AZ

Artan qətllər, intihar və kriminallar - səbəb...

Ekspert: “Dövlətlər aqressiv tövr nümayiş etdirəndə, bu, nəticədə insanlara da sirayət edir”

Son aylarda ölkədə kriminallar, xüsusilə qətllər və intiharlar artıb. Eyni zamanda insanların davranışlarında aşırı aqressiya müşahidə olunur. Habelə kriminal xronikadan görünür ki,  müəmmalı şəkildə itkin düşən, evdən qaçan adamlar da çoxalıb. Sanki ölkədə bir kütləvi psixoz durum yaranıb.  Səbəblər nədir? Cəmiyyətdəki aqressiyanı azaltmaq mexanizmləri nədir? Dünya təcrübəsində hansı taktikalar tətbiq olunur? 

 

Nazir

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, baş vermiş qətllərin əksəriyyəti tamah motivlidir: “Əlbəttə, hamı istər ki, bu cür qətllərin sayı azalsın. Amma mən məhkəmə-istintaq təcrübəsinin sovet dövrünü götürəndə deyə bilərəm ki, ailə münaqişəsi zəminində cinayətlər az idi. Elə görünməsin ki, sovet dövrünü tərifləyirəm, amma bu, reallıqdır. Çünki bizdə milli dəyərlər, ağsaqqal və qarasaqqal anlayışı var, o halda ailə münaqişəsini qızışmağa qoymurdular. İndi isə texnologiyanın sürətli inkişafı cinayətkarlığa qarşı mübarizəni asanlaşdırsa da, cinayətlərin sayının artmasına təsir edib. Məsələn, kişi qadına deyir ki, səndən şübhələnirəm, kiməsə mesaj yazırsan və ya şəkil yollayırsan. Hətta bir neçə il qabaq Sabunçuda qız oğlanı görüşə çağırmışdı, qardaşları gəlib onu öldürdülər. Bax, müasir texnologiya konfliktli situsiyalara bu şəkildə "stimul" verir. Eyni zamanda qloballaşma gedir, dünyaya açılım var, gediş-gəliş artıb, yeni əlaqələr qurulur və bütün bunlar belə hallara təsir edir. Ümumən cinayətsiz cəmiyyət olmur". 

Natiq Ələsgərov deyib ki,  paralel olaraq maarifçilik işini gücləndirməlidir: “Televiziyalar bu yöndə maarifçiliklə məşğul olmur. Qəzetlər yazır, amma geniş auditoriya üçün televiziyaların müstəsna rolu var. Telekanallarda yayımlanan verilişlər ailə münaqişəsi problemini qızışdırır, tərbiyələndirmir".

Azad

Azad İsazadə

Psixoloq Azad İsazadə baş verən olaylarda qəddarlığın kökünü cəmiyyətdəki aqressivlikdə görür: “Cəmiyyətdə aqressivlik çoxalanda hansısa münaqişələrdə bu aqressivlik özünü daha güclü şəkildə göstərir. Cinayət törədənlər də bu cəmiyyətin üzvləridir. Ona görə də bu cəmiyyətin içində belə hallar baş verir. Ümumilikdə isə bütün dünya hazırda qaynar qazanı xatırladır. Hər yerdə aqressiya artan xətlə gedir. Müharibələrin də çox ciddi təsiri var. Hər gün aqressiv hərəkətlərlə rastlaşırıq deyə aqressiv hərəkətlər bizə normal görünür. Üstəlik, mətbuatda, telekanallarda, sosial şəbəkələrdə aqressivliyin təbliği olan filmlər, xəbərlər, verlişlər davamlı şəkildə diqqətə çatdırılır. Bütün bunlar son nəticədə fərdlərin şüuruna təsir edir, adiləşmiş qəddarlıq fərdin fərdi öldürməsi, ona ölümcül zərbə endirməsi ilə sonunclanır”. 

Azad İsazadə deyir ki, hazırda müşahidə olunan aqressivliyin qarşısının alınması üçün konkret reseptlər yoxdur: “Bəzi alimlər aqressivliyin artmasını planetar dəyişikliklərlə izah edirlər. Dünyada müharibə ocaqları artır, qan tökülməsi adi hala çevrilir. Bir müddət belə davam edəndən sonra isə dinc bir periodun olacağı pronozlaşdırılır. Digər bir nəzəriyyəyə görə isə dövlətlərin davranışları ilə bağlıdır. Qeyd olunur ki, dövlətlər aqressiv tövr nümayiş etdirəndə, bu, nəticədə insanlara da sirayət edir. Əks-proses olanda isə əhalidə də sakitləşmə, mülayimləşmə prosesi gedir. Dövlətlərin halı - aqressivliyi artanda cəmiyyətdə də belə bir proses başlayır, cəmiyyətə keçir. Müşahidə etdiyimiz qəddarlıqların kökünü bu istiqamətdə axtarmalıyıq”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Seçilən
260
50
musavat.com

10Mənbələr