AZ

Nəzakət Məmmədli: Bacardığım qədər gözəl əməllər, xeyirli işlərə sahib insanları unutmamağa, unutdurmamağa çalışıram

Yaradıcı insanlar qayğı ilə, narahatlıqla yoğrulublar, məncə. Əgər bu yaradıcılıq onun daxili dünyasının səsi, kövrək ürəyinin hayqırtısıdırsa, özü ilə bərabər gətirdiyi problemlərə də hazır olmalısan, demək. Nədir o problemlər? Dünyaya və insanlara qarşı daha artıq həssaslıq, hər nüansa, hər xırda detala daha böyük reaksiya, ürəyinə aldığı türlü-türlü yüklər... O yüklər ki, bir gün mütləq səni mənəvi və fiziki sağlamlığınla sınağa çəkəcək. Əbəs yerə demirlər ki, şairlər qələmlərini öz ürəklərinin yağına batırıb yazırlar. Ürək yağını əridənlərdən biri də şair, publisist, “Yada düşdü” jurnalının təsisçisi və baş redaktoru Nəzakət Məmmədlidir. Elə ürəyinə yük etdiyi qayğılarının nəticəsidir ki, yaxın keçmişdə ağır bir xəstəliklə üz-üzə qaldı. Çox şükür ki, xəstəliyin böyük hissəsinin öhdəsindən gəlsə də, sınağı hələ də davam edir. Onunla söhbətimizə bu cür neqativ nüansla giriş etmək istəməzdik, amma ona bu sınağı bəxş edənin də vardır bir bildiyi deyib söhbətimizə başladıq:

- Keçmiş olsun, Nəzakət xanım! İndi necəsiniz? Bu xəstəlik sizə nəyi öyrətdi, nəyi yadınıza saldı, dünyaya baxışınızda nəyi dəyişdi?

- Mən hər zaman düşünmüşəm ki, həyat sınaqlardan ibarətdir. Qəribədir ki, həyat bizə əvvəl bilmədiklərimizi öyrədər, sonra da bildiklərimizlə sınağa çəkər. Sanki bu xəstəlik həyatı mənimçün bir az mənalı elədi, bir az da şirinləşdirdi. Həyatdan beş əlli yapışmaq istədim. Doğrudan da insan nəyisə itirəndə qədrini bilirmiş. Mən düşünürdüm ki, hələ zaman çox var, filan-filan işləri görəcəyəm. Amma qəfildən sanki mənə dedilər ki, arzularını günü sabah tamamlamalısan. Bu sınağım hələ də bitməyib, əslində. Allahıma çox minnətdaram ki, məni çəkdiyi sınaqlarla belə çox da incitmir, sanki o sınaqlar da mənə asan gəlir. Həyatda itirdiklərimlə qazandıqlarımı düşünəndə, çox şükür ki, qazandıqlarımın daha çox olduğunu görürəm. Hər zaman qürurlandığım bir vəzifəm var, o da analığımdır. Nə yaxşı ki, anayam, nə yaxşı ki, o cür övladlarım var. Övlad elə bir xəzinədir ki, sən ona qoyduğun sərmayənin bəhrəsini sonradan görə bilirsən. Mən belə bir xəzinələr yiyəsiyəm. 

Rudəki deyir ki, həyatın gərdişindən bir şey öyrənməyən kəs heç bir müəllimindən heç nə öyrənə bilməz. Bu xəstəliyimə təəssüflənənlərlə yanaşı, sevinənlərin də olduğunu eşitdim. Sanki bu xəstəlik mənim ətrafıma daha dərindən nəzər yetirməyimə, insanları daha yaxşı tanımağıma vəsilə oldu. Bu əsnada qarşıma yaxşı həkim çıxdı, cərrah çıxdı. Bunları lütf bildim. Özümü çox yaxşı tanıyıram, bilirəm ki, mənim əlimdən, dilimdən heç kim inciməyib. Əlimdən gələn qədər hər kəsə əl tutmağa, anaya ana, bacıya bacı olmağa çalışmışam. Ona görə də hər şeyin yaxşı olacağına inanıram. 

- Həyatda olduğunuz kimi işinizi də insanların dərdinə şərik olmaq, onların ağrılarını duymaq yönündə seçmisiniz...

- 27 ildir “Xatirə kitabı” redaksiyasındayam. Burada s?ravi işçi kimi başlamışam və indi baş redaktor kimi davam edirəm. Haqlısınız ki, işimdə də bu yolu seçmişəm. Hər zaman insanları dinləmək, onların ağrılarını öz içimdən keçirtmək, ananı ana kimi, bacını bacı kimi duymaq işimin də mənə öyrətdikləridir. 

Bacardığım qədər gözəl əməllər, xeyirli işlərə sahib insanları unutmamağa, unutdurmamağa çalışıram. Elə “Yada düşdü” jurnalı da məhz bu hisslərdən doğuldu. Böyük istedad sahibi olan, zamanında çox mühüm işlər görmüş insanları bir daha yada salmaq, onların varlığını gələcək nəsillərə tanıtdırmaq əsas məqsədimiz oldu. Bunun özü də, məncə, “Xatirə kitabı”ndan qaynaqlandı. 

- Özünüz də elə insanlar böyütmüsünüz ki, onlar da unudulmamalıdırlar. Zəfərimizin memarlarındandırlar...

- Dediyim kimi, ana olmağımla hər zaman fəxr etmişəm. Amma analıq elə bir duyğudur ki, onun narahatlığı, qorxusu sevinci ilə bir doğulur. Ömrünün heç bir çağında o sevinci doya-doya yaşamağa qoymur. Bir ana kimi ən böyük narahatlığımı, qorxumu isə Vətən müharibəsində yaşadım. Çünki böyük oğlum peşəkar hərbçi, qızım hərbi həkim, kiçik oğlum da ədliyyə sistemində olan biri kimi üçü də birdən müharibəyə getdilər. Üçü də döyüşlərin ən qızğın yerlərində idilər. Həmin 44 gün mənə 44 il kimi ağır gəldi. Böyük oğlum xüsusən hava qüvvələrindən müdafiədə idi və müharibənin ilk günlərindən onlar hərəkətə keçmişdilər. Narahatlığımı görəndə deyirdi ki, sən elə bilirsən, mən döyüşçü olmasaydım, evdə sənin dizinin dibində oturacaqdım? Yenə indi heç olmasa, peşəkar hərbçi kimi komandir olaraq buradayam. 

Yadıma gəlir ki, noyabrın 9-u gecə güclü yağış yağmağa başladı. Onu görən kimi çıxdım çölə və yağışın altında dayanıb əllərimi açdım, başladım dua eləməyə. Dedim ki, ya Rəbbim, deyirlər, yağış yağanda sənin dərgahın açıq olur, bu yağışda bir ana kimi əl açıram sənə. Bitsin artıq bu qan-qada, daha balalar nakam getməsin həyatdan, analar gözü yaşlı qalmasın. Bütün balaları qoru, içində də mənim balalarım. Elə bunu demişdim ki, bir də gördüm yoldaşım pəncərəni döyüb çağırdı ki, “Xəbərlər”də verdilər, bitdi... (ağlayır). 

- Bəlkə də elə o günlərin narahatlıqlarının, qorxularının nəticəsi idi bu xəstəlik...

- Əlbəttə, yaşadığımız heç nə həyatımıza, sağlamlığımıza təsirsiz ötüşmür. Yığılıb qalanlar idi, bu gün özünü belə göstərdi. Yenə də şükür edirəm. Oğlum müharibədən sonra medallarla, “Rəşadət” ordeni ilə təltif edildi, qızım “müharibə veteranı” adını aldı. Onların sevincini görəndə mən də sevinirəm, qürur duyuram. 

- Xəstəlik zamanında şair qəlbinizin vərəqlərə pıçıldadığı oldumu?

- Oldu... Bir şeir yazmışdım:

Haçansa dünyada mən olmayanda

Məndən sonra qalan gerçək olacaq.

Ruhum geyinəcək buluddan köynək,

Hamıdan, hamıdan göyçək olacaq. 

Artıq özümü buna hazırlayırdım. Amma çox şükür, deyəsən, o günlər hələ uzaqdadır. 

- Allah sizə uzun ömürlər versin! İstərdim, bir az da işinizdən danışaq. “Xatirə kitabı” redaksiyası 44 günlük Vətən müharibəmizlə bağlı çox böyük iş gördü, iki cildlik kitab çap etdirdi. Amma deyəsən, silsilənin davamı gəlir?

- Bəli, üçüncü cildimiz artıq hazırdır, mətbəədədir. İndi dördüncü cild üzərində işləyirik. Bilirsiniz ki, müharibədən sonra sentyabr döyüşləri, anti-terror əməliyyatları və digər hadisələr oldu ki, biz hər birində şəhidlər verdik. Bu cilddə həmin şəhidlər haqqında məlumatlar toplanacaq. Həmişə deyirəm ki, ən böyük qələbə onda olacaq ki, bu redaksiyada sonuncu şəhidin adı yazılsın. Kaş ki, bundan sonra şəhid verməyək, heç bir ailəyə şəhid xəbəri getməsin. Bir ana kimi ən böyük arzum budur. 

Bildiyiniz kimi, “Xatirə kitabı” 1993-cü ildə bilavasitə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və yaxından dəstəyi ilə yaradılıb. Sonradan 1997-ci ildə Ulu Öndər bir də sərəncam verdi ki, bu kitab fəaliyyətə başlasın. Onda iki cild çap olundu. 2001-ci ildə isə 16 cildi işıq üzü gördü. Bu kitablarda Birinci Qarabağ müharibəsi şəhidləri, hətta ondan da öncəyə gedəndə Böyük Vətən müharibəsi qurbanları haqqında məlumatlar çap olunub. 

2017-ci ildə Milli Təhlükəsizlik Xidmətindən bizə təklif gəldi ki, əsir və itkin düşənlər haqqında kitab çıxsın. Dörd cildliyin hamısı bizə tapşırıldı, arxivlər də verildi. Bu kitabları işləmək, öldüsü, qaldısı məlum olmayan insanların qaranlıq talelərini qələmə almaq çox dəhşətli bir hiss idi. Beləcə dörd cilddə, iki dildə kitab ərsəyə gəldi. Biz bu kitabları ölkə daxilində və xaricində bütün kitabxanalara, rəsmi qurumlara göndərdik. 

Son 4 ildə “Bakı xəbər” qəzeti ilə yeni bir layihəyə imza atdıq. Hər şəhid haqqında bir kitab nəşr olunurdu. Artıq 15-ə qədər kitab çap olunub və ənənə davam etməkdədir. Bu kitabda şəhidlərin valideynləri, dostları, müəllimləri onlarla bağlı xatirələrini bölüşüblər. Kitabı çap etməkdə məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirməkdir.

Sonra “Vətən daşı... 44 günün Zəfəri” adlı televiziya layihəsi yaratdıq. Bu layihədə şəhidlərimizin keçdiyi qısa və şərəfli yolu işıqlandırmağa çalışırıq. Artıq 8-dən çox film çəkilib. Bakı başda olmaqla, bütün bölgələrimizdə bu kitablarımızın, filmlərimizin təqdimatını keçiririk. Çalışırıq ki, bu kitablar bölgələrdə yaşayan şəhidlərimizin də ailələrinə, valideynlərinə çatsın. Ona görə də onların ayaqlarına qədər getməyi özümüzə borc bilirik. Bəzən olub ki, görmüşəm şəhidlərdən birinin anası yoxdur tədbirdə, soruşmuşam ki, niyə gəlməyib? Deyiblər xəstədir. Tədbir bitən kimi biz onların evinə gedib, ananı evində ziyarət etmişik, kitabı çatdırmışıq. Bir dəfə Ağcabədidə bir şəhid anası tədbirə gələ bilməmişdi. Soruşanda dedilər ki, şəhidin atasının bu gün üç mərasimidir. Tədbir bitər-bitməz gedib yas mərasimində iştirak etdik, başsağlığı verdik. Hərdən deyirəm, bu işdə tələsmək lazımdır ki, valideynlər bu kitabları görsünlər. Bu, onlar üçün ən böyük təsəllidir. 

Hətta bir dəfə bir şəhid anası mənə dedi ki, siz mənim oğlumu məndən çox sevirsiniz. Düzü, təəccübləndim, qəribə gəldi mənə. O isə dedi ki, “mən oğlumu öz qəlbimdə sevirəm və öləndən sonra bu məhəbbəti özümlə aparacam. Amma sizin yazdığınız bu kitab qalacaq. Sən mənim balamı məndən çox yaşadacaqsan”. Bir şəhid anasının ürəyindən gələn bu sözləri bu günə qədər unuda bilmirəm. Düşündüm ki, biz doğrudan da böyük xalqıq. 

- Heç kimə sirr deyil ki, bütün bunlarla yanaşı, Nəzakət Məmmədli deyəndə ilk xatırlananlardan biri “Yada düşdü” jurnalı olur. Jurnalda işlər necə gedir?

- “Yada düşdü” jurnalı mənə övlad qədər əzizdir, doğmadır. Hətta evdə belə mənə deyirlər ki, indi jurnala tələbat yoxdur, maraq azdır. Enerjimi ona sərf etməməyimi istəyirlər. Amma mən o jurnalı çox sevirəm. Nahid müəllimlə birlikdə ilk dəfə jurnalın birinci nüsxəsini götürüb Yazıçılar Birliyinə getdik, Anar müəllimə təqdim etdik. Onda mərhum Fikrət Qoca dedi ki, əşi, belələri çox gəlib, bir-iki nüsxədən sonra dayandırıb çapı. Amma davam eləsə, bu, səni ədəbiyyat tarixində saxlayacaq. Onun sözlərinin necə həqiqət olduğunu mən indi görürəm. Onun bəhrəsini indi görürəm. Bu jurnal məni tanıdır, sanki adımın yanında bir ad olub. Gələn il 15 illik yubileyimiz olacaq. Çox şükür ki, jurnal ictimaiyyət tərəfindən çox yaxşı qarşılanıb. Hətta buna “ziyalı jurnalı” da deyirlər. Çünki jurnalın əsas missiyası Azərbaycan tarixində azacıq da olsa, rolu olan insanları bir daha tanıtmaq, təbliğ etməkdir. İşlərimiz də öz axarında davam edir. 

- Yaradıcılığınızda hansı yeniliklər var?

- İki ildir ki, iki kitabım tam hazır vəziyyətdədir. Biri şeirlər kitabımdır, biri də mənim haqqımda yazılanlar və mən yazdıqlarımdır. Bir də əsas işim olan “Xatirə kitabı” davam edir. Dediyim kimi, Vətən müharibəmizə həsr olunmuş kitabın 4-cü cildi hazırlanır. Eyni zamanda, milli qəhrəmanlarımıza həsr olunmuş ayrıca kitab hazırlayacağıq. Birinci dəfə 2009-cu ildə bu kitab çap olunub. Amma qələbədən sonra onun yenilənməsinə ehtiyac var. Ona görə də ikinci dəfə çap edəcəyik. Həmçinin, Böyük Vətən müharibəsinin 80 illik yubileyinə həsr olunmuş bir kitab olacaq. Burada həmin müharibədə iştirak edən Qərbi Azərbaycandan olan həmvətənlərimiz haqqında məlumatları toplayacağıq. Bu siyahını tapmaq çox çətindir. Biz dəfələrlə bununla bağlı Moskvaya müraciət etdik, amma onlar bizə dəqiq siyahını vermədilər. Biz də indi buradakı insanların xatirələrindən, yaddaşından çıxış edərək toplamağa çalışırıq. Bu işdə Qərbi Azərbaycan icmasının sədri, millət vəkili Əziz Ələkbərli də kömək edir. İşlərimiz çoxdur, İnşallah. 

Şahanə MÜŞFİQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
11
yeniazerbaycan.com

10Mənbələr