AZ

"Avropa İttifaqında gələcək çox qüsurlu, təhlükəli istiqamətdə inkişaf edir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Avropa Parlamentində keçirilən seçkilər Avropa siyasətində ümumiyyətlə, Avropa seçiciləri arasında hansı atmosferin, hansı ideologiyanın hökm sürdüyünü çılpaq şəkildə göstərdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib.

O bildirib ki, Avropa İttifaqında olan ideoloji xətt ifşa olundu: "Bir tərəfdən biz görürük ki, Avropanın iki ən böyük ölkəsi Fransa və Almaniyada lider partiyalar çox ağır məğlubiyyətə düçar oldular. Həm Makronun, həm də Almanıya kanslerinin partiyaları seçkilərdə ağır məğlubiyyətə məruz qaldılar ki, bu da Avropa İttifaqında bu ölkələrin son 5 il ərzində apardığı siyasətin səhv olduğunu, xüsusilə də, xarici siyasətin nə qədər yalnış olduğunu təsdiq etmiş oldu. Eyni zamanda bəzi texniki problemlərdən istifadə edilməsi, məsələn, Belçikada seçki zamanı elektron səsvermə sisteminə müdaxilələr, kompüterlərin, işıqların sönməsi və istənilən kimi seçkilərin nəticələrinin manipulyasiya edilməsi göz önündədir. Hətta Belçika baş naziri də bu seçkilərdən sonra istefa verməli oldu. Seçkilərin nəticələrinə baxdıqda bir daha görürük ki, daha çox milliyyətçi faşist ideologiyasına yaxın partiyalar Fransa, Almaniyada da qalib gəldi. Bir tərəfdən Makron və Şolts kimi liderlərin apardığı destruktiv xarici siyasət Avropanı hansı mərhələyə gətirib çıxardı. Biz bunun ağır nəticələrini görürük. Eyni zamanda alternativ də heç bir konkret Avropa siyasi məkanında alternativ səslər, fikirlər də yoxdur. Yalnız milliyyətçi, saftəmayüllü partiyalar fürsətcil tərpənirlər. Fürsətdən istifadə edib daha çox faşist ideologiyasına yaxın prinsiplər üzərində qurulmuş partiyalar kimi qələbə qazandılar. Bu onu göstərir ki, həqiqətən də, Avropa İttifaqında gələcək çox qüsurlu, təhlükəli istiqamətdə inkişaf edir. Əsas da Avropa İttifaqının Rusiya-Ukrayna, Rusiya-Qərb kontekstində, sülhün əldə edilməsinə maraqlı olmamasını da təsdiqləyir".

"Avropada çox çətin və təhlükəli istiqamətdə inkişaf edən islamofobiya, türkafobiya, hətta Azərbaycanafobiya trendlərini əlavə etsək, bu trendlərin daha da inkişaf edəcəyini görəcəyik. Xüsusilə də, Fransa, Makron hakimiyyəti məruz qaldığı bu məğlubiyyətin revanşını çıxmaqdan ötrü daha çox diktatura, totalitar addımlara, diktatura rejimi kimi özünü aparmağa çalışacaq. Xüsusilə də, Makronun parlamenti buraxması, yeni seçkiləri çağırması və dərhal Parisdə keçiriləcək yay olimpiya oyunlarında indidən Fransız mətbuatında təbliğat aparılır ki, təhlükəsizlik tədbirləri çox güclü olacaq. Guya, Fransa nəqliyyatında metro və digər ictimai nəqliyyatda terror təhlükəsi güclənə bilər. Bütün bunlardan Fransanın xüsusi xidmət orqanları Makron hakimiyyətinin tapşırığı ilə elə bir gərgin vəziyyət yaratmağa çalışacaqlar ki, seçkilərdə məğlub olmalarının kompensasiyasını məhz daha çox insan hüquqlarını məhdudlaşdırmaq, terror təhlükəsi, olimpiyaya qarşı təhlükə adı altında digər alternativ fikirləri boğmaq üçün istifadə edəcəklər.

Makronun əsas rəqibi olan Löpenin də güclü şəkildə bu seçkilərdən qalib çıxması, Makronun nüfuzu və reytinqinin son zamanlar ən aşağı səviyyədə olması da onu göstərir ki, Fransa seçiciləri Fransanın daxili və xarici siyasətinin fiyasko olduğunu göstərir. Çünki Fransada Makron hakimiyyətə gələndə həm Fransanın iqtisadi inkişafı, miqrasiya böhranının həll edilməsi çox pafoslu sözlər danışaraq gözəl gələcək vəd etmişdi. Ancaq onu gördük ki, Avropa İttifaqı Makronun "aktiv" Avropa siyasi fəaliyyəti dönəmində iqtisadi böhranla üzləşdi. Çünki Fransa Avropa İttifaqının lakomativ, lider ölkəsi olmaq istiqamətində aktiv addımlar atmağa çalışsa da, bu xarici siyasət daha çox təhlükəli istiqamətdə getdi. Eyni zamanda bu həftə İsveçrədə keçiriləcək Qlobal Ukrayna Sammiti ilə də bağlı çox mühüm məsələlər gündəmdədir. Ukrayna Sammiti Qərbin, Avropa İttifaqının, NATO-nun Rusiyaya qarşı qarşıdurma kontekstində ortaq mövqeyinin işlənilib hazırlanması baxımından önəmlidir. Bu kontekstdə biz daha çox eskalasiya siyasətinin xəttinin seçilməsini müşahidə edirik. Burada ən yaxşı mövqedə Azərbaycan-Türkiyə, türk dünyasını nümunə kimi götürmək lazımdır. Çünki Azərbaycanın liderliyi altında olan türk dövlətləri təşkilatı, Türkiyə özü bu münaqişənin daha çox sülh vasitəsilə tənzimlənməsi və eskalasiyanın artmaması istiqamətində mövqe sərgiləyir. Bu, həm beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsi və bu baxımdan eskalasiyanın qarşısının alınması kimi çağırışlardır. Ona görə də bu gün Azərbaycanın və Türkiyənin bu istiqamətdə rolu bütün dünya üçün nümunə ola bilər.

Ermənistan konstitusiyasında dəyişiklik etməlidir, sülhün təmin edilməsini istəyirsə, niyyəti səmimidirsə. Ermənistan burada xüsusi bir canfəşanlıq etməməli, dünya praktikasını nəzərə alaraq öz konstitusiyasında digər ölkələrin ərazi bütövlüyünə qarşı iddialarından əl çəkməlidir. Bu, xüsusilə də, Azərbaycana, Türkiyəyə qarşı açıq-aydın konstitusiya və Ermənistan gerbində ərazi iddiası mövcuddur. NATO-nun ən böyük ordusu, ən güclü, mənəvi prinsipləri əsasında ən güclü hesab olunan Türkiyəyə qarşı ərazi iddiasını irəli sürmək, xüsusilə də, Ermənistan kimi kiçik, zəif ölkə tərəfindən, həqiqətən də, özünəqəsd deməkdir. Ona görə Ermənistan elitası bu barədə düşünməli və konsultasiyana müvafiq dəyişiklik etməlidir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
sia.az

10Mənbələr