məhkəmə də təqsirləndirlən şəxsin hadisəni anlaqız vəziyyətdə törətdiyi qənaətinə gəlsə Əhməd Əhmədov cəzadan azad ediləcək. Lakin o, azadlığa buraxılmayacaq, barəsində ixtisaslaşmış tibb müəssisəsində məcburi müalicə təyin ediləcək.