Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Seyid İbrahim Rəisinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub. Həmçinin Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Bəs Rəisinin vəfatından sonra proseslər hansı istiqamətdə dəyişəcək?
Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov dedi ki, Azərbaycanla İran arasında sərhəddə su qovşaqlarının yaradılması layihəsi 44 günlük müharibədən əvvəl işə düşmüşdü və o dövrdə müxalifət bu layihələr barədə çox böyük səs-küy qaldırmışdı:
"İndi nədənsə onları xatırlayıb Azərbaycan hakimiyyətinin uzaqgörənliyini etiraf etmək istəmirlər. Ötən gün sərhəddə mühüm addımlar atıldı, Azərbaycan-İran dostluğu barədə hamımızın arzuladığı bəyanatlar verildi. İşbirliyini bundan sonra da davam etdirmək, digər layihələr üzərində işləmək arzuları ifadə olundu və çox təəssüf ki, İran prezidentinin qayıtdığı helikopter qəzaya uğradı və onunla birlikdə helikopterdə olan rəsmi şəxslər həyatlarını itirdilər. Bu, son illərin ən dəhşətli faciələrindən biridir. Azərbaycan prezidenti dərhal öz narahatlığını bildirdi, İran prezidentinə dualar söylədi, helikopterin axtarılması işində Azərbaycanın yardımını təklif elədi, bir dost dövlətin rəhbərinin edə biləcəyi hər şeyi etdi. Çox təəssüf ki, nəticə belə faciəli oldu və təbiidir ki, bundan istifadə edən müəyyən qüvvələr dərhal helikopterin qəzaya uğramasının qəsd olduğunu söylədilər, bunu İsrailin, Amerika Birləşmiş Ştatlarının təşkil etdiyini dedilər. Azərbaycanın da müəyyən qədər günahlandırmaq istəyən qüvvələr ortaya çıxdı, bu da gözlənilməz deyildi. Azərbaycan-İran münasibətlərinin pozulmasını istəyən kifayət qədər qüvvələr var və erməni mətbuatı da bu cür iddiaları böyük həvəslə yaymaqda davam edir. Ancaq ümid edək ki, Azərbaycan-İran münasibətləri prezidentimizin söylədiyi kimi bundan sonra yüksək səviyyədə qalacaq, Azərbaycan-İran dostluğunu pozmaq mümkün olmayacaq. Müəyyən qüvvələrin artıq bu istiqamətdə çalışdıqları göz qabağındadır".
O bildirdi ki, hər şey İran tərəfindən asılıdır, bundan əvvəl də münasibətlərimizdə müəyyən böhranın yaranmasının əsas səbəbi İran tərəfi olmuşdu:
"Əgər bundan sonra da münasibətlərimizdə müəyyən soyuqluq yaransa, bunun səbəbi Azərbaycan olmayacaq. Təbiidir ki, bu, İran rəsmilərinin müəyyən bəyanatlarının və addımlarının nəticəsi kimi ortaya çıxacaq. Təhlükələr varmı? Təbii ki, var. Azərbaycanla İranın münasibətlərinin pozulmasında maraqlı olan kifayət qədər qüvvələr var. Bunu həm Ermənistan istəyir, həm Ermənistanın Avropadakı dostları bunu istəyir. Yəni kifayət qədər qüvvələr bu münasibətlərin pozulmasında maraqlıdır. Ancaq İran böyük tarixi olan bir dövlətdir və son aylar, son illər baş verən hadisələrdən də yəqin ki, lazımi nəticələr çıxardıblar. Ona görə biz ümid edək ki, Azərbaycan-İran münasibətlərini pozmağa, prezidentimizin dediyi kimi, heç bir qüvvənin gücü çatmayacaq və Azərbaycan-İran dostluğu bu faciəli hadisəyə baxmayaraq, bundan sonra da yüksələn xətlə davam edəcək", - deyə A.Səmədov vurğuladı.
Humay İSGƏNDƏRLİ