Rusiyanın son həmləsi, Ukrayna üçün son fürsət
Rusiyanın Ukraynaya qarşı bütün cəbhə boyu yay hərbi kampaniyası haqda iddialar hələ ki özünü doğrultmur. Belə görünür ki, bu planları Kiyevin ABŞ başda olmaqla kollektiv Qərbdən aldığı yeni partiya müasir silahlar hesabına durdurulub. Bu xüsusda hərbi qarşıdurmanın nə vaxt və kimin xeyrinə bitəcəyi barədə proqnozlarda Ukrayna ilə bağlı bədbin notların azaldığı müşahidə edilir.
“Vladimir Putinin ritorikasına, xüsusilə nüvə ilə hədələrinə baxmayaraq, Qərb öz resurslarını səfərbər edərsə, Rusiya Ukraynanı məğlub edə bilməyəcək”.
Bu barədə ABŞ-ın Müharibənin Araşdırılması İnstitutunun hesabatında qeyd olunub (Axar.az ). İnstitutun analitikləri bildiriblər ki, Putin Şimacli Koreya və Vyetnama səfərləri zamanı Kiyevin tərəfdaşlarının səylərini sabotaj etmək məqsədi daşıyan genişmiqyaslı informasiya əməliyyatına başlayıb: “Putinin müharibədə qalib gəlmək strategiyası Kremlin ABŞ, Avropa Birliyi və digər beynəlxalq müttəfiqləri Ukraynaya dəstəyi geri götürmək və beynəlxalq hüququn əsas prinsipləri olan dövlət suverenliyinə hörmət və ərazi bütövlüyünün toxunulmazlığı prinsiplərindən əl çəkməyə yönəltmək cəhdlərinə əsaslanır. Amma müttəfiqlərin strateji dəqiqliyi və Ukraynanın döyüş meydanında Rusiya üzərində qəti qələbə qazanmasına kömək etmək istəyi Putinin səylərini xeyli zəiflədir. Putin də beynəlxalq ictimaiyyətin Ukraynaya dəstəklə bağlı razılaşdırılmış strateji baxışını pozmaq üçün Qərbin Kiyevə Rusiya üzərində qəti qələbə qazanmasına icazə verəcəyi təqdirdə nüvə silahından istifadə edəcəyi ilə hədələyib. Putinin nüvə təhdidi Kremlin davam edən nüvə şantajı kampaniyasının bir hissəsidir və Ukraynanın müttəfiqlərini işğala qarşı qətiyyətlə mübarizə aparmaqdan çəkindirmək məqsədi daşıyır və buna görə də bu təhdidin faktiki eskalasiyaya səbəb olma ehtimalı azdır”.
Yəni söhbət yalnız atom silahı ilə qorxutmaqdan gedir. Hər necə olmasa, rəsmi Kreml eyni qorxunc silahların aparıcı Qərb dövlətlərinin də arsenalında olduğunu yaxşı bilir.
Bu arada ABŞ-ın Müharibənin Araşdırılması İnstitutunun yaydığı digər məlumata görə, Rusiya qoşunları Donetsk vilayətində hücumlarının sürətini artırır, Xarkov vilayətinin şimalında isə intensivliyi azaldır, bu da yay hücumuna başlandığının əlaməti sayıla bilər. İddialara əsasən, Rusiyanın Xarkov vilayətinə hücumu Ukrayna ordusunun fikrini cəbhənin digər istiqamətlərindən yayındırmaq məqsədi daşıyır.
Bəs Ukraynaya Qərb dünyasından ən böyük güclü və davamlı hərbi dəstəyi nə vaxt təsadüf edəcək? Bu yayın sonu və ya payız üçün USQ uğurlu əks-hücum həyata keçirə biləcəkmi? Belə fikir də var ki, bu ilin sonu və ya 2025-ci ilin əvvəlinə tərəflər arasında ciddi sülh danışıqları başlaya bilər. Bu deyilənlər realdırmı?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında deyib ki, Ukrayna savaşında nüvə silahlarının istifadəsinə inanmır. Onun fikrincə, nüvə silahları atılmaq üçün yox, qorxutmaq üçündür: "Tərəflər bir-birini bu silahlarla təhdid etsələr də, ondan istifadəyə əl atmazlar. Çünki nüvə savaşının qalibi olmaz. Söhbət sadəcə kimin daha ağır məğlubiyyətə uğramasından gedə bilər ki, bu ehtimalda belə zəif bənd Rusiyadır. Rusiya həyati təhlükə hiss etmədikcə, bu silahlardan istifadəyə getməz".
Heydər Oğuza görə, Ukraynadakı savaş Rusiya üçün həyati təhlükə əxz etmir və etməyəcək də: “Söhbət ondan gedir ki, Ukraynanın ərazisini işğal edən odur və eskalasiyanın şiddətini azaltmaq yenə onun əlindədir. Lazım gəlsə, tamamilə yox olmaqdansa daha az təhlükəli məğlubiyyət yolunu seçər və Ukraynadakı müharibənin şiddətini azaldar. Amma müharibəni tamamən bitirməz. Geniş mənada atəşkəs də elan etməz. Çünki Qərb dövlətləri bunu istəmir və müharibənin uzun müddət davam etməsində maraqlıdırlar. Xüsusilə də ABŞ. Zira bu müharibənin davam etməsi onun silah sənayesini günü-gündən zənginləşdirir və Ukraynaya verdiyi silahların belə finans qaynağını tapıb. Bu, Rusiyanın Qərb ölkələrinin banklarında dondurulmuş aktivləridir.
Digər tərəfdən, Ukrayna savaşı Avropa ölkələri də ABŞ-dan ağır silahlar və hərbi təyyarələr alır. Müharibə sona çatsa, yenidən bu silahları alan olmayacaq. Və yaxud indiki qədər almayacaqlar. Məhz bu səbəbdən də Ukrayna cəbhəsində savaşın dayanması Vaşinqtonun işinə gəlmir. Eyni şəkildə Yaxın Şərqdə və Şərqi Asiyada gərginliyin davam etməsi də ABŞ-ın maraqlarına uyğundur. Bu mənada Putinin Şimali Koreyaya və Vyetnama səfərləri və həmin dövlətlərlə hərbi ittifaq yaratmaq səyləri Rusiyadan çox, ABŞ-ın mənafeyinə xidmət edir. Çünki bu ittifaq görüntüsü Şərqi və Cənubi Asiyanın varlı ölkələrini təhdid edir, onları ABŞ-ın himayəsinə sığınmaq məcburiyyətində buraxır. Bu həm də silahlanma yarışının güclənməsi deməkdir ki, mövcud situasiyadan ən çox yararlanan yenə də ABŞ-ın silah sənayesidir".
Dünyanın bir neçə nöqtəsində müharibə təhdidlərinin artmasının ABŞ-ın dünya hegemoniyasındakı mövqeyini gücləndirdiyini bildirən siyasi şərhçinin fikrincə, bu gün yaşanan gərginliklər ortadan qalxarsa, dünya yenidən sülh çağına qədəm qoyar, nəticədə bundan ən çox faydalanan Çin olar: “İndi isə Avropada və Şərqi Asiyada gərginliyin artması dünyanı istər-istəməz iki fərqli qütbə bölür və ən inkişaf etmiş ölkələr ABŞ-ın himayəsi altına girirlər. Geriyə Şimali Koreya, İran, Orta Asiya, bəzi Afrika ölkələri qalır ki, Çinin və ya Rusiyanın onlarla ittifaq qurması ABŞ-ı narahat etmir. Ən azı ona görə ki, bu bölünmə dünyada müharibə şəraitini diri tutur, nəticədə Çinin ticarət marşrutları bağlanır, onun digər dövlətlərlə iqtisadi əməkdaşlığını davam etdirməsinin qarşısı alınır. Məsələn, İsrail-Fələstin müharibəsi başlamışdan əvvəl Çinin Avropaya dəniz marşrutu Qırmızı dəniz üzərindən idi. Müharibə başlayandan sonra husilər faktiki olaraq Bab-əl Məntəb boğazını bağladılar. Nəticədə Çindən Avropaya Afrika qitəsini dolaşaraq getməkdən başqa yolu qalmadı. Bu isə nəqliyyat xərclərini xeyli artırır.
Üstəlik, Afrikanın cənubundakı Ümid burnu da böyük fırtınaların baş verdiyi, dəniz quldurlarının at oynatdığı yerdir. Bu isə həmin marşrutun belə təhlükəsizlik problemini birə-beş artırır. Avropa ilə Şərqi Asiya arasında sədlər yarandığı halda, ABŞ-ın özünün isə həm Sakit, həm də Atlantik okeanına iki fərqli cinahdan çıxış imkanları var. Bu da Avropa ilə Şərqi Asiya arasında keçilməz sədlər yaradan ABŞ-a hər iki qitə ilə daha asan ticarət əlaqəsi qurmaq imkanı verir. Dolayısı ilə dünyanın həm Şərqinə, həm də Qərbinə eyni anda nəzarət edə bilir".
Siyasi şərhçi qeyd edir ki, Çin məhz bu təhlükəni nəzərə alaraq Avropaya quru yolu marşrutu üzərində “Bir Yol, Bir Kəmər” layihəsinə start vermişdi: “Ukrayna-Rusiya müharibəsinin başlanması ilə faktiki bu layihənin Şimal marşrutu bağlandı. Cənub marşrutu da İran-İsrail gərginliyi səbəbindən təhlükəyə girib. Böyük ehtimalla, İsrail-Fələstin müharibəsini İran coğrafiyasına daşınaraq və ərəb ölkələrinə bu münaqişə cəlb edilərək cənub marşrut da keçilməz hala gətiriləcək. Yeganə yol kimi qalan Orta dəhliz də 2023-cü ildə İtaliyada Corcia Meloninin ultra-sağçı partiyası hakimiyyətə gətirilərək təhlükəyə atıldı. Zira Avropada bu marşrutu dəstəkləyən tək ölkə İtaliya idi. Meloni hakimiyyətə gələr-gəlməz bu layihədən çəkildiyini bəyan etdi. Beləcə, bu marşrut da Avropa və ABŞ-ın Orta Asiyaya açılma proqramı olan Qlobal Keçid (Global Gateway) layihəsinə çevrildi. Yaxın gələcəkdə, yəqin ki, Qırğızıstan və Tackistan arasında gərginlik çıxararaq, Çinin bu dəhlizə çıxışının da qarşısı tam alınacaq və Orta Asiya tamamilə Qərbin ümidinə qalacaq”.
Heydər Oğuzun fikrincə, Moskvada törədilən Krokus Siti Holl terror aktında xüsusilə taciklərdən istifadə olunması bu mənada təsadüfi deyildi: “Məqsəd Rusiya ilə Tacikistan arasında bağları qoparmaq və Çinin Orta dəhlizə çıxışı üzərində daha rahat hərəkət etmək imkanı qazanmaq idi”.
Bütün bu ssenariləri nəzərə alan siyasi şərhçi ABŞ-ın Rusiya və Çin ətrafında eskalasiya siyasətindən qısa zaman ərzində vaz keçəcəyinə inanmır: “Prinsipcə, Putin də artıq hansı tələyə düşdüyünü artıq anlayıb. Bilirsiniz ki, Rusiya prezidenti bu yaxınlarda 10 il də döyüşməli olsa, Ukraynadakı müharibədən geri çəkilməyəcəyini açıqlamışdı. Bu sözlər onun müharibənin 10 il uzana biləcəyinin fərqində olmasının etirafı idi. Soruşa bilərsiniz ki, onda Putin ona heç bir fayda gətirməyən bu müharibədən niyə geri çəkilmir? Çünki indiki mərhələdə geri çəkilməyin Rusiya üçün daha böyük faciələr gətirəcəyinə inanır. Məhz bu səbəbdən də çarəsiz şəkildə müharibəni davam etdirir”.
O zaman növbəti sual yaranır: Bəs bu, Rusiyanın nüvə silahlarından istifadəsi üçün zəmin yaratmırmı? Siyasi şərhçi o zaman niyə nüvə müharibəsi perspektivinə inanmır?
Heydər Oğuz bu barədə mülahizələrini müharibələrin tıxanma arqumenti ilə izah edir. Onun fikrincə, hər bir müharibənin tıxanma həddi var: “Tərəflər heç bir qələbə əldə etmədən və irəliləmədən öz yerlərində sayarlarsa, bu, müharibənin tıxanma nöqtəsi adlanır. Necə ki, ABŞ Kiyevə yetərsiz sayda silah verərək, faktiki olaraq Rusiya ilə Ukrayna arasında konvansional savaşda bu tıxanmanı yaradıb. Nüvə silahlarında tıxanma həddi isə onların təbiətindən irəli gəlir. Mənim fikrimcə, nüvə dövlətləri özlərinin də məhv olacaqlarını bildikləri üçün bu silahdan istifadə etməzlər. Üstəlik, ABŞ Ukrayna savaşında Rusiyanı tamamilə sıradan çıxarmaq da istəmir. Əks halda, özünün qorxu silahı da ortadan qalxar və dünyanın zəngin dövlətlərini öz qanadı altına ala bilməz. Rus təhlükəsinin bitdiyini düşünən Avropa və Asiya ölkələri müstəqilləşərlər. Necə ki, Ukrayna savaşından əvvəl mövcud olan nisbi sülh zamanı Fransa və digər Avropa ölkələri bu xətti tutmuşdular. Rusiya özünün məhvinə hesablanmayan bir savaşda niyə daha radikal yol tutaraq mövcudluğunu təhlükə altına atsın?”
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
“Yeni Müsavat”