AZ

Aramsız yağışlar, dağıdıcı daşqınlar…

Bunlar qlobal iqlim dəyişikliyinin yaratdığı fəlakətlərdir

Son günlər ölkəmizin bölgələrində hava şəraiti ilə bağlı ciddi narahtlıqlar yaşanır. Əksər ərazilərdə aramsız leysan yağışları yağır, şimşək çaxır, dolu düşür, çaylarda su artır. Bu da kəskin daşqın və sellərə səbəb olur. Yağışlar bəzi rayonlarda həm də güclü külək­lərlə müşayiət olunur. Küləyin təsirindən iri gövdəli ağaclar aşır, dağlıq ərazidə isə qaya parçaları qoparaq yollara tökülür. 

Sel suları avtomobil yollarını da ya­rarsız vəziyyətə salır. Suötürücü borular sıradan çıxır. Bununla da yol infrastruktu­runa və yol qurğularına xeyli ziyan dəyir. Təəssüf ki, belə vəziyyət ölkəmizin bütün bölgələrində müşayiət olunur. Bəs hava­ların əvvəlki illərə nisbətən daha yağmur­lu və küləkli keçməsinin səbəbi nədir? Bu və digər suallara cavab tapmaq üçün AMEA Coğrafiya İnstitutunun ekoloji çoğ­rafiya şöbəsinin elmi işçisi Gülxar Rzaye­va ilə görüşüb söhbət etdik.

–Gülxar xanım, son vaxtlar təbiəti tanımaq olmur. Hər gün yeni bir sürpriz baş verir. Gah dolu düşür, gah da sel hər yeri yuyub aparır. Bunun səbə­bi nədir?

–Bu, ilk növbədə iqlim dəyişikliyi ilə bağlıdır. Məlumdur ki, son illər havanın temperaturu davamlı olaraq artır. Ölkə­mizdə son illər ən isti hava 2021-ci ilin iyununda qeydə alınıb. Həmin dövrdə ha­vanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcə Selsiyədək yüksəlib. 

Qeyd etmək lazımdır ki, istiləşmə yal­nız yay aylarında deyil, həm də qış və yaz aylarında da nəzərə çarpır. Bu, Yerin Günəş enerjisini əks etdirmə qabiliyyə­tinin azalması ilə əlaqədardır. Yeri gəl­mişkən, buna elmi ədəbiyyatda “albedo” deyilir.

– Albedo, yəqin ki, çoxları üçün yeni termindir. Bəlkə oxucularımız üçün bu elmi anlayışın daha geniş iza­hını verəsiniz?

– Məmnuniyyətlə. Əgər yadınızdadır­sa, 30–40 il bundan əvvəl iqlim indikindən tamamilə fərqli idi. Payızın son ayları, qış və yazın ilk aylarında geniş ərazilər qarla örtülü olardı. Havanın temperaturu indi­kindən aşağı olduğundan qar torpaqda uzun müddət qalırdı. Dağlarda isə geniş buzlaq sahələri vardı. Qar və buz yüksək albedoya malik olduğu üçün Günəş işığı­nı güzgü kimi əks etdirir və Yerin istiləş­məsinin qarşısını alırdı. 

Amma zaman keçdikcə, vəziyyət də­yişir. Bu dəyişiklik mənfi nəticələrə gəti­rib çıxarır. Belə ki, ortalama qlobal tem­peratur sənayedən əvvəlki səviyyədən, təxminən, 1,1 dərəcə artıb. Yaxın illərdə isə havanın temperaturu 0,2 Selsidən 1,5 Selsiyədək yüksələcək. 

Temperatur artımının nəticəsidir ki, ölkəmizin ərazisində hər il qar daha az yağır və daha az əraziləri tutur, payızda qar gec görünür və yazda erkən əriyir. Buzlaqların əraziləri də hər il azalır. 

Azərbaycan ərazisində buzlaqlar Bö­yük Qafqazın şimal-şərq hissəsində–Qu­sarçayın hövzəsində yerləşir. Bu buzlaq­ların ümumi sayı 8 ədəddir. 1890-cı ildən 2023-ci ilə qədər Azərbaycanda buzlaqla­rın sahəsi, təxminən, 47 faiz azalıb. Buz­laqların əriməsinə səbəb iqlim dəyişikliyi və temperaturun yüksəlməsidir. Qar və buzlaq örtüklərinin səthinin azalması isə yerin Günəş enerjisini əks etdirmə qabiliy­yətinin azalması ilə əlaqədardır. Bu səbəb­lərdən də yerin səthi getdikcə daha çox Günəş enerjisini udur və istiləşməsi baş verir. İstixana effekti və meşələrin qırılması da havanın istiləşməsinə təsirsiz ötüşmür.

– Gülxar xanım, istiləşmənin yağın­tılara birbaşa təsiri varmı?

– Deyim ki, bu təsir üç əsas amilin bir­ləşməsindən asılıdır. Bunlar havanın tem­peraturu, atmosferdə rütubətin mövcudlu­ğu və hava kütlələrinin qlobal hərəkətidir. Fizika qanunlarına görə, hava nə qədər isti olsa, bir o qədər çox nəm saxlaya bi­lir. Məsələn, temperaturun 1 dərəcə Selsi artması ilə havanın tuta biləcəyi suyun miqdarı 7 faiz artır. Müəyyən miqdarda nəm udmaq qabiliyyətinə malik bir süngər təsəvvür edin. Süngər tuta biləcəyi qədər su saxlaya bilir. Dolduqca ondan yağıntı şəklində su tökülməyə başlayacaq.

Atmosferdə kifayət qədər rütubət var­sa, yağıntılar da artacaq. Bunu mən bir müddət əvvəl Qəbələ rayonunda olarkən müşahidə etdim. Rayona bir neçə gün­dür ara vermədən yağış yağmış, küçələr, evlər və ticarət obyektləri sel sularının al­tında qalmışdı. Küləyin təsirindən elektrik dirəkləri aşmış, naqillər qırılmışdı. Nəticə­də, rayonun yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayanmışdı. 

Həddindən artıq yağış yağdığın­dan hava bürkülü idi. Torpağa hopmuş su buxarlandığından havadakı rütubət açıq-aydın hiss olunurdu. Bir sözlə, daha isti bir atmosferlə daha çox nəm udulurdu, bu da sonda güclü yağışa səbəb olurdu. Yəni rütubət vardısa, yağış da yağmalı idi. Yağdı da. 

–Yağışı başa düşdük. Bəs güclü küləklərin səbəbi nədir? 

–İntensiv yağışların bir özəlliyi də onların ölkəmizdə küləklə müşahidə olunmasıdır. Bu ilin iyun ayının ilk gün­lərində mülayim cənub küləklərinin, isti hava axınının təsiri ilə əlaqədar havanın temperaturu bir qədər yüksəlib. Qeyd edim ki, külək nəticəsində istilik və rütu­bət bir sahədən digərinə aparılır. O, təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir. 

Atmosferin yuxarısındakı havanın is­tiləşməsi atmosfer təzyiqinin ən azı 2,5 millimetr civə sütunu azalmasına səbəb olur. Külək də bu istiqamətdə əsir. Nəticə­də, rütbətli, isti hava yüksəlir. Nəm yüksək hündürlüklərdə kondensasiya olunur və yağış kimi düşür. 

–Azərbaycanda daşqın hadisələri iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir. Ən çox daşqınlar neçən­ci ildə baş verib.

– Azərbaycanda 1999–2000-ci illərdə dörd dəfə sel, daşqın olubsa, 2020–2021- ci illərdə 50 belə hadisə olub. 2023-cü ildə isə rəqəmlərdə rekord qeydə alınıb. Ötən il 147 sel-daşqın hadisəsi qeydə alınıb. 2024-cü ilin may ayına olan məlumata görə, 14 dəfə sel olub. İyun ayında isə bu göstərici ciddi artıb. 

Söhbəti qələmə aldı:
Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
207
xalqqazeti.az

1Mənbələr