Ermənistan Azərbaycana qarşı ərazi iddialarını ortadan qaldırmasa, tarixi ədalətin bərqərar olunmasına şərait yaratmış olacaq - ilginc gəlişmə; siyasi analitiklərdən vacib açıqlamalar
Rusiya ilə Ermənistan arasında yenidən soyuq küləklər əsməyə başlayıb. Nikol Paşinyanın Rusiyaya səfərindən, prezident Putinlə görüşündən sonra münasibətlərdə normallaşma ab-havası yaransa da, Fransanın dövriyyəyə girməsi gərginliyi yenidən tətikləməkdədir.
Xüsusilə də Fransanın Ermənistana silah satışını davam etdirməsi, üstəlik, fransız ordusunun Qafqaza gətirilməsi planının ortaya atılması Rusiyadan Ermənistana qarşı qəzəbi artırır. Üstəlik, İrəvanin KTMT iclaslarını boykot etməsi də Kremlin səbrini daşırmaqdadır.
Bu arada şimaldan yeni açıqlama gəlib. “Moskva rəsmi İrəvanın KTMT platformasının regional təhlükəsizliyinin təmin edilməsi məsələlərində əməkdaşlıq üçün hər cür imkanlar yaratdığını anlayacağını gözləyir”. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın KTMT-nin bu ilin iyun ayının 21-də Almatıda keçiriləcək Xarici İşlər Şurasının iclasında iştirak etməməsinə bu sözlərlə reaksiya verib. “Biz gözləyirik ki, erməni tərəfdaşlarımız regional təhlükəsizliyin təmin edilməsinin ən effektiv metodunun regional dövlətlər arasında əməkdaşlıq olduğunu və KTMT platformasının bunun üçün hər cür imkan yaratdığını başa düşəcəklər”, - deyə Qaluzin qeyd edib.
Belə bir durumda Ermənistanın yanlış siyasətinin ona baha başa gələcəyi barədə rusiyalı ekspertlər də danışmaqdadır. “Anti-Rusiya ölkəsinə çevrilən Ukrayna Krımı, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini itirdi. Anti-Rusiyaya çevrilən Ermənistan ən azı Zəngəzuru (Qərbi Zəngəzuru - red.) itirəcək”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə tanınmış rusiyalı siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko öz facebook səhifəsində yazıb. Əslində Azərbaycana indi Qərbi Zəngəzur yox, Zəngəzur dəhlizi lazımdır. Hərgah Naxçıvanla quru əlaqəmizin hansı səbəbdən, nə vaxt itdiyi çoxdan məlumdur. Qərbi Zəngəzur bolşeviklər tərəfindən Azərbaycandan zorla qoparılaraq, xalqımızın iradəsi əleyhinə Ermənistana birləşdirilib. Bununla belə, Bakı beynəlxalq hüquqa hər zaman sayğılıdır və bu məsələnin də nə vaxtsa dinc yolla həllinin tərəfdarıdır. Digər tərəfdən, Ermənistanı Ukrayna ilə, Azərbaycanı isə Rusiya ilə müqayisə etmək nə dərəcədə doğrudur? Yoxsa Rusiya Zəngəzurla bağlı tarixi səhvini düzəltməyə hazırlaşır?
Ekspertlərimizin mövzu ilə bağlı maraqlı fikirləri, təhlilləri var.
Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirib ki, rusiyalı ekspertlər və siyasi şərhçilər, əksər hallarda proseslərə Ukraynada davam etməkdə olan müharibənin və təbii ki, informasiya savaşının tərkib hissəsi kimi yanaşırlar: “Bu baxımdan, hörmətli İqor Korotçenkonun fikirlərini daha çox konkret hədəf auditoriyaya ünvanlanmış mesaj, yaxud təbliğat elementi kimi qiymətləndirirəm. Tarixilik baxımından nəinki Şərqi Zəngəzur, bütövlükdə indiki Ermənistan Respublikasının ərazisi Azərbaycan xalqına məxsus torpaqlardır. Bu coğrafiyada nəinki Ermənistan, hətta erməni icması belə olmayıb. İrəvan xanlığının işğalından sonra bu ərazidə İrəvan quberniyası yaradılıb və Rusiya imperatoru II Aleksandrın göstərişi ilə burada etnik təmizləmə siyasəti aparılıb, əraziyə Türkiyədən, İrandan və digər ölkələrdən erməni əhali köçürülüb. Əgər məsələyə Rusiya Federasiyasının Rusiya imperiyasının "səhvlərinin düzəldilməsi" kontekstindən yanaşsaq, o zaman təkcə Şərqi Zəngəzur deyil, bütövlükdə “Ermənistan” adlanan ölkənin ərazisi, yəni tarixi İrəvan xanlığının bir hissəsi Azərbaycana birləşdirilməlidir. Yəni İrəvan xanlığının ərazisinin işğalı və ilhaqının siyasi-hüquqi nəticələri aradan qaldırılmalıdır. Amma bəlli olduğu kimi, Azərbaycanın tarixi proseslərə fərqli baxış bucağı var və ölkəmiz dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verir".
E.Mirzəbəylinin sözlərinə görə, Ermənistanın Ukrayna ilə müqayisəsi isə tamamilə absurddur və nə tarixi, nə də hüquqi reallıqlarla yaxından-uzaqdan əlaqəsi yoxdur: “Mən məsələnin Rusiya-Ukrayna münasibətləri kontekstində tarixi müstəvidə dəyərləndirilməsindən çox uzağam. Ruslar və ukraynanılar eyni xalqın nümayəndələri və eyni xalqın qurduğu dövlətin varisləridir. İndi bu vərəsəlikdən kimə az, kimə çox pay çatıb, kim daha çox haqqa sahibdir, buyursunlar, özləri ayırd etsinlər, necə ki, etməyə çalışırlar. Amma biz slavyan ailəsinin bir üzvü deyilik, qurduğumuz dövlətlərdə də kimsənin payı yoxdur. Tarix boyu, nəinki Azərbaycan torpaqlarına, bütövlükdə Cənubi Qafqaza heç bir aidiyyəti olmayan ermənilərlə nəinki ortaq dövlətimiz, heç ortaq malımız da olmayıb. Mental olaraq da, biz azərbaycanlılarla, türklərlə ermənilər arasında Xəzərdən tarixi Mesopotomiyaya qədər bir məsafə var. Digər tərəfdən, əgər müasir beynəlxalq hüquq kontekstindən yanaşsaq, tarixi tarixin öhdəsinə buraxsaq, Ukrayna Ermənistandan fərqli olaraq, işğalçı deyil. Ermənistan isə 30 ilə yaxın Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlayıb, işğala da Azərbaycan Ordusunun rəşadəti, igidlərimizin qanı və canı bahasına son qoyulub”. Analitik qeyd etdi ki, Rusiya yaxın və böyük qonşumuzdur və qonşumuz olaraq da qalacaq: “Münasibətlərimizin qarşılıqlı hörmət əsasında yüksək səviyyədə olması həm xalqlarımızın, həm də dövlətlərimizin maraqlarına uyğundur. Azərbaycan dövləti Azərbaycan xalqının dünyagörüşünün, mədəniyyətinin və əxlaqının ərsəyə gətirdiyi dövlətdir. Necə ki, xalqımızın ayrı-ayrı fərdləri hər zaman qonşularına münasibətdə səmimi, dürüst davranıblar, dövlətimiz də bu yüksək keyfiyyətlərin daşıyıcısı kimi ənənəni davam etdirir. İqor Korotçenkonun yanaşmasına, onun digər həmkarlarının fikirlərində də rast gəlmişəm və yanlış, həm də təhlükəli hesab edirəm. Mənə görə, rusiyalı ekspertlər, geridə qalan zaman kəsiyində cərəyan edən proseslərdən müəyyən qədər nəticə çıxarmalı, hadisələri yalnız öz maraqları və imkanları çərçivəsindən deyil, qarşılıqlı maraqlar və səmimi müttəfiqlik prinsipindən yanaşsalar, daha yaxşı olar”.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov da hesab edir ki, İqor Korotçenko Azərbaycanın dostudur və ölkəmizə münasibətdə obyektiv mövqeyi ilə seçilir: “Bununla belə, o, Rusiya dövlətinin maraqlarından çıxış edir və etməlidir də. Ona görə də onun bu fikirləri Rusiyanın Ermənistanı anti-Rusiya mövqeyindən çəkindirmək istiqamətində apardığı siyasətə uyğundur. Yəni Ermənistan Rusiya ilə müttəfiqlik münasibətlərini dayandırsa, onun üçün pis olacaq, hətta ərazilərini itirəcək. Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır. Son deportasiyaya qədər həmin ərazilərdə azərbaycanlılar məskunlaşmışdı. Amma tarixi ədalətsizlik baş verib və hazırda o ərazilər Ermənistan dövlətinin ərazisi hesab olunur. Azərbaycan isə baş vermiş tarixi ədalətsizliyə baxmayaraq, beynəlxalq hüququn prinsiplərinə, o cümlədən dövlətlərin ərazi prinsipinə hörmət edən dövlət olaraq Ermənistanın ərazi bütövlüyünü Sovet İttifaqının süqutuna qədər mövcud olan sərhədlər daxilində tanımağa hazır olduğunu bildirib. Əlbəttə, əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəksə, yenidən Azərbaycan ərazilərini işğal etmək niyyətində olacaqsa, müstəqillik bəyannaməsində və konstitusiyasında əks olunan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasını həmin sənədlərdən çıxarmayacaqsa, bu zaman Azərbaycan da əks-tədbirlər görə bilər".
S.Məmmədov bildirib ki, hələlik Azərbaycan Zəngəzur dəhlizinin açılmasını tələb edir: “Dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin öz ərazisindən digər ərazisinə, Naxçıvana maneəsiz gediş-gəliş əldə etməsi heç bir halda dəhliz ərazisinin üzərində eksteritorial yurisdiksiyanın olacağı anlamına gətirmir. Hətta Azərbaycan bu yollara mülkiyyət hüququ da tələb etmir, yəni beynəlxalq hüquqda tətbiq olunan servitud - yolların keçdiyi ərazilərin yüklü edilməsi - üsulunu da tələb etmir. Sadəcə, yoldan maneəsiz istifadə etməklə və yol xərcini - rüsumunu - ödəməklə sərnişinlərin, yüklərin və nəqliyyat vasitələrinin yoxlanılmadan təhlükəsiz keçidinin təmin olunmasını tələb edir”. STM təmsilçisi də hesab edir ki, Ermənistanla Azərbaycan arasında mövcud olmuş münaqişəni və müharibələri Rusiya-Ukrayna münaqişəsi ilə müqayisə etmək o qədər də uyğun deyil və ya müqayisə bu halda Rusiyanın xeyrinə olmayacaq: “Azərbaycanın itirdiyi tarixi torpaqları yalnız Zəngəzurdan ibarət deyil. Amma bizim heç bir dövlətə ərazi iddiamız da yoxdur. Ermənistan isə başqa məsələdir. Onlar iddialarından əl çəkməsə, bizim də mövqeyimiz dəyişə bilər”.
Fransanın qızışdırıcılıq siyasəti, Ermənistanı yeni müharibəyə həvəsləndirməsi, bu ölkəyə SEZAR özüyeriyən artilleriya qurğuları göndərilməsini nəzərdə tutan sazişin imzalanması, Fransa ordusunun Ermənistanda yerləşdirilməsi ilə bağlı müzakirələrin başlanması eskalasiya riskini artırır. Sülhün üstündən xətt çəkilməsinə yönəlik təxribatlar Azərbaycanı sərt tədbirlərə vadar edə bilər. Konkretləşdirsək, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını ortadan qaldırmasa, tarixi ədalətin bərqərar olunmasına şərait yaratmış olacaq! /“Yeni Müsavat”/