AZ

"Gürcüstan anlayır ki, Rusiyanın ipinin üstünə odun yığmaq olmaz"- Ekspert

Gürcüstan Rusiyadan aldığı təbii qaz miqdarını kəskin artırıb. Bununla yanaşı, qonşu ölkə Azərbaycandan təbii qazın idxalını getdikcə azaldır. Rəsmi Tiflis bunu Rusiya qazının yalnız kommersiya strukturlarının ehtiyacları üçün istifadə edilməsi ilə izah edib.

Maraqlıdır, görəsən Rusiya Azərbaycanı Gürcüstan bazardan sıxışdırıb çıxara bilərmi?

Milli

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, Gürcüstan kiçik dövlət olduğun üçün ölkəmizdən elə də böyük həcmdə qaz idxal etmir:

Onsuz da Avropada bizim qaza kifayət qədər böyük tələbat var. Ona görə də Gürcüstanın təmamilə Rusiya qazına keçməsi bizim üçün o qədər də əhəmiyyət kəsb etmir. İndi Gürcüstanda iqtidarda olan Bidzina İvanişviliyə bağlı partiyadır və Rusiyaya daha çox meyillidir. Ola bilər ki, bu amilin də məsələyə təsiri olsun.

Lakin yenə də bunu qazın ixracı ilə bağlı ciddi bir problem hesab etmirəm. Çünki Avropanın ən ağır vaxtlarında Rusiyadan qaz alınmırdı və Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq onlara təbii qazı biz verirdik.  İndi isə Avropa Birliyi ilə aramızda müqavilələr mövcuddur. Yəni, Gürcüstanın Azərbaycandan təbii qaz alışını dayandırmasından asılı olmayaraq dünya bazarında satışı həyata keçiriləcək”.

 

İqtisatçı ekspert Natiq Cəfərli isə qeyd etdi ki, digər istiqamətlərdə olduğu kimi enerji məsələlərində də siyasi çalarların olması anlaşılandır:

“Burada ola bilsin ki, müəyyən siyasi yaxınlaşma amilinin rolu var. Amma bir nüans da var ki, hazırda Rusiya öz qazını sata bilmir. Qiymətlərdə ciddi endirimlər edərək bacardıqca daha çox ölkəyə qaz satmağa çalışır. Çünki Ukrayna müharibəsi başlamadan öncə Avropa Birliyinə ildə 176-178 milyard kub metr qaz satışı həyata keçirilirdi. İndi bu rəqəm təxminən 40 milyarda qədər azalıb. Bu qədər kəskin azalmadan sonra Rusiya istənilən halda ən kiçik bazarda belə payını artırmaq istəyir. Buna görə də qiymətdə müəyyən endirimlər edir.

İkinci məsələ ondan ibarətdir ki, Rusiyadan Ermənistana gedən qaz da Gürcüstan üzərindən keçir. Bir neçə il bundan əvvəl danışıqlar zamanı tranzit xərclərinin pul şəklində yox, ötürülən qaz həcminin 10 faiz artırılması ilə bağlı razılıq əldə olundu. Yəni Rusiya məcbur qaldığından  kommersiya şərtlərini yumşaltdı və bunun da təsirləri oldu.

Həmçinin Gürcüstanın özündə elektrik istehsalının həcmi də artıb. Son illərdə iki böyük su elektrik stansiyası işə salınıb. İstehsalın həcminin artırılması bəzi yerlərdə qazı elektrik enerjisi ilə istehsal etməyə imkanlar yaradıb. Bütün bunlara baxmayaraq Azərbaycan qazı Gürcüstan bazarında üstün mövqedədir. Hətta qaz paylayıcı şirkət də “SOCAR”ın  törəmə şirkətidir. Yəni topdan satışı təkcə Gürcüstan üçün nəzərdə tutmamışıq. Bu onu göstərir ki, Gürcüstan ilə Azərbaycan arasında enerji sahəsində əlaqələr kifayət qədər dərindir”.

Ekspert onu da qeyd etdi ki, Rusiya Azərbaycanı Gürcüstan qaz bazarından çıxara bilməz:

 “Gürcüstan anlayır ki, Rusiyanın ipinin üstünə odun yığmaq olmaz .Ona görə də bütün enerji asılılığını Rusiyanın üzərinə yükləməyin mənası yoxdur və Azərbaycan ilə uzunmüddətli müqavilələri var. Həcmlərdə müəyyən azalmalar ola bilər. Amma ümumən çox şaxəli modelə keçmək Gürcüstan üçün daha məntiqlidir. Həm Rusiyadan, həm də Azərbaycandan qaz alışını davam etdirmək daha doğrudur. Düşünürəm ki, bu belə də davam edəcək. Çünki heç bir ölkə təkcə bir mənbədən asılı olmaq istəməz. Müharibə başlayanda Şərqi Avropa ölkələri bunun acısını çəkdi. Sanksiyalardan sonra həmin ölkələrdə qaz ilə bağlı ciddi problemlər yaşandı.

Elə Azərbaycanın yardımı ilə Şərqi və Cənubi Avropa ölkələri bu asılılıqdan qurtula bildi. Artıq üçüncü ildir ki, Azərbaycan hər il Avropaya 9-11 milyard kub arası qaz tədarükü edir”.

Yusif SƏMƏDZADƏ

Seçilən
167
47
redaktor.az

10Mənbələr