Rusiya baş nazirinin müavini Aleksandr Novak təbii qazın bu ildən sonra Ukrayna üzərindən Avropaya nəqlinə davam etməyə hazır olduqlarını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə,Qazaxıstanda jurnalistlərə açıqlamasında A.Novak Rusiya qazının Ukrayna üzərindən Avropaya daşınması ilə bağlı 2024-cü ildə başa çatacaq müqavilədən danışıb: “Müqavilənin davam etdirilməsi Ukraynadan asılıdır. Göndərmə onun ərazisindən edilir, öz qaydaları var, onların istəklərinə bağlıdır. Biz daşınmaya davam etməyə hazırıq. "
Xatırladaq ki, Ukrayna Nazirlər Şurası Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya nəqlini təmin edən razılaşmaların 2024-cü ildən sonra uzadılmayacağını açıqlayıb. Ukrayna administrasiyasının 2023-cü ilin sonu üçün açıqladığı məlumata görə, bu ölkədən boru kəmərləri ilə Avropaya nəql edilən Rusiya qazının həcmi ötən il 2022-ci illə müqayisədə 28,4 faiz azalaraq 14,6 milyard kubmetrə düşüb.
Qeyd edək ki, Ukraynanın milli təbii qaz şirkəti "Naftoqaz" ilə Rusiyanın "Qazprom" şirkəti arasında 30 dekabr 2019-cu ildə imzalanan hökumətlərarası sazişdə 2021-2024-cü illər üçün Ukrayna üzərindən Avropaya ildə 40 milyard kubmetr təbii qaz tranziti nəzərdə tutulub.