Eyyub Kərimli: “Nə bizim, nə də onların bir-birimizi əvəz edəcək yeni tərəfdaşlar axtarmağımıza ehtiyac var”
İyunun 4-də Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib.
Prezident həmin tədbirdə çıxışı zamanı bunları deyib: “Bu tədbir, əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Artıq qeyd edildiyi kimi, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq”.
Azərbaycanın BP ilə yaratdığı möhkəm əməkdaşlıq reallıqları nə zamansa dəyişə bilərmi və bu hansı şərtlər daxilində ola bilər?
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, BP tarixən Azərbaycanın neft strategiyasının formalaşmasında, neft sektorunun inkişafında və bu sahədə olan gəlirlərin artmasında bir tərəfdaş olaraq ölkəmizin iqtisadiyyatında çox mühüm rol oynayıb: “BP Azərbaycana sərmayə qoyan ilk böyük şirkətlər sırasındadır. Həmin vaxtdan bugünə kimi BP Azərbaycanın ictimai və sosial həyatında mühüm rola sahibdir. Onun ölkəmiz üçün böyük töhfəsi var. Bu baxımdan onun Azərbaycanda fəaliyyət göstərməsi müsbət haldır. Bunun ölkəmizin neft sənayəsinin inkişafına əhəmiyyətli təsiri mövcuddur. Vaxt vardı, hansısa şirkətlər Azərbaycana sərmayə yatırmağa tərəddüd edəndə BP bu missiyanı öz üzərinə götürdü və çox uğurla da davam etdirdi. Bütün bunlar onu deməyə əsas verir ki, bu şirkətlə gələcəkdə də normal əməkdaşlıq mümkündür. Dünya dinamikdir, bir yerdə durmur. Hansısa bir şirkətin fəaliyyətinin bizə ziyanı yoxdursa və milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil etmirsə, əməkdaşlıq uğurla davam edirsə niyə buna son qoyulmalıdır? Gələcəkdə başqa şirkətlərin də Azərbaycanda iştirakı təmin oluna bilər. Bu, iqtisadi maraqlar üzərində qurulmuş bir strategiyadır. Sözsüz ki, iqtisadi maraqlar və müqavilə şərtləri başa çatandan sonra başqa tərəfdaşlar da bu sahəyə cəlb oluna bilər. Biz bunu beynəlxalq konsorsumun timsalında da görmüşük ki, bəzi şirkətlər öz paylarını başqalarına satdılar. İqtisadiyyatda bu cür hallar mümkündür və bu ola bilər. Ancaq görünən budur ki, həm də BP bu əməkdaşlıqdan məmnundur. Əks halda bu uzun müddəti burada qalmazdı. Nə bizim, nə də onların bir-birimizi əvəz edəcək yeni tərəfdaşlar axtarmağımıza ehtiyac var”.
Məhəmmədəli QƏRİBLİ