İlkin proqnozlara görə, yeni tədris ilində Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə 258 şagirdin təhsil alacağı nəzərdə tutulur.
Bu barədə məktəbin direktoru Səbinə Gözəlova jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, şagird sayına uyğun olaraq təxminən 24-ə yaxın müəllimin işlə təmin olunması nəzərdə tutulur və say arta bilər.
Məktəbin bərpasının yekunlaşdığını xatırladan S.Gözəlova vurğulayıb ki, hazırda Şuşaya Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin köçürülməsi davam edir: “Ümumi təhsil müəssisəsində əsasən Şuşada qeydiyyatında olan və burada müxtəlif müəssisələrdə çalışan insanların ailələrindən olan insanlar işlə təmin olunacaqlar. Müəllimlər üçün sitimullaşdırıcı təlimlər də nəzərdə tutulur. Eyni zamanda yay məktəbi vasitəsilə həm pedaqoji heyətin, həm də şagirdlərin məktəbə adaptasiyası planlaşdırılır”.
Direktor həmçinin əlavə edib ki, məktəbdə rus bölməsi fəaliyyət göstərməyəcək: “Bakıda yaşayan və Şuşaya qayıdacaq əhali arasında yuxarı siniflərdə təhsil alacaq şagirdlər arasında rus bölməsində oxuyanlar var. Məktəbdə həmin şagirdlərin Azərbaycan dilində təhsil almasına dəstək olacaq müəyyən proqramların icrası nəzərdə tutulur. Belə ki, bunun üçün müəllimlər ödənişsiz dərs proqramları keçəcəklər”.
Qeyd edək ki, müasir standarlara cavab verən Şuşa şəhəri 1 nömrəli tam orta məktəb 960 şagird yerlikdir. 3 mərtəbə, 5 blokdan ibarətdir. Məktəbdə 24 nəfərlik 40 sinif otağı, kitabxana, oxu zalı, STEAM mərkəzi, gənclərin ibtidai hərbi hazırlığı, musiqi, tibb və iaşə kabinetləri var.