Yəhya Babanlı: “Bu ritorikanın reallığa çevrilməsi rəsmən 3-cü dünya müharibəsinin başlaması deməkdir”
Fransa, sonra isə Polşa Ukraynaya qoşun göndərəcəklərini bəyan etdikdən sonra Rusiya prezidenti Vladimir Putin Avropanı açıq təhdid edib. Putin rəsmi təmaslar üçün səfər etdiyi Özbəkistanın paytaxtı Daşkənddə diqqət çəkən açıqlamalar verib.
“Biz radioda daim ingilis, fransız və polyak dillərində danışıqlar eşidirik. Biz bilirik ki, muzdlular deyilən o adamlar artıq oradadır. Bu, Avropada və dünyada ciddi münaqişəyə doğru bir addımdır. Onlar bunu istəyirlər? Yaxşı, onda...
Xüsusilə Avropadakı NATO ölkələri və kiçik dövlətlərin nümayəndələri nə ilə oynadıqlarını bilməlidirlər. Onlar unutmamalıdırlar ki, ümumiyyətlə, əhalisi çox, torpaqları kiçik olan ölkələrdir. Onlar Rusiya ərazisinin dərinliklərinə hücum etməkdən danışmazdan əvvəl bu amilləri nəzərə almalıdırlar” - deyə Putin bildirib.
Maraqlıdır, Putin bu mesajla Qərbə nəyi demək istədi? Yəni onlar Rusiya kimi böyük ölkənin ərazilərinə zərbə endirməyin nə demək olduğunu bilməlidilər. Bir sözlə, Putin bununla nə demək istəyir? Həm hərbi-strateji, həm də siyasi olaraq bu nə deməkdir?
“Ona görə də Qərb Putinin xəbərdarlığına ciddi yanaşmalıdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix elmləri üzrə fəlsəfə doktoru, professor Yəhya Babanlı buna bir neçə prizmadan yanaşdı: “Beynəlxalq münasubətlər sistemindəki mövcud dəyişikliklər optimallaşmadan dünya xaosa doğru irəliləyir. İlkin qənaətimiz belədir. Dünya dövlətləri XX əsrdə karbohidrogen ehtiyatları - resursları uğrunda “savaşırdısa” hazırda bu tranzitlər üzərində gedir. Qeyd edim ki, yaxın gələcəkdə bu amili şirin su mənbələrinə çıxış imkanı əvəzləyəcək. Bu ritorikalar istər milli, istərsə də beynəlxalq hüquq çərçivəsində absurd görünür. Hər hansısa bir ölkəyə qoşun yeritmək bir şəxsin işi deyil. Demokratik ölkələr kontekstində. Özü də hərbi təşkilatın - NATO-nun üzvü olan dövlətlər timsalında. Bu blef daxili publikaya - sosial şəbəkələrə hesablanıbsa başqa məsələ. Fransa hakimiyyəti öz daxilindəki problelemlərdən publikanı yayındırmaq üçün qlobal oyunçu olduğunu göstərmək istəyir. Polşa həmsərhədində baş verən müharibədən narahatdı təbii ki. Ancaq tarixi keçmişi və regional balansı gərək gözləsin. Mürəkkəb situasiyadan zərər görməmək üçün səbatlı davransın. Ancaq bəşəri məsuliyyət hiss edilməlidir: çünki bu ritorikanın reallığa çevrilməsi rəsmən 3-cü dünya müharibəsinin başlaması deməkdir. Rusiya dövlət başçısı V.Putin öz milli maraq və təhlükəsizliyini ifadə edir. Hər bir halda BMT Təhlükəsizlik Şurasının 2 üzvünün qeyri-adekvat addımları dünya sülh prosesinə yaxşı heç nə vəd etmir. Nə də ki, Ukraynanın suveren gələcəyinə. Biz münaqişədən, işğaldan, müharibədən ziyan çəkən ölkə olaraq ATƏT-in Minsk Qrupunun təcrübəsinə yaxşı bələdik. Fransanın Qarabağ probleminin həllindəki “ədalətli” mövqeyi, yeri və rolu göz önündədir. Rusiya bu gün Çin, Türkiyə, Mərkəzi Asiya ölkələri də daxil olmaqla öz mövqelərini möhkəmləndirir. Ukraynada son dövrdəki hərbi əməliyyatları ilə nə demək istədiyini açıq bəyan edir. Ukrayna gərək daxili potensialını dəyərləndirsin, kənar vədlərə etibar etməsin. Yaxın keçmişdəki münaqişə və münasibətlərin təhlili hər bir gerçəyi şəffaf şəkildə göstərir. Ona görə də Qərb Putinin xəbərdarlığına ciddi yanaşmalıdır. Rusiyanın ərazisinin böyük olması həm də o deməkdir ki, strateji dərinlik böyükdür. Biz tarixdən bunun İkinci Dünya müharibəsində Almaniya ordusunu necə yorduğunu və taqətdən saldığını yaxşı bilirik. Putin bununla Qərbin də bənzər durumla üzləşə biləcəyi xəbərdarlığını edir”.
Vidadi ORDAHALLI