Bunlar qlobal iqlim dəyişikliyinin yaratdığı fəlakətlərdir
Son günlər ölkəmizin bölgələrində hava şəraiti ilə bağlı ciddi narahtlıqlar yaşanır. Əksər ərazilərdə aramsız leysan yağışları yağır, şimşək çaxır, dolu düşür, çaylarda su artır. Bu da kəskin daşqın və sellərə səbəb olur. Yağışlar bəzi rayonlarda həm də güclü küləklərlə müşayiət olunur. Küləyin təsirindən iri gövdəli ağaclar aşır, dağlıq ərazidə isə qaya parçaları qoparaq yollara tökülür.
Sel suları avtomobil yollarını da yararsız vəziyyətə salır. Suötürücü borular sıradan çıxır. Bununla da yol infrastrukturuna və yol qurğularına xeyli ziyan dəyir. Təəssüf ki, belə vəziyyət ölkəmizin bütün bölgələrində müşayiət olunur. Bəs havaların əvvəlki illərə nisbətən daha yağmurlu və küləkli keçməsinin səbəbi nədir? Bu və digər suallara cavab tapmaq üçün AMEA Coğrafiya İnstitutunun ekoloji çoğrafiya şöbəsinin elmi işçisi Gülxar Rzayeva ilə görüşüb söhbət etdik.
–Gülxar xanım, son vaxtlar təbiəti tanımaq olmur. Hər gün yeni bir sürpriz baş verir. Gah dolu düşür, gah da sel hər yeri yuyub aparır. Bunun səbəbi nədir?
–Bu, ilk növbədə iqlim dəyişikliyi ilə bağlıdır. Məlumdur ki, son illər havanın temperaturu davamlı olaraq artır. Ölkəmizdə son illər ən isti hava 2021-ci ilin iyununda qeydə alınıb. Həmin dövrdə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcə Selsiyədək yüksəlib.
Qeyd etmək lazımdır ki, istiləşmə yalnız yay aylarında deyil, həm də qış və yaz aylarında da nəzərə çarpır. Bu, Yerin Günəş enerjisini əks etdirmə qabiliyyətinin azalması ilə əlaqədardır. Yeri gəlmişkən, buna elmi ədəbiyyatda “albedo” deyilir.
– Albedo, yəqin ki, çoxları üçün yeni termindir. Bəlkə oxucularımız üçün bu elmi anlayışın daha geniş izahını verəsiniz?
– Məmnuniyyətlə. Əgər yadınızdadırsa, 30–40 il bundan əvvəl iqlim indikindən tamamilə fərqli idi. Payızın son ayları, qış və yazın ilk aylarında geniş ərazilər qarla örtülü olardı. Havanın temperaturu indikindən aşağı olduğundan qar torpaqda uzun müddət qalırdı. Dağlarda isə geniş buzlaq sahələri vardı. Qar və buz yüksək albedoya malik olduğu üçün Günəş işığını güzgü kimi əks etdirir və Yerin istiləşməsinin qarşısını alırdı.
Amma zaman keçdikcə, vəziyyət dəyişir. Bu dəyişiklik mənfi nəticələrə gətirib çıxarır. Belə ki, ortalama qlobal temperatur sənayedən əvvəlki səviyyədən, təxminən, 1,1 dərəcə artıb. Yaxın illərdə isə havanın temperaturu 0,2 Selsidən 1,5 Selsiyədək yüksələcək.
Temperatur artımının nəticəsidir ki, ölkəmizin ərazisində hər il qar daha az yağır və daha az əraziləri tutur, payızda qar gec görünür və yazda erkən əriyir. Buzlaqların əraziləri də hər il azalır.
Azərbaycan ərazisində buzlaqlar Böyük Qafqazın şimal-şərq hissəsində–Qusarçayın hövzəsində yerləşir. Bu buzlaqların ümumi sayı 8 ədəddir. 1890-cı ildən 2023-ci ilə qədər Azərbaycanda buzlaqların sahəsi, təxminən, 47 faiz azalıb. Buzlaqların əriməsinə səbəb iqlim dəyişikliyi və temperaturun yüksəlməsidir. Qar və buzlaq örtüklərinin səthinin azalması isə yerin Günəş enerjisini əks etdirmə qabiliyyətinin azalması ilə əlaqədardır. Bu səbəblərdən də yerin səthi getdikcə daha çox Günəş enerjisini udur və istiləşməsi baş verir. İstixana effekti və meşələrin qırılması da havanın istiləşməsinə təsirsiz ötüşmür.
– Gülxar xanım, istiləşmənin yağıntılara birbaşa təsiri varmı?
– Deyim ki, bu təsir üç əsas amilin birləşməsindən asılıdır. Bunlar havanın temperaturu, atmosferdə rütubətin mövcudluğu və hava kütlələrinin qlobal hərəkətidir. Fizika qanunlarına görə, hava nə qədər isti olsa, bir o qədər çox nəm saxlaya bilir. Məsələn, temperaturun 1 dərəcə Selsi artması ilə havanın tuta biləcəyi suyun miqdarı 7 faiz artır. Müəyyən miqdarda nəm udmaq qabiliyyətinə malik bir süngər təsəvvür edin. Süngər tuta biləcəyi qədər su saxlaya bilir. Dolduqca ondan yağıntı şəklində su tökülməyə başlayacaq.
Atmosferdə kifayət qədər rütubət varsa, yağıntılar da artacaq. Bunu mən bir müddət əvvəl Qəbələ rayonunda olarkən müşahidə etdim. Rayona bir neçə gündür ara vermədən yağış yağmış, küçələr, evlər və ticarət obyektləri sel sularının altında qalmışdı. Küləyin təsirindən elektrik dirəkləri aşmış, naqillər qırılmışdı. Nəticədə, rayonun yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayanmışdı.
Həddindən artıq yağış yağdığından hava bürkülü idi. Torpağa hopmuş su buxarlandığından havadakı rütubət açıq-aydın hiss olunurdu. Bir sözlə, daha isti bir atmosferlə daha çox nəm udulurdu, bu da sonda güclü yağışa səbəb olurdu. Yəni rütubət vardısa, yağış da yağmalı idi. Yağdı da.
–Yağışı başa düşdük. Bəs güclü küləklərin səbəbi nədir?
–İntensiv yağışların bir özəlliyi də onların ölkəmizdə küləklə müşahidə olunmasıdır. Bu ilin iyun ayının ilk günlərində mülayim cənub küləklərinin, isti hava axınının təsiri ilə əlaqədar havanın temperaturu bir qədər yüksəlib. Qeyd edim ki, külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. O, təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir.
Atmosferin yuxarısındakı havanın istiləşməsi atmosfer təzyiqinin ən azı 2,5 millimetr civə sütunu azalmasına səbəb olur. Külək də bu istiqamətdə əsir. Nəticədə, rütbətli, isti hava yüksəlir. Nəm yüksək hündürlüklərdə kondensasiya olunur və yağış kimi düşür.
–Azərbaycanda daşqın hadisələri iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir. Ən çox daşqınlar neçənci ildə baş verib.
– Azərbaycanda 1999–2000-ci illərdə dörd dəfə sel, daşqın olubsa, 2020–2021- ci illərdə 50 belə hadisə olub. 2023-cü ildə isə rəqəmlərdə rekord qeydə alınıb. Ötən il 147 sel-daşqın hadisəsi qeydə alınıb. 2024-cü ilin may ayına olan məlumata görə, 14 dəfə sel olub. İyun ayında isə bu göstərici ciddi artıb.
Söhbəti qələmə aldı:
Pünhan ƏFƏNDİYEV
XQ