“Prezident İlham Əliyevin andiçmə mərasimində Yeni dövr-Qarabağdan sonra yeni milli ideologiyanın-yeni sosial-siyasi kimliyin formalaşdırılması vəzifəsi iki əsrlik məğlubiyyət sosiologiyasını aradan qaldırmaqla qalibiyyət ideallarını millətimizin qan yaddaşına, varlığına, gündəlik həyatına yazması faktıdır”.
Missiya.Az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Oruc qeyd edib. O, bildirib ki, ən böyük Millət Sosioloqu İlham Əliyevdir, tarixdə ilk dəfə xalqımızı coğrafi və siyasi cəhətdən böyüdən ideya Generatoru da məhz Odur: “İndi bütün universitetlər, institutlar və beyin mərkəzləri yeni hədəflərin formalaşmasında aktiv iştirak etməlidir. Azərbaycanda sosial elmlərin öyrənilməsinə töhfə vermək üçün STM London İqtisad Universitetinin keçmiş rəhbəri Entoni Giddens və müstəqil tədqiqatçı Filip Sattonun “Sosiologiyada əsas anlayışlar” kitabını tərcümə və nəşr edib. Əsər təkcə anlayışların tərifini vermir, onların geniş müzakirəsini aparır, tarixi və nəzəri kontekstə yerləşdirir, tətbiqatlarda meydana çıxan çətinlikləri nəzərdən keçirir, uyğun tənqidi mövqeləri göstərir, oxucuya onun müstəqil olaraq tanış ola biləcəyi müasir tədqiqat nümunələri verilir.
Giddens və Sattonun müəllifləri olduğu “Sosiologiyada əsas anlayışlar” kitabı sosiologiya elminin əsas tədqiqat arealının başlıca sahəsini təşkil edir. Yəni, sosiloqların dili məhz həmin terminlərlə zənginləşir. Ənənəvi lüğət tipli kitablardan fərqli olaraq, burada anlayışların işçi tərifi və mənası ilə yanaşı, inkişaf tarixi, tənqidə məruz qalan tərəfləri və aktuallıq kəsb edən cəhətləri təqdim edilir. “Sosiologiyada əsas anlayışlar” kitabı sosioloqlar, sosial elmlərin digər sahələri üzrə mütəxəssis və tələbələr, habelə müasir dünyanı daha dərindən öyrənməyə çalışan geniş oxucu dairəsi üçün nəzərdə tutulub.
Mərkəzimizin iki dəyərli əməkdaşı-Humay Axundzadə və Sübhan Cabbarlı əsərin tərcümə və çapına töhfə veriblər. Beləliklə, təmsil etdiyim Mərkəz gələcəkdə sosiologiya və sosial elmlərin dövləti-ictimai statusunu artırmaq məqsədilə bir neçə təklifləri səsləndirməyi vacib sayır. İlk növbədə, Azərbaycan-Türk dövlətləri, Azərabaycan-Çin, Azərbaycan-Britaniya arasında sosiologiya magistrlərini hazırlayan birgə proqramlara ehtiyac var. Məzunların analitika, idarəetmə, elmi və biznes layihələrində iştiraka fəal cəlbi, sosiologiya üzrə fəlsəfə doktorluğuna yönəldilməsi vacibdir. Elmi ədəbiyyat və tərcümələrin azlığı, akademik tələbatı və kadr hazırlığını, sabit karyera inkişafı üçün əlverişli mexanizmlərinin yaradılmasını yalnız sistemli dövlət siyasəti ilə həll etmək olar. Sosial elmləri vahid ali təhsil məkanında-Sosiologiya Universitetində birləşdirmək üçün təhsilin planlaşdırılması qurumları tərəfindən müvafiq addımlar atıla bilər. Hər il sosiologiya üzrə xaricə mübadilə proqramı ilə gedən tələbələr Təhsil Nazirliyinin siyasətində ayrıca yer alması məqsədəuyğundur.
Bildiyiniz kimi, Survey to Go proqramı ABŞ-ın texnoloji nailiyyətidir, məhsuludur, İT bazasıdır və bizim BİG DATA-lar onların informasiya platformasında mənzillənir, toplanır və arxivləşir. Bizim məlumatların ana platası xaricdə qərarlaşır. Ona görə də Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi sorğu proqramlarının yaradılmasını mühüm milli təhlükəsizlik tədbiri kimi önə qoya bilər. Cəmiyyət sürətlə transformasiya olunur-mediaşünaslıqdan siyasətin sosialogiyasına qədər hamısı dəyişir. Ona görə də yeni ixtisaslı kadrların hazırlığı gücləndirilməsi, sosioloqların alternativ təşkilatlanması və birliyinin yaradılması son dərəcə zəruridir. İki ildən bir beynəlxalq sosioloji konfransların, seminarların keçirilməsinə,o cümlədən birgə elmi çalışmalara, tədbir materaillarının nəşrinə və sosioloji tədiqatlar sahəsində vahid elmi mərkəzlərin yaradılmasına nail olunması vacibdir. Beləliklə, müasir dövrdə bəşəriyyətin qlobal çağırışları qarşısında cəmiyyətlərin, ideologiyaların, milli və regional sosial transformasiyaların öyrənilməsi qarşıda duran ən mühüm vəzifədir. Bir daha hazırda dünyada tək qalib millətin Vətən müharibəsində Qələbəsini möhkəmləndirmək və irəliyə aparmaq üçün özümüzü və başqalarını öyərnməli, vahid xalq institutuna çevrilməliyik”.
Missiya.Az