AZ

ABŞ Hizbullahla müharibədə İsrailə kömək etməkdən çəkinir

İsrail Amerika Birləşmiş Ştatlarını İranla birbaşa müharibəyə çəkə bilmədikdən sonra yenə də təşəbbüslərindən əl çəkmir. Bu dəfə o, Hizbullahla müharibəyə hazırlaşır və bu barədə hərbi qüvvələr tərəfindən qərar qəbul edildiyini də açıqlayıb. Amma onun Hizbullahla Livan ərazisinə girməklə təkbaşına uğurlu müharibə aparacağına ümid bəsləmir. Çünki, Hizbullah həm Həmas , həm də 10-15 il bundan qabaqkı Hizbullah deyil. Bu gün onun arsenalında olan raket və dronların sayı yüzminlərlə ölçülür. Digər tərəfdən İsrailin ən yaxın müttəfiqi olan ABŞ belə onu Livanla müharibədən çəkindirməyə çalışır. Bayden administrasiyası ən yüksək rütbəli hərbçilərinin dili ilə İsrail rəhbərliyinə xəbərdarlıq edir ki, onu İranın göndərdiyi dron və raketlərdən müdafiə etdiyi kimi Livanla müharibədə müdafiə edə bilməyəcək. Livandan atılan dronların İsrailin Dəmir Qübbəsini dəlib keçməyi bacardığı artıq bir neçə dəfə sübut olunub.

İsrailin Müdafiə Naziri Yaov Qallant Amerika rəhbərliyini İsrailin Hizbullaha qarşı müharibəsinə razılıq almaq üçün hazırda Vaşinqtondadır. Amma onun Lloyd Ostin və Dövlət Katibi Entoni Blinkenlə apardığı görüşlərin nəticəsiz bitməsi ilə bağlı xəbərlər gəlməkdədir. Təbii ki, onlar İsraili Həmasla müharibədə sonaqədər dəstəkləyəcəklərinəŞ silah və hərbi sursatla təmin edəcəklərinə söz verirlər. Amma iran və Livana qarşı əməliyyatlarda iştirak etmək haqqında ABŞ-nin fikri birmənalıdır. O müharibənin genişlənərək bütün regiona yayılmasına qarşıdır və İsraili Livana hücumunun məhz regional müharibəyə çevriləcəyini proqnozlaşdıraraq İsraili bu addımı atmaqdan  çəkinməyə çağırır.

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Braun elə İsrail müdafiə nazirinin ABŞ-a səfəri ilə əlaqədar bildirib ki,  ABŞ İsrailin Livana nəzərdə tutduğu hücumu zamanı  bu ilin əvvəlində İranın İsrailə raket və pilotsuz təyyarə hücumu həyata keçirərkən göstərdiyi yardımı göstərməyəcək. O, həmçinin bildirib ki, Hizbullahın sərhədi keçərək İsrailə atdığı daha qısa mənzilli raketləri ABŞ və müttəfiqlərinin əlində olan silahlarla dəf etmək olduqca çətindir.

ABŞ generalının dediklərində gizli bir məqam var ki, bu da Hizbullahın istifadə etdiyi çox ucuz başa gələn silahları ABŞ-ın arsenalındakı milyonlarla dollar dəyərində olan silahlarla vurulması qəbuledilməzdir.

General eyni zamanda  ABŞ qüvvələrinin təhlükəsizliyinin prioritet olduğunu bildirib və fevral ayından bəri ABŞ-ın bölgədəki bazalarına heç bir hücumun həyata keçirilmədiyini xatırlayıb. Livana qarşı müharibə ABŞ-ın bütün regiondakı kontingentini ciddi təhlükəyə salır.

Braun sonda İsrail hökumətinə xəbərdarlıq edib: "Livanda hər hansı bir əməliyyatın təsirinin növbəti mərhələsini, bunun necə baş verə biləcəyini və baş verəcək müharibənin  təkcə bölgəyə deyil, həm də bölgələrdəki qüvvələrimizə necə təsir edəcəyini düşünün".

Deməli, ABŞ İsrail dövləti və Yəhudi lobbisinin ciddi təzyiqinə baxmayaraq İsraili hazırda davam edən müharibənin daha da genişləndirilərək regional müharibəyə çevrilməsi  deyil, onun qarşısının alınması barədə düşünməyə çağırır. Məhz buna görə də planlaşdırdığı müharibədə ondan kömək ummamaq barədə xəbərdarlıq edir.

İsrail bu dəfə də ABŞ-ı Livan vasitəsi ilə İrana qarşı müharibəyə təhrik edə bilməsə onun Tehranla  genişhəcmli müharibə arzuları həyata keçməmiş qalacaq. Belə şans ona bir daha nəsib olacaqmı?

Əgər İsrail növbəti dəfə Vaşinqtonu eşitməyərək Livana qarşı müharibəyə başlasa və İranın bu müharibəyə müdaxiləsinə nail olsa  ABŞ həqiqətənmi ona yardım etməyəcək? 

Bu və bu tipli ritorik sualların cavabını müharibə başlamadan vermək olduqca çətindir. Müharibənin başlanması isə düşündüyümüzdən daha dəhşətli olacaq.

Əlimusa İbrahimov

Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
21
olaylar.az

10Mənbələr