AZ

Dələduzluğa qarşı əsrarəngiz humanizm və onun qanlı nəticələri

Cənubi Koreyada bələdiyyə məclisində işlədilən robot intihar etmişdir. Yazıq alət yerində fır-fır fırlandıqdan sonra özünü pilləkəndən atmış, tikə-parça olmuşdur. Bu xəbəri oxuyanda yadıma Biləcəri bələdiyyəsi düşdü. Orada sədri tutub döymüşdülər, sonra hökumət məcbur oldu təzəsini qoysun. Prinsipcə, indi Biləcəridə satmağa boş torpaq o qədər çox qalmamışdır, yəqin bələdiyyədə milçək tuturlar. Yəni, robotu Koreyadan gətirib Biləcəriyə qoysan, burda uzun ömür yaşayar, xoşbəxt olardı, hələ yaxşı daydayı olsa qabağa gedərdi. Bizdə hamı xoşbəxtdir. Maşın olsun, adam olsun, it olsun, pişik olsun – heç bir fərqi yoxdur. Hətta yurdumuzun daşı da xoşbəxtdir, görürsən hamı bir-birinə “daş başına” deyir. Başa qoyurlarsa, sevirlər. Şair demişkən, vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!

İranda isə prezident seçkisində olduqca qəribə hadisə yaşanmışdır: ikinci tur keçiriləcəkdir. Bu nəsə çox sirrli hadisədir. Mən neçə adamdan soruşdum, bilmədilər. Seçkidə niyə ikinci tur olsun ki? Yox bir, üçüncü tur... Nə qədər əsrarəngiz ölkələr var. Yəməndə Sokotra adası var, orda da əjdaha ağacı bitir. Təsəvvür elə. Qurban olum seyidlərin cəddinə.

Hələ Amerikanı demirsən... Namizədlər debat eləyiblər. Şəxsən mən bunu da görməmişəm. İstəyirsən efirə çağır, pi ədədinin vergüldən sonra 27-ci səviyyəsinə qədər sayım. İstəmirsən radioya çıxım, burdan Aya qədər neçə metrdir, deyim. Lakin debat sözünü başa düşmürəm. Vur, öldür, bilmirəm.

Anlamadığım işlərdən birini də hörmətli oxucularla bölüşmək istəyirəm. Təzəlikcə, iyunun 24-də, Şüvəlan qəsəbəsində 3 polis və 1 mülki vətəndaşı tüfənglə vurub öldürdülər. Qatilin istifadə etdiyi tüfəng avtomat tipli idi, bunu hardan almışdı, bizdə belə ov tüfənglərinin satışına icazə varmı, yoxmu, bu suallar qalsın, əsas təəccüblü detallar polisin sonrakı günlərdəki açıqlamasında ortaya çıxdı. Sən demə qatil hələ 2023-cü ilin martında dələduzluq edib bir nəfərin 320 min manatını ələ keçirdiyi üçün həbs edilibmiş. Eyni zamanda başqa şəxsə “torpaq satmaq” adıyla 139 min manat atıbmış. Amma sonra qəribə hadisə baş verib: avqustda Nərimanov rayon məhkəməsi onun həbs qərarını ləğv edib, ev dustaqlığına buraxıb.

Təsəvvür edirsinizmi? Kimsə yarım milyonluq dələduzluq edir, amma azadlıqda gəzir, evində yatır. Niyə bu ev dustaqlığı humanizmi başqa yoldaşlara, məsələn, jurnalistlərə, siyasilərə, QHT üzvlərinə tətbiq edilmir? Sual ritorikdir.

Hələ bu harasıdır, tragikomediyanın ardı da var. Həmin ilin iyununda dələduz və gələcək qatil başqa bir nəfəri gömrüyə işə düzəltmək adıyla 20 min manatlıq aldadıb. İstintaq zamanı onun dördüncü şəxsə isə lap külli miqdarda torba tikdiyi ortaya çıxıb: torpaq sahəsini özəlləşdirmək adıyla nə az, nə çox, düz 1 milyon 141 min 500 manatını çırpışdırıb. Səbayel rayon məhkəməsi həbs qərarı verib. “Qəhrəmanımız”a bu dəfə xilas kəmərini birbaşa Bakı Apellyasiya Məhkəməsindən tullayıblar. 2023-cü ilin 15 sentyabrında Apellyasiya Səbayelin həbs qərarını ləğv eləyib və yenidən adam ev dustaqlığına buraxılıb.

Sanki gözəgörünməz əl, qüvvə onu himayə edirmiş. Yoxsa az qala bütün Bakıya pul atırsan, azadlıqda gəzirsən, inanılmazdır.

Bəli, sentyabrdan sonra dələduz məhkəmə iclaslarına gəlməyəndə məcbur olub axtarışa veriblər. 8 ay axtarış da həmin qətliamla bitib. Sözgəlişi, dələduz-qatilə qarşı yüksək humanizm onun ömrünün son anlarında da nümayiş etdirilib, təfərrüatlara varmıram, özünüz bilirsiniz.

İndi mənim anlamadığım odur ki, niyə xalqımız həmin qatili ev dustaqlığına buraxan hakimlərin adını bilmir? Nərimanov məhkəməsində, Bakı Apelyasiya Məhkəməsində çalışan həmin gülməşəkərlər kimlərdir? Biz bilməsək də, güman edirəm Ali Məhkəmənin sədri, hörmətli İnam Kərimovun bu yoldaşları tapmaq, sorğu-sual etmək imkanları mütləq vardır.

Axı onların üzərində faktiki 4 nəfərin qanı var.    

Seçilən
206
50
musavat.com

10Mənbələr