“Bu əgər əmi uşaqlarının, bibi uşaqlarının evlənməsini qadağan edən maddədirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır. Bu cür evlilikləri qadağan etmək, bəlkə də beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Rəşad Mahmudov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deyib.
“Düşünürəm ki, bu məsələdə insanları maarifləndirərək, bilgi verərək mane ola bilərik. Fikrimcə, buna əngəl olmaqla, qadağa qoymaqla əksinə ona qarşı gələnlərin, alternativ yollar axtaranların sayı artacaq”, - deyə deputat qeyd edib.
***
Deputat Nurlan Həsənov əlavə edib ki, qohum əlaqəsi olan insanlar arasındakı nikah münasibətləri daha çox islam dünyasında geniş yayılıb:
“Məsələn, Britaniyada yaşayan pakistanlıların 50-55 faizi qohumlar arasında olan nikaha üstünlük verir”.
Deputat həmkarı Rəşad Mahmudovun erkən nikahların beynəlxalq hüquq baxımından problem yarada biləcəyi ilə bağlı sualına cavab olaraq deyib ki, beynəlxalq hüquqda bu məsələ ilə bağlı qadağanedici norma tapmayıb:
“Avropa ölkələrinin qanunvericiliyinə baxsaq, Almaniyanın ailə qanunvericiliyində, İsveçrədə bununla bağlı qadağalar var. Düşünmürəm ki, bu qadağalar beynəlxalq hüquqla bağlı Azərbaycana hər hansı problem yaratsın”.
Zaur Mirzə