Moskvada “Helikon Opera”sının səhnəsində mayın 15-də “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert proqramı keçirilib. SİA-nın məlumatına görə, Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi ilə keçirilən konsertdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Rusiya ictimaiyyətinin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.
Gecəni Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlu giriş sözü ilə açaraq konsert proqramının təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və “Helikon Opera”nın rəhbərliyinə minnətdarlığını bildirib:
“Bu yaxınlarda Bakıda 110 ölkənin iştirak etdiyi böyük dünya forumu keçirilib. Ən böyük heyəti Rusiya Federasiyasından idi. Çoxlu planlarımız, çox gözəl ideyalarımız var və əminəm ki, onlar həyata keçəcək”.