Gündəmin vacib hadisələrindən biri İran seçkiləridir. “Səid Cəlili təcrübəsiz və təhlükəlidir”. İran prezidentliyinə namizəd Məsud Pezeşkian seçkilərin ikinci turu ilə bağlı yaydığı bəyanatında qeyd edib. Pezeşkian birinci turda Cəliliyə səs verməyənlərə təşəkkür edib, onların bu hərəkətini qeyri-adi və təhlükəli ideyalara mənfi cavab kimi qiymətləndirib:
“Fəlakətdən qaçıb özümüzü sığortalamalıyıq. Gəlin bir daha düşünək və baş verə biləcəklərin heç də zarafat olmadığını qəbul edək! Etibarsız, təcrübəsiz və təhlükəli insanlar İranı qəribə ideyaların ən böyük laboratoriyasına çevirə bilər”.
Ukrayna prezidenti Vladimir Zelenski isə Rusiya lideri Putinlə danışıqların mümkünlüyündən söz açıb. Musavat.com xəbər verir ki, bu barədə o, fikirlərini “Philadelphia Inquirer”ə müsahibəsində bölüşüb.
Zelenski əvvəllər dəfələrlə belə danışıqların qeyri-mümkünlüyündə israr edirdi və bu, hətta Ukraynada qanunla təsbit olunub.
Vladimir Zelenskinin sözlərinə görə, Rusiya lideri ilə danışıqların yeganə variantı vasitəçilər tərəfindən aparılmasıdır, çünki bu metoddan Qara dənizdə taxıl dəhlizinin müzakirəsi və yaradılması zamanı istifadə edilib.
“Bu model ilk dəfə taxıl dəhlizinin timsalında, Ukraynanın Rusiya ilə deyil, BMT və Türkiyəylə danışıqlar apardığı zaman istifadə edilib.
Onlar da öz növbəsində bizimlə danışıqlar aparmağı, sonra isə Rusiya Federasiyası ilə müvafiq müqavilə imzalamağı öz üzərlərinə götürdülər. Yəni burada arada BMT və Türkiyənin olduğu iki güzgü razılaşmasından söhbət gedir”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, əsas məqsəd Ukraynanın və ukraynalı olan hər şeyin tamamilə məhv edilməsinin qarşısını almaq, ukraynalıların indiki və gələcək nəsillərinin təhlükəsizliyini təmin etməkdir. Zelenski hesab edir ki, ölkəsinin iqtisadi təhlükəsizliyi Ukraynanın Avropa İttifaqına üzv olmasından keçir. Bundan başqa, onun fikrincə, Ukrayna NATO-da olmalıdır, çünki bunsuz onun ölkəsi üçün böyük risklər mövcud olacaq.
"Rusiya Ukrayna ilə bağlı istənilən dialoqa açıqdır. Bunu Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bildirib".
Bunu isə öz növbəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə dialoqun mümkünlüyü barədə danışarkən deyib. “Prezident Putin dəfələrlə bildirib ki, Rusiya Federasiyası qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün istənilən təmasa, istənilən dialoqa açıqdır. Biz bu açıqlığı qoruyuruq, prezident də bu barədə dəfələrlə danışıb”, - deyə Peskov Kremlin vasitəçilərlə danışıqları dəstəkləməyə hazır olub-olmadığı ilə bağlı suala cavab verib.
Qeyd edək ki, İranda iyunun 28-də keçirilən seçkilərin birinci turunda azərbaycanlı Məsud Pezeşkian ən çox (10,4 milyon) səs toplayıb. Onun ən yaxın rəqibi Səid Cəlili isə 9,4 milyon səslə ikinci olub. Onlar 5 iyulda ikinci turda mübarizə aparacaq.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi, İran siyasəti üzrə yazar Fikrət Fəraməzoğlu ilə regiondakı prosesləri müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat