AZ

“Bundan sonra İranda radikallıq uğrunda yarış gedəcək...”- Ekspert

“Mübarizə əsasən Əli Xameneyinin postu uğrunda gedəcəkdir. Çünki İranda həlledici siyasi post odur, dövlətin faktiki başçısı ali dini rəhbərdir. Və son günlər yayılan bir sıra məlumatlarda deyilir ki, guya Raisi həmin posta namizədlərdən biri idi...”
 
“Şübhəsiz ki, məlum helikopter qəzasında İranın ikinci və üçüncü şəxslərinin həlak olmasından sonra ölkədə, əvvəla, daxili siyasi mübarizə kəskinləşəcək. Və bilirsiz ki. ölkənin vitse-prezidenti 50 gün ərzində prezident səlahiyyətlərini icra edəcək. Bu 50 gün tərəflər arasında hakimiyyət uğrunda mübarizə üçün həlledici bir dönəm olacaqdır. Tərəflər dedikdə ilk növbədə mühafizəkarları və təbii ki, İran meyarlarıyla mötədilləri nəzərdə tuturam”. 
 
Bunu Moderator.az-a açıqlamasında İranın daxili və xarici siyasətində mümkün dəyişikliklərdən danışan siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.
 
“İran hakimiyyətinin daxilində də müxtəlif klanlar var; o cümlədən Xameneyi klanı, özü həyatda olmasa da tərəfdarlarının idarə etdiyi Rəfsəncani klanı... Digər tərəfdən də, bu ölkədə mötədillər və mühafizəkarlar yalnız iqtisadi və siyasi dayaqlara deyil, həm də hərbi dayaqlara  malikdir. Yəni ifrat mühafizəkarların əsas dayağı İnqilab Keşikçiləri Korpusu- “SEPAH”dır, mötədillər isə daha çox İran ordusuna, Müdafiə Nazirliyinə istinad edirlər. Şübhəsiz ki,  belə bir şəraitdə mübarizə kəskinləşəcək. Amma mübarizənin əsas hədəfi həlak olmuş prezident və xarici işlər naziri postuna yiyələnmək deyil. Əlbəttə, bunlar da var... Lakin mübarizənin əsas məqsədi 85 yaşlı ali dini lideri yaxın gələcəkdə əvəzləməkdən ibarət olacaq. Mübarizə əsasən Əli Xameneyinin postu uğrunda gedəcəkdir. Çünki İranda həlledici siyasi post odur, dövlətin faktiki başçısı ali dini rəhbərdir. Və son günlər yayılan bir sıra məlumatlarda deyilir ki, guya Raisi həmin posta namizədlərdən biri idi. Ola bilər, əlbəttə. Ancaq məsələ burasındadır ki, Raisinin təhsili, xüsusən də dini təhsili ilə bağlı çaxsaylı suallar var. Onun rəqibləri dəfələrlə bu məsələləri qaldırıblar, Raisinin necə təhsil aldığı, hansı üləmalardan təhsil aldığı və s. sualları ortaya atıblar. Lakin həmin suallar cavabsız qalıb. Yəni burada söhbət ondan getmir ki, Raisi Əli Xameneyinin varisi idi. Düzdü, bu söhbətlər atılmışdı ortalığa, amma inandırıcı görünmür. Ona görə ki, hətta Raisi o posta gətirilsəydi belə, yəqin ki, İrandakı ayatollahların bir hissəsi buna etiraz edərdi. Bu da İranın əsas dini rəhbərliyi olan Ali Dini Şuranın parçalanması demək olardı”, - deyə davamında siyasi təhlilçi bildirib.
 
“Şübhəsiz ki, bundan sonra İranın siyasətində hansısa dəyişikliklər olacaqdır. Və düşünürəm ki, həmin dəyişikliklər pozitiv deyil, əsasən neqativ istiqamətə yönələcək. Bundan sonra İran istər daxili, istərsə də xarici siyasətdə öz status-kvosunu qoruyub saxlamaq üçün çalışacaq ki, bir qədər də radikallaşsın. Və məsələ burasındadır ki, həmin o iki qanad arasında gedən mübarizədə kim hakimiyyətə yiyələnəcəksə, və yaxud kimin şansları daha yüksək olacaqsa, xarici və daxili siyasətdə loyallıq göstərən əks tərəfi İslam inqilabı ideyalarına xəyanətdə ittiham edəcək. Deməli, bundan sonra İranda radikallıq uğrunda yarış gedəcək. Bu da özünü, dediyim kimi, həm daxili, həm də xarici siyasətdə, o cümlədən Azərbaycana münasibətdə də göstərəcək. Hər cür sərsəm, absurd ittiham və bəyanatlar eşidə bilərik. Amma ümid edək ki, bu məsələlər bəyanatlardan o tərəfə  getməyəcək. Lakin bütün hallarda müsbət tendensiyalar görünmür”, -deyə analitik yekunlaşdırıb.
 
Sultan Laçın
 
Seçilən
310
50
moderator.az

10Mənbələr