Bugünlərdə Ermənistan mətbuatında bu ölkədə Atom Elektrik Stansiyasının inşası ilə bağlı məlumatlar yer almaqdadır. Ermənistan KİV-nin məlumatına görə, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib. Məlumatda qeyd olunur ki, bu AES-in ABŞ-la birlikdə inşa edilməsi nəzərdə tutulsa da, hələlik Ağ Ev bununla bağlı qəti mövqe ortaya qoymayıb.
Xatırladaq ki, Ermənistanda Metsamorun timsalında bir AES mövcuddur. Hansı ki, bu AES-lə bağlı bütün regionda ciddi narahatlıq mövcuddur. Buna səbəb stansiyanın qəzalı vəziyyətdə fəaliyyət göstərməsi, texnoloji baxımdan köhnəlməsidir. Belə bir vəziyyətdə İrəvanın Ermənistanda yeni bir AES inşa etmək cəhdi ciddi təhlükədən və məsuliyyətsizlikdən xəbər verir.
Birincisi, ona görə ki, Ermənistanda bu cür bahalı və təhlükəli stansiyalara texniki xidmət göstərmək üçün gərəkli maliyyə və kadr ehtiyatı mövcud deyil. Bu isə o deməkdir ki, belə Ermənistanda yeni bir AES inşa ediləcəyi təqdirdə həmin stansiyanın gələcək aqibəti bəribaşdan sual altına düşmüş olacaq.
İkincisi, Ermənistan hakimiyyəti və toplumunda bu cür ciddi layihələrin önəmini, faydalı tərəfləri ilə yanaşı, həm də təhlükəli tərəflərini dərk edəcək təfəkkür mövcud deyil. Metsamorun qəzalı vəziyyətdə belə istismar edilməsi faktı buna nümunədir.
Üçüncüsü, Ermənistanın AES tullantılarından Azərbaycana qarşı “çirkli bomba”lar hazırlayacağı ilə bağlı ötən illərdəki xəbərdarlıqları göstərir ki, bu stansiyalar İrəvanın əlində qonşu dövlətlərə təzyiq vasitəsidir. Ermənistanın hər cür təxribat və avantüraya hazır olması gerçəyi bu stansiyaların İrəvanın əlində “çirkli müharibə” vasitəsi olduğunu göstərir.
Unutmaq olmaz ki, Metsamorda və ya yeni inşa ediləcək AES-də baş verə biləcək hər hansı qəza bütün region dövlətləri üçün fəlakət deməkdir. Bu səbəbdən də Azərbaycanla yanaşı, digər region dövlətlərinin də bu məsələdə həssaslıq sərgiləməsi, yeni AES layihəsinə öz etirazını bildirməsi vacibdir.
Seymur ƏLİYEV