Ermənistanın baş nazirinin mətbuat katibi Nazəli Bağdasaryan Nikol Paşinyanın “2020-ci ildə Ermənistana qarşı 44 günlük müharibənin hazırlanmasında iki KTMT ölkəsi iştirak edib” deyərkən konkret hansı dövlətləri nəzərdə tutduğunu şərh etməkdən imtina edib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Xatırladaq ki, Ermənistan baş naziri mayın 22-də parlamentin tribunasından belə rezonans doğuran bəyanatla çıxış edib.
“Müttəfiqlərimiz 2020-ci ilin 44 günlük müharibəsinin hazırlanmasında iştirak etməyiblər. Bizə qarşı müharibənin hazırlanmasında iştirak edən ən azı 2 KTMT üzv ölkəsini tanıyıram” - o deyib.
“Paşinyanın hansı ölkələri nəzərdə tutması” ilə bağlı sualına cavab olaraq Bağdasaryan bildirib ki, ”baş nazirin sözlərinə əlavə edəcək heç nə yoxdur”.
Bağdasaryana, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “belə ciddi bəyanatlardan danışırıqsa, bu ölkələri səsləndirmək daha məntiqlidir” sözləri də xatırladılıb.
Baqdasaryan cavab olaraq sualı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinə yönləndirməyi xahiş edib.
Musavat.com