AZ

"BakuBus" avtobusunda sərnişinlərlə sürücü arasındakı narazılıqla bağlı RƏSMİ AÇIQLAMA

"BakuBus"a məxsus 32 nömrəli avtobusda sərnişinlərlə sürücü arasında yaranan narazılıqla bağlı rəsmi açıqlama verilib.

"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 32 nömrəli marşrut xətti üzrə hərəkət edən 77-JA -685 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü ilə sərnişin arasında yaranmış mübahisə ilə bağlı KİV-də yayılan görüntülər üzrə daxili araşdırma aparılıb.

Onun sözlərinə görə, müvafiq videogörüntülərə baxış və sürücüdən alınmış izahat əsasında aparılan araşdırma nəticəsində aşağıdakılar müəyyən edilib:

"Yollarda aparılan təmir işləri ilə bağlı avtobus marşrutu müvəqqəti dəyişdirilmiş yol ilə hərəkət edib. Sürücü avtobusu müəyyən edilmiş sürət həddində (25 km/saat) idarə edib. Eyni zamanda, avtobusun dayanacaqda saxlanılması ilə bağlı da sürücü reqlament üzrə hərəkət edib. Bu baxımdan, sərnişin tərəfindən sürücüyə bildirilən iradlar əsassız hesab edilib.

Xüsusi olaraq vurğulamaq istərdik ki, bu iradlar sərnişin tərəfindən kobud formada bildirilib və təhqirlə müşayiət edilib. Sürücü tərəfindən isə şirkətin xidmət standartları nəzərə alınaraq, mədəni şəkildə izahatlar verilib. Konfliktdən qaçmaq məqsədilə sürücü sərnişindən hərəkətini arxadan gələn avtobusla ödənişsiz əsasda davam etdirməsini xahiş edib. Baş vermiş hadisə ilə bağlı sürücü ilə də profilaktik söhbət aparılıb".

"Bu və bu kimi halların təkrarlanmaması məqsədilə bir daha sərnişinlərimizə müraciət edərək sükan arxasında sürücünün bu şəkildə narahat edilməsinin ciddi təhlükəsizlik riskləri doğurduğunu diqqətə çatdırırıq. Xidmət keyfiyyətini özünün fəaliyyət prioriteti elan edən sürücülərimizin önəmli və çətin vəzifəni həyata keçirdiklərini nəzərə alaraq, onlara hörmətlə yanaşmağı xahiş edirik", - məlumatda vurğulanır.

Mənbə: oxu.az

Aqreqator
Seçilən
113
2
oxu.az

3Mənbələr