AZ

Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar

Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib.

Cari ilin 8 may tarixi Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri və hər iki ölkə başçısının mətbuata verdiyi bəyanatla yadda qaldı.

Prezident İlham Əliyev bildirdi ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib.

Səmərəli siyasi dialoqdan söz açan ölkə başçısı qeyd etdi ki, fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin.

Dövlət başçısı vurğuladı ki, son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq.

Müsbət dinamikaya toxunan ölkə rəhbəri vurğuladı ki, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.

Dövlət başçısı qeyd etdi ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq.

Mühüm enerji potensialından danışan ölkə başçısı söylədi ki, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir.

Ölkə rəhbəri bildirdi ki, nəqliyyat sahəsi önəmli əməkdaşlıq istiqamətidir. Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmiryolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.

Ölkələrimiz arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək. Bu sənədlərin imzalanması, bundan sonra hər iki dövlətin münasibətlərinin güclənməsinə öz töfhəsini verəcək.

Ağaverdi Əliverdiyev

YAP Qusar rayon təşkilatının əməkdaşı

Seçilən
404
50
sesqazeti.az

10Mənbələr