AZ

Paşinyan hədəflərindən daha birinə çatıb - TƏHLİL

Sorğunun nəticələri göstərir ki, baş nazirin kreslosuna heç bir təhlükə yoxdur, o  hələ bir müddət də hakimiyyətini qoruya biləcək


Əgər gələn bazar günü seçki keçirilsə, respondentlərin 14,4%-i hakim Mülki Müqavilə Partiyasına, 3,7%-i “Ermənistan” blokuna, 2,3% “Şərəfim var” blokuna, 1,5% keşiş Baqratın hərəkatına səs verərdi.

Bu, “Qallap” (Gallup) beynəlxalq araşdırmalar mərkəzinin keçirdiyi sorğuda üzə çıxıb.

Qurumun rəhbəri Aram Navasardyan əlavə edib ki, respondentlərin 8,6 faizi səsini heç kimə verməyəcəyini deyib, 7,1 faizi cavab verməkdən imtina edib, 22,5 faizi cavab verməkdə çətinlik çəkib.

“32,5 faiz seçkilərdə iştirakdan imtina edəcəyini bildirib. Belə çıxır ki, respondentlərin 40%-dən çoxu seçkilərdə iştirak etməyəcək”, - Navasardyan vurğulayıb.


AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Sherg.az”a söyləyib ki, göründüyü kimi, Ermənistanın baş naziri Nikol Paşinyan reytinqdə yenə də öndədir: 

“Bu sorğularda özünü göstərir. Bu sorğu kifayət qədər real görünür. Keşiş Baqratın faizinə baxdıqda isə faiz göstəricisi çox aşağıdır. Halbuki, onun inqilab edəcəyini düşünənlər də az deyildi. Amma erməni xalqı ona dəstək vermədi. Etiraf edək ki, məğlub ölkə lideri sayılan Paşinyanın idarəçiliyini faiz nisbətində Ermənistanda bəyənənlər çoxdur. Artıq erməni xalqını seçkilər o qədər də maraqlandırmır. Nikolun əleyhdarları belə seçkiləri mənasız hesab edirlər. Onun üçün də artıq seçkiyə getməyən insanların sayı ümumi əhalinin yarısına çatmaqdadır. Bu da olduqca ciddi rəqəmdir. Getdikcə faiz göstəricisi artacaq. Sözsüz ki, burada Keşiş Baqratın mitinqlərində, eləcə də, ondan əvvəlki etiraz aksiyalarında iştirakçılara göstərilən fiziki zorakılıq da az rol oynamır. Bir sözlə burada insanların seçkilərdə Paşinyanın onsuzda qalib gələcəyi düşüncəsi ilə yanaşı həm də proseslərdən çəkinmələri halı da var”.

Siyasi şərhçi Paşinyanın istəyinə nail olduğunu da qeyd edib: 

“Paşinyan hədəflərindən daha birinə çatıb. Ona siyasi fəallıq göstərən cəmiyyət lazım deyildi. Onun üçün də hakimiyyətə gəldiyi ilk vaxtlardan özünün etdiyi inqilabın şəxsinə qarşı təkrarlanmaması üçün zaman-zaman addımlar atdı və son 6 ildə buna qismən nail oldu, hazırda nəticələrini görməkdədir. Burada bir məsələ də var. Sorğunu Rusiyaya, yaxud Paşinyana yaxın dairələrin araşdırma mərkəzi keçirmir. Gallup beynəlxalq araşdırmalar mərkəzi Qərb dairələrinə yaxınlığı ilə seçilən sorğu mərkəzlərindən biri sayılır. Bu sorğuda üzə çıxan faiz nisbəti heç bir ölkə üçün, o cümlədən Paşinyan iqtidarı üçün o qədər də ürəkaçan durum deyil. Erməni baş nazir Qərblə hazırda yaxınlığı ilə seçilir. Amma belə bir sorğu ilə də üz-üzədir. Bütün bunlar sorğunun obyektivliyini göstərir. Amma istənilən halda  hazırda Nikolun kreslosuna heç bir təhlükə yoxdur. O hələ bir müddət də hakimiyyətini qoruya biləcək”.

Qeyd edilib ki, sorğu 3-6 iyulda 1100 respondent arasında telefonla keçirilib.
Seçilən
136
29
sherg.az

10Mənbələr